Bayraq yandırmaq acizlik, çarəsizlik, məğlubedilmişlik əlamətidir. Haradan baxsaq, belədir. Başqa izahatı yoxdur.
Baxaq, görək, bunu ən çox kimlər edir? Düşməninə gücü çatmayanlar, ondan ard-arda güclü zərbə yeyənlər.
Düşmənin bayrağını yandırmaq onların ən böyük qisas aksiyası, eyni zamanda yeganə təsəllisidir. Əllərindən başqa təsirli cavab aktı gəlmir.
Qalib ölkələr məğlub etdikləri ölkələrin bayrağını yandırmırlar, endirib bir kənara atırlar, məsələ bitir.
Şükür ki, 1994-cü ili mayında Bişkekdə atəşkəs sazişi imzalandığı zamandan başlayaraq məğlub durumda qaldığımız 28 ildə biz bayraq yandırmaq kimi aksiyalara aludə olmadıq. Belə hallar olsa da, epizodik oldu.
Ancaq ermənilər 2020-ci ildə düçar olduqları məğlubiyyətdən sonra dəfələrlə dövlət bayrağımıza qarşı təhqiramiz hərəkətlərə yol veriblər, verirlər.
Biz anlayırıq ki, onlar bunu çarəsiz olduqları, özlərini əzilmiş hiss edikləri üçün edirlər. Bayrağımızın yandırılması və ya ayaq altına atılması hiddətimizə səbəb olsa da, düşmənin uzun illərdən sonra özünü bu cür aciz sayması məmnunluq yaradır.
Dünən ermənilər öz köhnə şakərlərinə sədaqət göstərərək yenidən Türkiyənin bayrağını yandırıblar.
Bunu Türkiyənin və Azərbaycanın 130 illik düşməni “Daşnaksütyun” partiyası edib.
O, proqramı, məramı, indiyə qədərki fəaliyyəti ilə qatı nasist partiyadır və düzələn deyil. Belə partiyanın analoqları Avropa ölkələrində qadağan olunub və olunur.
“Daşnaksütyun” Ermənistanda da qaramat partiya hesab olunur və hakimiyyətə gəlməyə kifayət edəcək qədər elektorata malik deyil. Amma daşnakların öz ənənəvi sosial bazası var. Nə də olmasa, siyasi qüvvədir və ölkədə xaos yaranarsa, ortaya çıxa bilər.
“Daşnaksütyun” tünd sirkədir, bundan sonra öz qabını çatlada bilər.
İndi bu partiya Ermənistanın indiki rəhbərliyinin Azərbaycan və Türkiyə ilə yaxınlaşma prosesi başlatdığı, sülhə, barışığıa doğru müəyyən məsafə qət etdiyi bir zamanda ortalığı qarışdırır.
Türkiyənin, 5, 10, lap 100 bayrağının yandırılması ilə Türkiyəyə heç nə olası deyil. Bu, qayadan toz aparacaq yelə bənzəyir.
Əvəzində Türkiyədə, eləcə də Azərbaycanda görürlər ki, bu tip islaholunmaz, “əbədi düşmənçilik” xətti yeridən qüvvələr qaldıqca, qalıcı, etibarlı sülhə ümid etməyə dəyməz.
İndiki durum məhz Ermənistan üçün əlverişsizdir. Dörd qonşusunun ikisi ilə düşmən, biri (İran) ilə dostdur, o biri ilə isə sadəcə qonşudur.
Hazırkı Ermənistan hakimiyyəti dünyaya açılmaq, qonşularla fəal ticarətə başlayaraq iqtisadi mənfəət əldə etmək, ölkə əhalisinin güzəranını yaxşılaşdırmaq niyyətini gizlətmir, ona görə də Türkiyəyə qarşı yol verilmiş bədnam hərəkəti qınayıb.
Daşnaklar 111 il əvvəlki faciəvi hadisələrə görə insanları illərlə qızışdıraraq, öz faciələrini ilahiləşdiriblər və artıq istəsələr də geri dura bilmirlər.
1-ci dünya müharibəsində ən çox ziyan görən, itki verən, dörd bir tərəfdən işğala məruz qalan ölkə məhz Türkiyə olub. Müharibəyə qatılan bütün xalqlar, o cümlədən ermənilər də zərər çəkiblər.
Hətta 1918-20-ci illərdə zərərçəkənlərin sırasında biz də olmuşuq və bizə əsas zərər vuran elə ermənilər olub.
Bütün ölkələr, xalqlar 1-ci dünya müharibəsinin faciələrini, ağrı-acılarını yalnız kitablardan oxuyur, təəssüflənir, bir az da hüznlənirlər. Ermənilər isə hər il şəbeh çıxarır, o dövrün acıların yenidən yaşayır, trans hala girirlər. Sanki 106-111 il öncəki müharibədə bunlardan çox qırılan olmayıb.
Əslində isə “erməni genosidi” söhbəti II dünya müharibəsindən sonra sırf sovet dövlətinin Türkiyəyə qarşı ərazi iddiaları üzündən aktuallaşdırılıb və total təbliğat nəticəsində xalqın şüuruna yeridilib.
Alman naiszminə qalib gəldikdən sonra adı qulağına dəymiş Stalinin Türkiyəyə qarşı dəhşətli planları olub – Bosfor boğazını ələ keçirməkdən tutmuş ölkənin şimal-şərq bölgəsini (ermənilərin “tarixi vətən” adlandırdıqları bölgələr) işğal etməyə qədər.
Türkiyə NATO-ya üzv olmaqla canını qurtarıb. Sonra Stalin ölüb, bu istiqamətdə işlər yarımçıq qalıb. Amma Moskvanın Türkiyəyə qarşı təbliğatı ta SSRİ dağılana qədər davam edirdi və ermənilər bu təbliğat işlərinin avanqard qüvvəsi idi. Onlar “erməni genosidi” məsələsini ona görə diri saxlayırdılar ki, nə zamansa rusların əliylə Türkiyədən ərazi qoparacaqlarına ümid edirdilər.
Başları daşdan-daşa dəysə də, erməni cəmiyyətinin bir hissəsi hələ də illüziyalarla yaşayır, reallıqlarla barışa bilmir, nə vaxtsa olub-olmadığı bilinməyən “Böyük Ermənistan” utopiyasından ayılmırlar.
Onların əsas faciəsi 1915-ci ildə Türkiyənin şimalından cənubuna köçürülmələri deyil, məhz budur.
Xalid KAZIMLI