“Hürriyyət” qəzeti fəaliyyətini dayandırıb. Bunu Medianews.az-a qəzetin əməkdaşı Kamran Nəsirli deyib.
1990-cı illərin əvvəllərindən işıq üzü görən “Hürriyyət” qəzeti son zamanlar həftədə bir dəfə nəşr olunur, çərşənbə axşamı günü köşklərə çıxırdı.
Qəzetin onlayn versiyası – Hurriyyet.az saytı isə sutka ərzində yenilənirdi. Hazırda Hurriyyet.az saytına giriş mümkün deyil, lakin onlayn versiya digər ünvanda (Hurriyyet.org/az) fəaliyyətini davam etdirir.

“Hürriyyət” qəzetinin, qəzetin onlayn versiyasının, həmçinin “Hurriyyet TV”nin baş redaktoru Vüqar Məmmədov (Tofiqoğlu) 2025-ci il oktyabrın 29-dan həbsdədir. O, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyatla tutulub, oktyabrın 31-də Baş Prokurorluğun təqdimatı, Səbail Rayon Məhkəməsinin qərarı ilə V.Məmmədov barəsində 3 ay 13 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
V.Məmədov Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi ilə (xeyli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələb etmə) təqsirləndirilir. Onun həbsi hakimiyyəti zorla ələ keçirmə cəhdində, dövlətə xəyanətdə və cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırmada (Cinayət Məcəlləsinin 278.1, 274 və 193-1.3.2-ci maddələri) təqsirləndirilən, 2025-ci il oktyabrın 14-dən ev dustaqlığında olan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev barəsində başladılmış cinayət işinin istintaqı çərçivəsində həyata keçirilib.