Melburn Universitetinin dosenti Keyd Paterson oynaq xəstəliklərindən əziyyət çəkən şəxslər arasında yayılmış bəzi fikirlərə aydınlıq gətirib. Onun sözlərinə görə, ayaqaltı dəstəyi olan möhkəm ayaqqabılar diz artrozu zamanı faydalı ola bilər, lakin eyni modeli bud-çanaq oynağı problemi yaşayanlara tövsiyə etmək düzgün deyil.
Demokrat.az-ın məlumatına görə araşdırmalar göstərir ki, hər addım zamanı oynaqlara düşən yük birbaşa seçilən ayaqqabıdan asılıdır. Altı santimetrlik daban dizlərə düşən təzyiqi yalın ayaqla yerimə ilə müqayisədə orta hesabla 23 faiz artırır. Sərt altlıq və hündür supinatorlar isə diz oynağına düşən yükü 15 faizə qədər yüksəldə bilər.
Bununla belə, bud-çanaq oynağının osteoartriti olan 120 xəstə üzərində aparılan yeni tədqiqat maraqlı nəticə ortaya qoyub. Elastik altlıqlı və sərt dəstəkli ayaqqabılar arasında ağrının azalması baxımından ciddi fərq qeydə alınmayıb.
Keyd Paterson bildirir ki, diz problemi olanlar üçün sabitliyi təmin edən, ayağı möhkəm saxlayan modellər daha uyğundur. Bud-çanaq oynağında ağrı hiss edənlər üçün isə konkret modeldən çox, şəxsi rahatlıq əsas meyardır. Yaşlı insanlara isə yıxılma riskini azaltmaq məqsədilə dar və hündür dabanlı ayaqqabılardan uzaq durmaq tövsiyə olunur.