ABŞ Prezidenti Donald Trampın Florida ştatında Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşdüyü axşam Kreml bəyan edib ki, Kiyev Rusiya Prezidenti Vladimir Putinin iqamətgahını pilotsuz uçuş aparatları ilə hədəf alıb.
Sabahısı gün Tramp bildirib ki, hücum barədə məlumatı birbaşa Putindən alıb və bu xəbər onu qəzəbləndirib: “Bunu Prezident Putindən eşitdim və çox əsəbiləşdim. İndi olduqca həssas dövrdür. Hücum etmək bir şeydir, kiminsə iqamətgahını, evini vurmaq tamam başqa məsələdir”.
Zelenski dərhal Kremlin iddiasını qəti şəkildə rədd edib və “Putinin iqamətgahına zərbə” xəbərlərinin tam uydurma olduğunu söyləyib.
Kremlin açıqlamasına görə, guya Putinin iqamətgahına doğru buraxılan 91 pilotsuz uçuş aparatı Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib. Moskva hücum nəticəsində nə maddi zərər, nə də insan itkisi olduğunu bildirir. Bununla belə, Rusiya Ukraynaya qarşı cavab zərbələri hazırladığını elan edib. Üstəlik, Rusiyanın Xarici İşlər Nazirliyi teleqram kanalında yayımladığı açıqlamada iddia edilən hücum səbəbindən “Moskvanın danışıqlarla bağlı mövqeyinə yenidən baxacağını” bildirib.
Medianews.az xəbər verir ki, məsələ ilə bağlı ABŞ-ın “Uoll Strit Jurnal” (“Wall Street Journal”) qəzetində redaksiya məqaləsi dərc olunub.
Məqalədə deyilir ki, Putinin iqamətgahına dron hücumu barədə iddialar ciddi suallar doğurur. Qəzet Müharibə Araşdırmaları İnstitutunun (ISW) eksperti Qreys Meppsə istinadla vurğulayır ki, Ukrayna Rusiya ərazisinin dərinliklərinə real zərbə endirdikdə adətən bunun izləri dərhal üzə çıxır: yerli sakinlərin və rəsmilərin məlumatları, dron qalıqları, hava hücumundan müdafiə sistemlərinin işlədiyini göstərən görüntülər, yanğınlar, partlayışlar, tüstü-duman...
Məqalədə Putinin iqamətgahının hədəf alındığı iddia edilən hücumla bağlı bu cür sübutların heç birinin ortada olmadığına diqqət çəkilir. Daha sonra bildirilir ki, dövlət başçılarının hədəf alınması məsələsinə gəlincə, Rusiya bu sahədə Ukraynaya qarşı dəfələrlə cəhdlər göstərib: “Müharibə dövründə Moskva Volodimir Zelenskini bir neçə dəfə fiziki cəhətdən aradan götürməyə çalışıb, hətta NATO üzvü olan ölkələrinin ərazisində də sui-qəsd planları ifşa olunub. 2025-ci ilin sentyabr ayında isə Rusiyanın qanadlı raketi Kiyevdə Ukrayna Nazirlər Kabinetinin yerləşdiyi binaya düşüb.
Bütün bunlara baxmayaraq, Zelenski müharibənin dayandırılması üçün danışıqlar aparmaqda davam edir. Putin isə bildirir ki, Ukrayna və onun tərəfdaşları Rusiyanın bütün tələblərini qəbul etməyincə döyüşü dayandırmaq niyyətində deyil”.
“Uoll Strit Jurnal” qəzetinin redaksiya məqaləsində Putinin iqamətgahına hücum iddiasının sülh danışıqlarını pozmağa, Trampla Zelenski arasında yaranmış müsbət ovqatı korlamağa hesablandığı və həqiqəti əks etdirmədiyi qənaəti ifadə olunur.