Medianews.az
Akademik yuxular
53 baxış

Akademik yuxular

(Əkrəm müəllimə nəzirə)

Milli Elmlər Akademiyası Rəyasət Heyətinin yığıncağında toplu yuxulama aksiyası zəhmətkeşlərimizə ləzzət eləmişdir. Hamı buna baxır, gülümsəyir, sevinir. Bəziləri isə tənqid edir. Deyirlər yatmış alim bizim nəyimizə gərəkdir, bunların tayları xaricdə səhərdən axşama elmi kəşf qayırır, xalqın inkişafı üçün gecə-gündüz oyaq qalır və sairə.

Doğrusu, bilmirəm bizim alimlərin oyaq olmağı xalqın nəyinə lazımdır. Məsələn, Ramiz Mehdiyevin yatmağı sizə xeyirlidir, yoxsa ayıqlığı? Məncə onun həyat və yaradıcılığına nəzər salsaq, ikinci vəziyyət daha məqsədəuyğun olardı. Şair demişkən, yatmışları razı deyilik kimsə oyatsın, tək-tək ayılan varsa da həqq dadımıza çatsın. Başqa bir klassikimiz isə hətta ölüləri diriltməyin nə qədər acı nəticələr verə biləcəyini yüz il qabaq gözəl şəkildə təsvir etmişdir.

Azərbaycan alimlərinin dünya alimlərindən mühüm fərqi elə burdadır: xaricdəkilər çalışaraq, bizimkilər isə yataraq elmə xidmət edir. Ona görə bizim akademiyanın adına “milli” sözü əlavə edilmişdir. Yoxsa “milli elmlər” olmur, bunu hamı bilir. Akademiyanın adını elə qoymağı yuxuda tapıblar. Mendeleyev elementlər cədvəlini tapdığı kimi.  

Ən çox yatan və xoruldayan alim adətən akademiklərin müdiri qoyulur. Əlbəttə, AMEA-da akademiklərin hərdən oyanıb müəyyən kiçik-böyük ehtiyacları ödəmək üçün sanitar qovşağa baş çəkməsi daim dövlətimizin və xalqımızın diqqət mərkəzindədir. Bu kimi elmi fəaliyyətlər üçün onlara köməkçilər ayrılmış, büdcə vəsaitləri xərclənmişdir. O cümlədən, akademiklərə layla çalan, milçəyini qovan, sürüşən adyalını tənzimləyən əməkdaşlar da vardır. Hamısı milli elmlərimizdir. Ümumiyyətlə, yuxu faktoru bizdə genetikdir. Qazan xanın, Koroğlunun yeddi gün, yeddi gecə yatması əbəs deyil. Biz hətta həbsxanaya düşməyə də “yatmaq” deyirik. Halbuki, rus dilində bunun jarqon ifadəsi “sidet” sözüdür, yəni, “oturmaq”. Rusiya qazamatında dustaqlar “otururlar”, bizim qazamatda isə “yatırlar”. (Təklif edirəm bu elmi kəşfimə görə AMEA Nəsimi adına Dilçilik İnstitutu mənə filologiya elmləri üzrə fəlsəfə namizədi dərəcəsi versin). Belə elmi məqalələrim çoxdur. Hazırda “Xaş bişirəndə dananın ayağı ilə kəlləsini eyni qazanda qaynatmağın məclisə təsirləri və 21-ci əsrdə Azərbaycanda dini tolerantlığın əsasları” mövzusunda məqalə yazıram.

Məqalə demişkən... Akademiklərimiz arada səksənib oyanıblar (belə elmi versiya var ki, qonşuluqdakı Narxozun uşaqları küçədə səs-küy salmışdır, ancaq başqa alimlərin iddiasına görə kiminsə platin çənəsi taqqıltı ilə döşəməyə düşüb), fürsətdən istifadə edən prezident İsa Həbibbəyli onlardan daha çox məqalə yazmağı tələb etmişdir. Sitat: “Akademiyada təəssüf ki, yüksək reytinqli impakt faktorlu məqalələr baxımından keçən illə müqayisədə irəliləsək də, göstəricilərimiz çox da ürəkaçan deyildir”. Sitatın sonu.

İmkan ver, camaat yatsın. Sənə məqalə lazımdır? Ramiz müəllim də vaxtilə çoxlu, palaz boyda məqalələr yazardı. Şah İsmayıldan başlayıb, opportunizmdə, demokratiyadan girib milli televiziyada qurtarırdı. Axırı nə oldu? Tuği-lənət olub keçib boğazınıza, nə Akademiyadan çıxara bilirsiniz, nə YAP-dan. Hətta villa-evindən belə çıxarmaq mümkün olmur. Oturub ordakı pul yeşikləri laboratoriyasından Putinlə meditasiyaya girir. Yuxarıda qeyd elədiyim kimi, bizə elmlə məşğul olmayan alim daha xeyirlidir.

Başını buraxsan, ən yaxşı halda da muğamatın diferensial tənliklərin həllində rolu üzərində çalışacaqlar. Məsələn, elə dünənki iclasda tarixçi akademik Yaqub müəllim 2026-cı ilin ən mühüm elmi kəşfinə imza atıb. Deyir artıq ana dilimizdə “türkdilli dövlətlər” ifadəsini yox, “türk dövlətləri” ifadəsini işlətməliyik. Vəssalam, bununla hər yarağımız düzələcək.

Bunun yatmağı daha yaxşı deyilmi?

Zamin HACI 

Bizə qoşulun