Kioto Universitetinin alimləri yaşlanma prosesinin ləngiməsi ilə bağlı mühüm elmi nəticə əldə ediblər.
BAKU.WS xəbər verir ki, yeni araşdırmalara görə, xəstəliklər fonunda yaranan qocalmış hüceyrələrin enerji mübadiləsinə təsir etməklə orqanizmdə yaşlanmanın qarşısını qismən almaq mümkün ola bilər.
Araşdırmanın nəticələri nüfuzlu "Signal Transduction and Targeted Therapy" (STTr) elmi jurnalında dərc olunub.
Yaş artdıqca qocalmış hüceyrələr toxumalarda toplanır. Bu hüceyrələr artıq bölünmür, lakin yaşlanma ilə əlaqəli sekretor fenotip (SASP) adlanan maddələr ifraz edərək xroniki iltihabı gücləndirir və bədənin özünü bərpa etmə qabiliyyətini zəiflədir.
Normal şəraitdə belə hüceyrələr senoliz adlanan proqramlaşdırılmış hüceyrə ölümü mexanizmi ilə məhv edilir.
Ancaq yaşlandıqca bu mexanizm səmərəliliyini itirir və qocalmış hüceyrələr orqanizmdə lazım olandan daha uzun müddət qalır.
Kioto Universitetinin alimləri bu davamlılığın əsas səbəblərindən birini hüceyrə enerjisinin istehsalında qlikoliz prosesinin güclənməsi ilə əlaqələndiriblər.
Onların araşdırmasına görə, yaşlanan hüceyrələrdə PGAM fermenti ilə Chk1 kinaz arasında qarşılıqlı təsir artır. Bu isə hüceyrələrin enerji balansını qoruyaraq onları məhv olmaqdan xilas edir.
Tədqiqat zamanı NanoBiT biolüminesans texnologiyasından istifadə edilib.
Alimlər bu qarşılıqlı təsirin pozulmasının hüceyrələri enerji üstünlüyündən məhrum etdiyini və nəticədə senoliz prosesinin aktivləşdiyini sübut ediblər.
Siçanlar üzərində aparılan təcrübələr də diqqətçəkən nəticə göstərib: müdaxilə nəticəsində ağciyər fibrozunun əhəmiyyətli dərəcədə azaldığı müşahidə olunub.
Alimlər hesab edirlər ki, bu kəşf gələcəkdə yaşlanma ilə əlaqəli xəstəliklərin müalicəsində yeni terapevtik yanaşmaların inkişafına yol aça bilər.