Medianews.az
Kütləvi tənhalıq virusu
401 baxış

Kütləvi tənhalıq virusu

Mağara dövründə insanın yaşamaq üçün çox səbəbləri vardı. O, kəşf etmək sevdası ilə aşıb-daşır, nəyisə tapanda da sevincindən yerində dura bilmirdi.

“Bu gün yuxudan oyanacam və bilmədiyim bir şeyi tapıb ortaya çıxardacam, sonra həmin tapıntımı başqaları ilə də bölüşəcəyəm”.

İndi isə insanın kəşf edib tapmağa heç nəyi qalmayıb. O, istədiyi hər şeyi ala bilər. Çünki istədiyini əldə etmək üçün ona saysız-hesabsız fürsətlər qapısı açılıb. Öz gücünə olmasa da, kreditlə arzuladığı hər cür “əlçatmaz məhsulu” iki dəqiqənin içində almağa qadirdir. Kredit insan arzularının limanıdır. O, qəddar ifadə ilə gülümsəyərək hər kəsi öz “arzusuna qovuşdurur”.

Əvvəllər nəyisə əldə etmək üçün əlləşib vuruşurdun. Onda nəyisə əldə etməyin ləzzəti, arzunun rəngləri vardı. İndi arzunun bircə çıxış yolu var – kredit. Heç kim borc üçün qapı döymür. Əslində, borc üçün döyüləcək qapı da yoxdur. Çünki artıq insan özünə yadlaşıb. Özü ilə üzləşməkdən çəkinir, ürkür, cəsarətini itirib. Hər keçən gün inkişaf edən texnologiya insanlar arasında məsafəni qısaltdı. Amma insanlar arasında uzaqlıq heç bu qədər dərin, heç bu qədər soyuq olmamışdı. Toxunmadan yaxınlaşır, danışmadan anlayır, sevmədən sahiblənirik. Modern çağ insanı “azad” etdi, amma o “azad”lığın içində insan özünü itirdi. Bu gün sevgi rəflərdə tozlanan kitablara bənzəyir. Münasibətlər ip üstündədir, hər an yıxıla bilər. Eqolar baş qaldırır. Heç kim başqasının dərdinə yanmır. Heç kim yanındakına qulaq asmır, eləcə yalandan başını yelləyir. Sevgi yoxa çıxıb. Sevgini unudublar. Ya da unutdurublar. Bir vaxtlar sevgi gözündə olan hər şey indi özgələşib, yadlaşıb. Sevgi nə idi? Qarşılıqsız, təmənnasız bir hisslə bir insanı olduğu kimi qəbul etmək. Lakin biz bunu, demək olar, unutduq. Bəlkə də, bu hissi bizim içimizdən söküb çıxartdılar.

Bu günün insanı tənha olduğunu bilmir. Yanında ağıllı telefonu var və bu ona bəs edir. O, telefonla hər işini görür. Elə həmin telefon da onun hisslərini çox-çox dərinlərdə basdırıb. Hisslərin yerinə, hər gün müxtəlif platformalardan baxdığı, xəbər saytlarından aldığı saysız-hesabsız informasiyalar var. Əgər onu tutub silkələsən, duyğular yerinə, xeyli sayda qışqıran, insanın əsəblərini tarıma çəkən xəbərlərin yerə töküldüyünü görərsən. Artıq o, bu xəbərləri də sadəcə olaraq beyninə doldurur. Qabaqlar bu xəbərlər onu sarsıdır, təsirləndirirdisə, indi sadəcə boşluq hissi yaradır, vəssalam.

Bəlkə də, duyğular hələ də qalmaqdadı, amma dərinliyi yoxdu. Bu günün insanı hər şeyə sahib ola bilsə də, bir insana səmimi qəlbdən, sidqi-ürəkdən bağlana bilmir. Çünki kiminləsə münasibət qurmaq, sevgi hissləri ilə bağlanmaq artıq özünü riskə atmaqdır. Modern insan özünü riskə atmaqdan çox qorxur. Bu qorxu ilə özünə təhlükəsiz bir dünya qursa da, bu dünyanın divarları soyuqdur, eynilə həbsxana divarları kimi. Biz özümüzü bu həbsxananın içinə atmışıq.

Bəlkə də, buna görə hər şey sürətlə dəyişir. Biz hələ də eyni əksikliyi hiss edirik, sevgi əksikliyini. Nəinki bir-birimizə, özümüzə də yaxınlaşa bilmirik. Heç özümüzlə də söhbətləşməyi bacarmırıq. Aramızda dərin, böyük bir boşluq var və biz bu boşluğun həndəvərində gəzişirik, heç o boşluğun içinə də düşmürük.

Həyat belə bir şeydimi? Boşluğun həndəvərində dolaşmaqmı? Bəlkə, biz yaşamağı çoxdan unutmuşuq. Bəlkə də, o boşluğun içində tapacağıq yaşamağın mənasını? Artıq sevmək istəmirik, sadəcə sevilmək istəyirik. Sevilməyin mümkün olması üçün əvvəlcə sevməyin nə demək olduğunu xatırlamalıyıq.

Gülürük, danışırıq, çalışırıq, yeyirik, içirik... Ancaq günün sonunda heç nədə məna tapa bilmədiyimizi başımıza vururuq. Ancaq yenə də dərinə getmirik. Bu mənasızlığın içində təzədən yaşamağa davam edirik. Çünki bizim heç nəyə, hətta öz fikirlərimizi götür-qoy etməyə də vaxtımız qalmır.

Hə, dedik axı, bu günün insanı özünü unudub. O, sadəcə avtomatlaşıb, fasilə vermədən işləyən bir mühərrikə çevrilib. Onun xoşbəxt olmağa vaxtı qalmayıb. Bəlkə də, buna görə bu qədər yorğunuq. Çünki hər şey sürətlə axıb gedir və biz yavaş-yavaş içimizdən qopuruq. Bir işdə çalışırq, amma o işin bizi kim edəcəyini bilmirik. Evlənirik, sevirik, o sevginin içində gerçəkdə varıqmı, əmin deyilik. Öz ölkəmizdə belə sanki başqa birinin hekayəsini yaşayırıq. İndi söz müasir insana nəyisə başa salmaq üçün yox, mövcudluğunu sübuta yetirmək üçün vacibdir.

Biz, əslində, tənhayıq. Kütləvi tənhalıq virusuna yoluxmuşuq. Kafkanın dediyi kimi, ətrafımızda çoxlu insanlar olsa da, yenə də təkik. Biz gərək əvvəlki, qədimdəki özümüzə qayıdaq. Həmin o nəyisə axtarmağı, kəşf etməyi sevən, tapanda o sevinclə nəfəs alan insana qayıtmalıyıq. Axı özümüzə qayıtmadan necə rəngli cəmiyyət ola bilərik? Bir-birimizə toxunmadan necə gələcək qura bilərik? İnsanlığımızı xatırlamalıyıq. Bunun üçün də sənətin qapısını aralayıb oradan gələn işıqla özümüzü yumalı, təmizlənib paklanmalıyıq...

Oğuz Ayvaz

Bizə qoşulun