Medianews.az
Azərbaycanda siyasi partiyaların büdcədən alacağı
101 baxış

Azərbaycanda siyasi partiyaların büdcədən alacağı

2026-cı ilin dövlət büdcəsində siyasi partiyaların payı 6 milyon manatdır.

Medianews.az bildirir ki, “Siyasi partiyalar haqqında” qanuna görə, bu vəsaitin 40 faizi (2,4 milyon manatı) parlamentdə təmsil olunan qurumlar arasında bərabər paylanmalıdır.

Parlamentdə 11 siyasi partiyanın təmsil olunduğunu nəzərə alsaq, hər quruma azı 218 min manat düşür.

Maliyyə yardımının 50 faizi (3 milyon manatı) parlamentin say tərkibinə bölünməli, alınan məbləğ partiyaların deputatlarının sayına vurulmaqla paylanmalıdır.

125 yerlik parlamentdə Yeni Azərbaycan Partiyasının 67, Vətəndaş Həmrəyliyi Partiyasının 3, Ədalət, Hüquq, Demokratiya Partiyası, Ana Vətən Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Böyük Azərbaycan Partiyası, Böyük Quruluş Partiyası, Demokratik İslahatlar Partiyası, Milli Cəbhə Partiyası, Respublikaçı Alternativ Partiyasının 1 mandatı var.

Beləliklə, Yeni Azərbaycan Partiyasına 1,6 milyon manat, Vətəndaş Həmrəyliyi Partiyasına 72 min manat, qalan partiyaların hər birinə 24 min manat çatır.

Büdcə vəsaitinin 5 faizi (300 min manatı) təkrar və əlavə seçkilər nəticəsində, həmçinin parlament üzvlərinin partiya mənsubiyyətinin yaranması (dəyişməsi) ilə əlaqədar təmsil olunan yeni siyasi partiyalara düşür. Həmin 5 faizin 2,5 faizi (150 min manatı) namizədləri son seçkidə etibarlı səslər qazanmış, lakin parlamentdə təmsil olunmayan siyasi partiyalar arasında bərabər, 2,5 faizi (150 min manatı) qazanılmış səslərin sayına uyğun bölünür.

2024-cü il sentyabrın 1-də seçilmiş indiki Milli Məclisin 124 deputatı var. Partiyasız şəxslər 45 mandatla təmsil olunur.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun