Medianews.az
 Uzunömürlülüyün sirri tapıldı
71 baxış

Uzunömürlülüyün sirri tapıldı

İsveçrəli alimlər 100 yaşını keçmiş şəxslərin qan tərkibini araşdırarkən diqqətçəkən nəticələr əldə ediblər. Cenevrə Universiteti və Lozanna Universitetinin birgə həyata keçirdiyi “SWISS100” layihəsi çərçivəsində aparılan tədqiqat göstərib ki, uzunömürlülərin bəzi bioloji göstəriciləri 80 yaşlılarla müqayisədə gənclərə daha yaxındır.

Demokrat.az-ın məlumatına görə araşdırma zamanı 100–105 yaş arası şəxslərin, 80 yaşlıların və 30–60 yaşlı könüllülərin qanında 700-dən çox zülal analiz edilib. Məlum olub ki, uzunömürlülərin qanında 37 növ zülalın səviyyəsi demək olar ki, gənc nəslin göstəriciləri ilə eynidir. Bu isə qocalma prosesinin dayanması yox, müəyyən mühüm bioloji funksiyaların xeyli ləngiməsi deməkdir.

Tədqiqatda əsas fərqlər hüceyrə qocalmasını sürətləndirən oksidləşdirici stresslə bağlı zülallarda qeydə alınıb. Uzunömürlülərdə bu stressin səviyyəsi aşağı olub. Eyni zamanda, iltihab yaradan molekulların miqdarı az, maddələr mübadiləsini tənzimləyən zülalların səviyyəsi isə stabil qalıb.

Alimlər bildirirlər ki, uzunömürlülüyün təxminən dörddə biri genetika ilə əlaqəlidir. Qalan hissə isə qidalanma, fiziki aktivlik və sosial mühit kimi həyat tərzi amillərindən asılıdır. Tədqiqat nəticələri göstərir ki, sağlam və balanslı həyat tərzi bioloji yaşın ləngiməsində əsas rol oynaya bilər.

Bizə qoşulun