Medianews.az
Bir əsrdən çoxdur onun qeyd dəftərləri hələ də radiasiya yayır
141 baxış

Bir əsrdən çoxdur onun qeyd dəftərləri hələ də radiasiya yayır

Fransız alimi Mari Kürinin elmi tədqiqatlarını yazdığı qeyd dəftərləri bir əsrdən artıq vaxt keçməsinə baxmayaraq, hələ də radioaktiv təhlükə yaradır. Mütəxəssislərin bildirdiyinə görə, dəftərlərin səhifələri, əsasən radium-226 ilə çirkləndiyindən onlarla yalnız xüsusi mühafizə tədbirləri altında işləmək mümkündür.

Qeydlərin orijinal nüsxələri Fransanın Milli Kitabxanasında qurğuşunla örtülmüş xüsusi qutularda saxlanılır. Tədqiqatçılar bu materiallarla tanış olmaq üçün əvvəlcədən risklər barədə xüsusi sənəd imzalamalı və xüsusi qoruyucu geyimdən istifadə etməlidirlər.

Alimlərin izahına görə, radioaktivliyin səbəbi radium-226 izotopunun təxminən 1600 il yarımparçalanma müddətinə malik olmasıdır. Bu isə o deməkdir ki, 100 ildən artıq müddət keçsə də, maddənin yalnız çox kiçik hissəsi parçalanıb və radioaktivlik səviyyəsində nəzərəçarpacaq azalma baş verməyib. Bundan əlavə, radiumun parçalanması nəticəsində radon qazı da daxil olmaqla digər radioaktiv məhsullar əmələ gəlir ki, bu da çirklənmənin davam etməsinə səbəb olur.

Mütəxəssislərin hesablamalarına əsasən, Mari Kürinin qeyd dəftərləri təxminən 3500-cü ilə qədər xüsusi qoruyucu vasitələr olmadan istifadə üçün təhlükəli olaraq qalacaq.

Mariya Küri 1898-ci ildə həyat yoldaşı Pyer Küri ilə birlikdə apardığı tədqiqatlar nəticəsində iki yeni kimyəvi element – polonium və radiumu kəşf edib. Onlar bu kəşfləri ilə elmə radioaktivlik terminini gətirib. Həmin dövrdə ionlaşdırıcı şüalanmanın insan sağlamlığına təsirləri barədə kifayət qədər məlumat olmadığından alim radioaktiv maddələrlə gündəlik olaraq birbaşa işləyirdi.

Məlumata görə, radioaktiv çirklənmə yalnız onun qeyd dəftərlərində deyil, laboratoriyasındakı mebellərdə, şəxsi əşyalarında və geyimlərində də qeydə alınmışdı. Parisdə yerləşən laboratoriyanın tam radioaktiv təmizlənməsi isə yalnız 1991-ci ildə başa çatdırılıb.

Qeyd edək ki, Mari Küri 1934-cü ildə uzun illər ionlaşdırıcı şüalanmaya məruz qalması nəticəsində yarandığı hesab edilən qan xəstəliyindən vəfat edib./AZƏRTAC

Bizə qoşulun