Medianews.az
Azərbaycana hücumlar: xaricdən güclü dəstək müşahidə olunur -
943 baxış

Azərbaycana hücumlar: xaricdən güclü dəstək müşahidə olunur - AÇIQLAMA

“Son vaxtlar Azərbaycana qarşı kiberhücumlar intensivləşib. Xüsusilə bu həftə dövlət portalları və internet xidmətləri DDoS hücumları ilə hədəfə alınıb. Ölkəyə internet trafiki təqdim edən əsas “backbone” operatorlardan biri olan Delta Telekom genişmiqyaslı DDoS hücumuna məruz qalıb”. Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının sədri Elvin Abbasov Medianews.az-a açıqlamasında belə deyib.

E.Abbasov xatırladıb ki, Delta Telekom-a hücum nəticəsində avqustun 21-də bəzi operator və provayderlərin xidmətlərində müvəqqəti ləngimələr yaranıb, amma alternativ “backbone” şəbəkələrinə yönləndirmə ilə internetin davamlılığı qısa müddətdə təmin olunub.

Qeyd edək ki, eyni gündə “Azərbaycan Dəmir Yolları” QSC-nin veb-saytına, eləcə də “ADY Mobile” mobil tətbiqinə kiberhücum həyata keçirilib. Nəticədə həmin platformalar üzərindən bəzi əməliyyatlar, o cümlədən bilet satışında texniki çətinliklər qeydə alınıb. Kiberhücumun qarşısının alınması üçün təcili tədbirlər görülüb, ADY-nin sayt və mobil tətbiqinin, ümumulikdə bütün rəqəmsal resurslarının normal fəaliyyəti təmin edilib.

E.Abbasov hesab edir ki, bu hücumlar eyni mənbədən qaynaqlanmır: “Biri dövlət infrastrukturlarına qarşı kütləvi DDoS hücumu, digəri isə strateji obyektə fokuslanmış hədəfli hücumdur. Hər iki haker qrupunun xaricdən güclü maliyyə dəstəyi aldığı və koordinasiya müşahidə olunur. Belə hücumlar göstərir ki, Azərbaycanın internet infrastrukturu daha çevik və dayanıqlı olmalıdır. Kibertəhlükəsizlik üzrə milli koordinasiya hər zamankından vacibdir. Bu, yalnız texniki deyil, həm də strateji məsələdir”.

Nailə Qasımova,
Medianews.az

Bizə qoşulun