Medianews.az
“Azərbaycanın hər şeyini bütün ruhumla duyuram”
77 baxış

“Azərbaycanın hər şeyini bütün ruhumla duyuram”

"Azərbaycanda olduğum üçün çox xoşbəxtəm. Yenidən ata-baba torpağıma qayıtmışam. Mən bunu hər yerdə deyirəm, bura gələndə özümü xarici ölkədə deyil, sanki öz vətənimdə hiss edirəm. İnsanların səmimiyyətini, havasını, ləziz mətbəxini – hər şeyi bütün ruhumla duyuram".

Medianews.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a müsahibəsində Türkiyə Dövlət Teatrlarının baş direktoru, azərbaycanəsilli məşhur aktyor Tamer Qaradağlı deyib. O, Bakıda keçirilən görüşlər çərçivəsində teatr sahəsində mühüm irəliləyişlərin əldə olunduğunu bildirib.

T.Qaradağlı Türk dünyasının mədəniyyət sahəsində birgə fəaliyyətinin əhəmiyyətini vurğulayaraq qeyd edib ki, aparılan müzakirələr tezliklə real nəticələr verəcək:

“İnanıram ki, bu fikir mübadilələri yaxın zamanda konkret layihələrə çevriləcək. Artıq ciddi addımlar atılır. Rejissor mübadiləsi, ortaq tamaşaların hazırlanması kimi kiçik addımlarla başlayırıq, lakin bu yol bizi qısa zamanda böyük layihələrə aparacaq”.

Azərbaycan teatr sənətinin köklü ənənələrə malik olduğunu deyən baş direktor yerli kadrların potensialını yüksək qiymətləndirib:

“Sizin çox istedadlı dramaturqlarınız, rejissor və aktyorlarınız var. Məsələn, Cahangir Novruzov artıq 30 ildir Adanadadır və biz onunla daim ünsiyyətdəyik. Buradakı bu dəyərli sənət xəzinəsindən düzgün yararlanmaq vacibdir. Bizim də Azərbaycandan öyrənəcəyimiz, qazanacağımız çox şey var”.

T.Qaradağlı sonda qarşılıqlı əməkdaşlığın hər iki ölkənin mədəniyyət sahəsinə böyük töhfə verəcəyinə əminliyini ifadə edib.

Bizə qoşulun