Medianews.az
İnvestisiyasız universitet suyu sovrulmuş dəyirman kimidir
679 baxış

İnvestisiyasız universitet suyu sovrulmuş dəyirman kimidir

Bu yaxınlarda ADA Universitetində keçirilən beynəlxalq tədbirdə rektor, prof. Hafiz Paşayev öz çıxışında qeyd etmişdi: "Təhsilə qoyulan sərmayə ölkənin davamlı inkişafı üçün ən effektiv yollardandır" .

Təhsilə, xüsusən də ali təhsilə qoyulan sərmayə ölkənin iqtisadiyyatı üçün həlledici olan insan kapitalını formalaşdırır. Ali təhsil sisteminə, hər bir universitetə ilbəil edilən investisiya, onun strukturu və səmərəliyi xüsusi təhlil edilməli, bu xərclər optimallaşdırılmalıdır. Ölkəmizdə universitetlərə demək olar ki, heç vaxt investisiya olmayıb, olan investisiya da təmir-tikinti yönlü olub. Bunun isə universitetin əsas missiyası olan elm və təhsilə aidiyyəti yoxdur.

Elm və Təhsil Nazirliyi (ETN) yaxşı olar ki, ictimaiyyətə məlumat versin, bildirsin ki, son 25 ildə nazirlik universitetlərin inkişafına nə qədər investisiya edib, universitetlər özləri öz inkişafına nə qədər investisiya edib, bu investisiyanın neçə faizi təmir-tikintiyə, neçə faizi elm, təhsil və innovasiyaların inkişafına sərf edilib?

ETN son 20 ildə neft kapitalını hara və necə xərcləyib ki, bu kapital insan kapitalına çevrilməyib?

İnsan kapitalı ölkədə o qədər zəifləyib ki, ETN təhsil islahatlarını aparmaq üçün mütəxəssis tapa bilməyib, şərab zavodundan, şəkər zavodundan, südçülük kombinatından və başqa “universitet”lərdən kadr toplamalı olub?

Müqayisə üçün qeyd edək ki, Ruyanın "Sberbank" bankı universitetlərdə keyfiyyətli İT mütəxəssislərinin yetişdirilməsi üçün 6 universitetə 15 ixtisas üzrə yeni təhsil proqramlarının hazırlanmasına təkcə bu il 15 milyon dollar investisiya edib (hər universitetə 2-3 milyon dollar və ya hər proqramın hazırlanmasına 1 milyon dollar investisiya edib). Bundan əvvəl isə bu layihəyə Rusiyanın Təhsil Nazirliyi və universitetlər öz büdcəsindən ciddi investisiya ediblər.

Bizdə son 30 ildə nə magistr, nə bakalavr, nə də MBA proqramlarının hazırlanmasına, demək olar ki, heç vaxt investisiya edilməyib. Ona görə də universitetlərimizin korpusları və quru adı var, elm, təhsil, innovasiya, keyfiyyət və inkişaf isə yoxdur. Təklifləri və təşəbbüsləri qəbul etmək, müzakirə etmək, maliyyələşdirmək ənənəsi də heç vaxt olmayıb. Təhsilin belə idarə edilməsinin acı nəticələri göz qabağındadır. Kimdir günahkar? Kim bunların məsuliyyətini daşımalıdır?

Əvvəlki illərdə də Rusiya universitetlərinə dövlət proqramları çərçivəsində daim iri investisiyalar (mərhələli şəkildə yüz milyonlarla dollar) edilib. Hər il 100 milyonlarla dollar civarında olan bu investisiyalar nəticəsində bu universitetlərdə distant təhsil sistemi və rəqəmsal transformasiya prosesləri mümkün olmuşdur. Bunun nəticəsində Rusiya universitetləri digər MDB ölkələrinin universitetlərindən xeyli irəlidədir. Moskva Dövlət Universitetində isə bu il "Süni intellekt" fakültəsi açılıb. Bu layihəyə də ciddi investisiya edilib.

Göründüyü kimi, Rusiyada dövlətlə yanaşı özəl sektor da universitetlərə investisiya edir. Təəssüf ki, bizim təcrübəmizdə özəl sektorun və nazirliyin universitetlərə investisiyası nadir hallarda müşahidə edilib. Bu səbəbdən universitetlərimiz nəinki Avropa, Rusiya, hətta Qazaxıstan, Özbəkistan universitetlərindən də xeyli geridədir.

Publik hüquqi şəxs olan universitetlərimiz imkanı çatan cüzi investisiyanı da illər ərzində yalnız təmir-tikinti işlərinə sərf edir. Əslində təmir-tikinti işləri elm-təhsil sistemi üçün investisiya sayılmır. İnvestisiya inkişaf yönlü olmalıdır. Əlavə dəyər yaratmalıdır.

ETN ümumiyyətlə universitetlərə heç vaxt investisiya etmir. Dövlət proqramlarında ali təhsilə ayrılan maliyyə də çox səmərəsiz israf edilir.

İnvestisiyalar olmasa ali təhsil heç cür inkişaf edə bilməz. Bizim universitetlərin qlobal inkişafdan 20-25 il geridə qalmasının əsas səbəbi budur, olan az investisiyanın da elm və təhsilə yox, mənasız işlərə yönəlməsi təhsildə israfçılığın və məsuliyyətsiz idarəetmənin göstəricisidir.

Azərbaycan universitetləri yalnız "tədris edən" yox, nəhayət ki (çox gec də olsa), elm, innovasiya və insan kapitalı yaradan mərkəzə çevrilməlidir.

Bunun üçün universitetlərə güclü investisiyalar edilməli və bunun 50%+ hissəsi elm və insan kapitalının inkişafına yönəlməlidir.

Son 30 ildə bu istiqamətdə heç nə edilməyib, əksinə, universitetlərin əlində olan cüzi maliyyə vəsaiti də ETN-nin yaratdığı Təhsilin İnkişafı Fondu fondunun xeyrinə “könüllü” müsadirə edilib. Bundan sonra nəsə olacaqmı? Çətin ki.

Əgər universitetlərə güclü investisiya, ETN-də və universitetlərdə ciddi kadr islahatları olarsa, bəlkə gələcəkdə bizdə də inkişaf etmiş 2-3 universitet nümunəsi yaranar. Hələlik isə olanlar göz önündə gördüyümüz ciddi gerilikdir. Yalançı reytinqlərlə görüntü yartmaq cəhdləri də, əldə olan cüzi maliyyənin növbəti mənasız israfının, “iş görüntüsü”nün yeni ünvanıdır.

Bütün bunlar tərsinə qurulmuş təhsilimizin ən böyük 2 problemindən qaynaqlanır: səhv kadr və dağıdıcı maliyyə siyasəti.

Bu gün universitetlərimizə güclü investisiya (1 miyard + dollar) və ETN-də ciddi kadr islahatları olarsa, real nəticələri 10+ il vaxt ərzində tədricən müşahidə edə bilərik, ya da növbəti illərdə səriştəsiz menecerlərin yaratdığı “kitayski təhsil” modellərinin unikal nümunələrini müşahidə edəcəyik.

ETN-i 25 ildə heç vaxt bu suallar maraqlandırmayıb:

İnvestisiyasız universitet inkişaf edə bilərmi? Necə?

Universitetə edilən investisiyanın strukturu necə olmalıdır, hansı fəaliyyət istiqamətinə neçə faiz investisiya yönəlməlidir?

Bizim reallıqda 25 il ərzində olan bütün investisiyalar ancaq universitetlərin təmir- tikintisinə, daşa-divara yönəlib.

İnvestisiyasız universitet heç cür inkişaf edə bilməz. 25 illik təcrübədə bunu müşahidə edirik. Universitet yalnız təhsil haqqı ilə ayaqda qalırsa, o, bəlkə də təhsil müəssisəsi kimi mövcud ola bilər, amma universitet olaraq inkişaf edə bilməz. Müasir universitet tədqiqat, innovasiya və beynəlxalq rəqabət gücü olmadan heç cür inkişaf edə bilməz.

Beynəlxalq təcrübədə universitetə edilən investisiyanın strukturuna baxaq. Dünyanın qabaqcıl universitetlərinin təcrübəsinə əsasən (MIT, Oxford, ETH Zürich, HSE, KAIST və s.), investisiya bir neçə əsas istiqamətə yönəlməlidir:

Universitetin investisiya strukturu (təklif olunan faiz bölgüsü)

  1. Tədqiqat və innovasiya infrastrukturu – 30%
  • Laboratoriyalar
  • Texnoparklar və startap mərkəzləri
  • Patent və spin-off dəstəyi
  1. Akademik heyət və insan kapitalı – 25%
  • Professor və gənc alimlərin maaşları
  • Xarici mütəxəssislərin cəlbi
  • Təlim və beynəlxalq mübadilə proqramları
  1. Təhsil keyfiyyəti və tələbə dəstəyi – 20%
  • Təqaüdlər və sosial dəstək
  • Tələbə layihələri və startap qrantları
  • Rəqəmsal təhsil platformaları
  1. İnfrastruktur və kampus həyatı – 15%
  • Kitabxana, rəqəmsal resurslar
  • Tələbə şəhərcikləri və yataqxanalar
  • İdman və mədəniyyət mərkəzləri
  1. Beynəlxalqlaşma və əməkdaşlıq – 10%
  • İkili diplom proqramları
  • Xarici universitetlərlə konsorsiumlar
  • Qlobal reytinqlərə çıxış strategiyası

Əgər dövlət, özəl sektoru investisiya etmirsə, universitetlər PHŞ kimi heç nə qazanmırlarsa, nazirlik ATM-nə qrantlar vermirsə, universitet tədqiqat və innovasiya mərkəzi kimi heç vaxt inkişaf edə bilməz. Belə universitetlər suyu kəsilən dəyirmanı xatırladır.

İlham Əhmədov, 
pedaqoji elmlər namizədi, dosent 

Bizə qoşulun