Medianews.az
36 illik ömür haqqında 44 cümlə - ildırımlı yollarla bu günlərə gəlmək...
101 baxış

36 illik ömür haqqında 44 cümlə - ildırımlı yollarla bu günlərə gəlmək...

“Yeni Müsavat”da ilk yazım 1993-cü ilin fevralında çıxıb. Yazı belə başlayırdı: “Keçirilməyi bu ilin payızında gözlənilən parlament seçkiləri...”. Qəzetin redaktoru Xaləddin İbrahimli yazının birinci kəlməsinə düzəliş etdi, onu “keçirilməsi” ilə əvəzlədi.

İkinci yazım isə 1993-cü ilin 4 iyun günü dərc olundu. Mayın 31-də yazını “Yeni Müsavat”ın baş redaktoru Rauf Arifoğluya təqdim etmişdim. O da yazını çapa hazırlamağı redaktor Rasim Mirzəyə həvalə etmişdi. İyunun 4-də Surətin Gəncədə başlatdığı hərbi qiyamın ilk saatlarında Bakıda nəşriyyatın çap sexində yığılan məqalənin başlığı beləydi: “Siyasi matç-revanş: gediş qırmızılarındır”.

Belə təsadüf olarmı ki, nüvəsini köhnə kommunistlərin – qırmızıların təşkil etdiyi revanşist qüvvələrin hərəkətə gəldiyi saatlarda ölkədə qiyam olacağı barədə yazı dərc olunsun?

Məhz bu hadisə Azərbaycanda payızda “keçirilməsi nəzərdə tutulan parlament seçkiləri”ni təxirə saldı, onun əvəzində prezident seçkiləri keçirildi.

Sonra çox şey oldu: işğallar, məhrumiyyətlər, didərginlik, xaos, hiperinflyasiya, apatiya, hər şey.

“Yeni Müsavat”a yolum bir də 1995-ci ilin payızında düşdü. Bu gün 30 ildir ki, bu qəzetdə yazıram – arada qısa fasilələr də olub.

Yəni “Yeni Müsavat”ın 36 ildə cildlənmiş səhifələrinin 32 ilinin “podşivka”sındakı nüsxələrdə imzalarım var.

Obrazlı desək, 36 il yalnız bir igidin ömrü deyil, daha artıqdır. 20-25 yaşında igidlərmiz var. 36 il isə bir şəxsin ölkə başçısı seçilmək hüququ və şansı qazandığı yaşdır.

“Yeni Müsavat” bu yaşa hamar, rəvan yollarla gəlib çatmayıb, döyüşə-döyüşə, cırmaqlaşa-cırmaqlaşa, hər cür məşəqqətə, maddi sıxıntılara sinə gərə-gərə gəlib çıxıb. Baş redaktorumuz Rauf Arifoğlu başda olmaqla əməkdaşlarımız həbsxana və təcridxanalardan keçib, reportyorlarımız döyülmə-söyülmə aktlarına məruz qalıb. Redaksiyamıza hücumlar təşkil edilib, müxtəlif təqiblər, təzyiqlər, məhkəmə çəkişmələri, əsassız rəsmi xəbərdarlıqlar, hər şey olub.

Qəzetin kollektivi mövcudluğunu qorumaq, yeni dövrə, müasir həyatın tələblərinə uyğunlaşmaq üçün çox əziyyət çəkib.

Aradan keçən bu illərdə bizimlə eyni yolda irəliləyən onlarca qəzet sıradan çıxıb, dövrün dəyirman daşlarının altından salamat qurtula bilməyiblər.

“Yeni Müsavat” populyarlığını mövqeyi və yazıları ilə qazanmışdı və media qrupuna çevrildikdən sonra da yüksək tirajını saxlayır.

Siyasi mübarizənin ən kəskin illərində, ölkə mediasının daha çox “dövlət qəzetləri” və “partiya qəzetləri”ndən ibarət olduğu dövrdə “Yeni Müsavat”ın böyük populyarlıq qazanmasının səbəbi “partiya qəzeti” qılafından çıxaraq, ümummilli qəzetə çevrilmək əzmiydi.

Bu qəzetdə daha kimlərin silsilə müsahibələri çıxmırdı ki? “Yeni Müsavat” eks-prezident Əbülfəz Elçibəyin, İsa Qəmbər və komandasının, ADP həmsədrləri Rəsul Quliyev və İlyas İsmayılovun, AMİP lideri Etibar Məmmədovun, ALP lideri Lalə Şövkətin, AXCP sədrinin 1-ci müavini Əli Kərimlinin, VHP sədri Sabir Rüstəmxanlının, “Vəhdət” partiyasının sədri Tahir Kərimlinin, Nemət Pənahlının, Mirmahmud Mirəlioğlunun, Vaqif Kərimovun, bir sözlə, A.-dan Z.-yə qədər siyasi arenada boy göstərən bütün siyasətçilərin tribunasıydı.

“Yeni Müsavat” müsahibə və açıqlama verməkdən çəkinməyən iqtidar nümayəndələrinə də tribuna verirdi. Təəssüf ki, hökumət adamları bəzən bu işə çəkingən yanaşır, öz partiyadaxili rəqiblərinin ittihamına tuş gəlməmək üçün susmağı üstün tuturdular.

Hər kəs üçün açıq tribuna olduğuna görə “Yeni Müsavat” ümummilli qəzetə çevrilmişdi. Yalnız öz təsisçisinin və onun müavinlərinin müsahibələrini verən, digərlərinə ifrat qısqanclıqla yanaşan “partiya qəzetləri” isə həm tiraj, həm də hörmət qazana bilmirdilər.

Bir də xalqdan gələn şikayətlərə qulaq asmaq, onları dərc edərək, insanların haqqının müdafiəsində durmaq işi vardı. Bu xüsusda bizə yalnız ANS-in “İç xəbər” verilişi rəqib idi. Haqqı tapdananlar, müşküllərini həll etmək istəyənlər, bürokratik məmurların özbaşınalığından bezar olanlar əsasən ya bizim üstümüzə gəlirdilər, ya da “İç xəbər”dən çəkiliş qrupu çağırırdılar.

Bu 36 ildə bu qəzetin məktəbindən ölkənin ən istedadlı jurnalistləri, parlaq imzaları gəlib keçib. Onlar sonradan çalışdıqları media qurumlarında da fərqləniblər. Hamısının adını çəkmək mümkün deyil, amma bu qəzetdə, onun uğurlarında hər birinin əməyi, yolu var.

Bu gün qəzetimizə, redaksiyanın mövqeyinə ünvanlanan haqlı və haqsız tənqidlərdən də xəbərimiz var. Biz dövrün tələblərinə uyğun çalışırıq. Qarşımızda iki seçim var: ya media qrupunu qapayıb dağılışmaq, ya da hazırkı şərtlər altında çalışmağa, mövcud olmağa davam etmək.

Napoleonun süqutundan sonra ortaya çıxan keçmiş robespyerçi Sieyesə deyiblər: “Bu illərdə sən haradaydın, nə işlə məşğul idin?” O, lakonik cavab verib: “Mən sağ qalmaqla məşğul idim”.

Dövran da çox dəyişib.

Bir də bir şeyi unutmaq olmaz ki, “Yeni Müsavat” və onun kimi azsaylı qəzetlər olmasaydı, ölkəni Türkmənistana döndərmək istəyən mehdiyevlər (yüksək mənsəbli məmurların şərti adı) bu niyyətlərinə çoxdan və asanlıqla çatardılar.

Ömrümüzün tən yarısının keçdiyi bu qəzetin dünyaya çıxışının növbəti ildönümündə əsas arzumuz hələ də mövcudluğumuzu qorumaqdır. Bilindiyi kimi, çap mediasının başı üstündə qara buludlar sıxlaşır. Görək, “keçirilməsi bu ilin axırına nəzərdə tutulmuş islahat”lar necə olur.

Xalid Kazımlı

Bizə qoşulun