Medianews.az
Azərbaycanda Roblox və PUBG oyunları
63 baxış

Azərbaycanda Roblox və PUBG oyunları qadağan edilə bilər

Bu gün Bakıda məktəbdə yeniyetmələrin davranışlarında müşahidə olunan aqressiya halı cəmiyyətdə ciddi narahatlıq doğurur.

BAKU.WS-in məlumatına görə, bu kontekstdə xüsusilə uşaqlar arasında populyar olan "Roblox" və "PUBG" kimi onlayn oyunların təsiri yenidən müzakirə mövzusuna çevrilib.

Bu oyunlarda yer alan zorakılıq səhnələri, aqressiv davranış modelləri və nəzarətsiz ünsiyyət imkanları şagirdlərin psixoloji durumuna mənfi təsir göstərir. Bəzi hallarda bu cür oyunların uşaqlarda asılılıq yaratdığı, dərsə marağın azalmasına və real sosial münasibətlərdən uzaqlaşmaya səbəb olur.

Məhz bu səbəbdən Azərbaycanda "Roblox" və "PUBG" oyunlarının qadağan olunmasının mümkün olub-olmaması, eləcə də bu oyunların şagirdlər üçün hansı təhlükəli tərəflərinin mövcudluğu geniş ictimai müzakirələrə yol açıb.

Medianews.az məlumatına görə, bu barədə Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının sədri Elvin Abbasov BAKU.WS-ə bildirib ki, ölkədə "Roblox" və "PUBG" kimi platformaların qadağan edilməsi ehtimalı, "Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanunvericilik çərçivəsində tənzimlənən aktual bir məsələdir:

"Türkiyə və Hindistan kimi ölkələrin təcrübəsi göstərir ki, bu platformalarda uşaqların təhlükəsizliyini təmin edən nəzarət mexanizmləri yetərsiz olduqda dövlətlər kəskin məhdudlaşdırıcı addımlar ata bilərlər. Azərbaycanda da bu oyunların tərkibindəki nəzarətsiz söhbət otaqları, pedofiliya riskləri və yaşa uyğun olmayan "istifadəçi tərəfindən yaradılan məzmunlar" mütəmadi olaraq rəsmi qurumların diqqət mərkəzindədir, lakin hazırda tam qadağadan çox, valideyn nəzarəti və rəqəmsal savadlılığın artırılmasına üstünlük verilir.

Şagirdlər üçün bu oyunların təhlükəli tərəfləri həm psixoloji asılılıq, həm də sosial təhlükəsizlik boşluqları ilə bağlıdır. "PUBG" kimi rəqabətli oyunlar şagirdlərdə süni aqressiya və dopamin asılılığı yaradaraq onların akademik performansına və yuxu rejiminə ciddi zərbə vurur.

Roblox-da isə əsas risk uşaqların tanımadıqları yetkin şəxslərlə birbaşa ünsiyyətə girməsi və virtual fırıldaqçıların tələsinə düşmək ehtimalıdır. Bu təsirlər şagirdlərin sosial izolyasiyasına və real həyatdakı ünsiyyət bacarıqlarının zəifləməsinə səbəb olduğu üçün mütəxəssislər "ekran vaxtı"nın ciddi şəkildə limitlənməsini və oyunların mütləq valideyn nəzarəti altında oynanılmasını tövsiyə edirlər".

Bizə qoşulun