Ümumdünya Antidopinq Agentliyinin (WADA) 2026-cı il üçün qadağan edilmiş maddələr və üsullar siyahısı yanvarın 1-dən qüvvəyə minir.
Medianews.az AZƏRTAC-a istinadla bildirir ki, Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) icraçı direktoru Təhminə Tağızadə bununla bağlı ölkəmizin idman adamlarına çağırış edib.
O deyib ki, 2026-cı il üçün qadağan edilmiş maddələr və üsullar siyahısını WADA bu ilin oktyabr ayında təsdiqləyərək, ictimaiyyətə təqdim edib: “Siyahı Azərbaycan Milli Antidopinq Agentliyi tərəfindən Azərbaycan dilinə tərcümə olunub. Şəffaflıq və əlçatanlığın təmin edilməsi məqsədilə sənəd AMADA-nın rəsmi internet saytında yerləşdirilib, eyni zamanda ölkə üzrə idman federasiyalarına və aidiyyəti idman qurumlarına rəsmi qaydada göndərilib.
2026-cı il üçün qadağan edilmiş siyahının əsas məqsədi idmanda ədalət, dürüstlük və sağlam rəqabət prinsiplərinin qorunmasıdır. AMADA idmançıları, məşqçiləri, həkimləri və bütün idman ictimaiyyətini yenilənmiş siyahı ilə vaxtında tanış olmağa, mümkün risklərin qarşısını almaq üçün məsuliyyətli davranmağa çağırır. Qaydaların düzgün tətbiqi və məlumatlılığın artırılması təmiz idmanın davamlı inkişafının əsas şərti kimi qiymətləndirilir”.