Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi yaradılır.
Medianews.az President.az-a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Fərmanda əksini tapıb.
Fərmanla "Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi haqqında Əsasnamə" təsdiq edilir.
Müəyyən edilir ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və dövlət adından yaradılan publik hüquqi şəxslərin illik və ortamüddətli dövr üzrə büdcə layihələrinin və proqnozlarının monitorinqini, habelə illik gəlir və xərc smetalarının icra vəziyyətinin monitorinqini həyata keçirən və icra göstəricilərini təhlil edən, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin strukturuna daxil olan qurumdur.