Medianews.az
Mərkəzi Kəşfiyyat İdarəsi bu ölkəyə zərbə endiribmiş –
125 baxış

Mərkəzi Kəşfiyyat İdarəsi bu ölkəyə zərbə endiribmiş – İndi üzə çıxır

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) bu ayın əvvəlində Venesuela sahillərində yerləşən bir liman obyektinə pilotsuz uçuş aparatı ilə zərbə endirib.

Medianews.az bildirir ki, xəbəri CNN kanalı öz mənbələrinə istinadla yayıb.

Kanal vurğulayır ki, bu, ABŞ-ın Venesuela ərazisində həyata keçirdiyi ilk məlum hücumdur.

İndiyədək açıqlanmayan əməliyyat zamanı Venesuela sahillərindəki ucqar bir körpü hədəf alınıb. ABŞ hökuməti həmin obyektin Venesuelanın məşhur “Tren de Aragua” kriminal qruplaşması tərəfindən narkotiklərin saxlanması və daha sonra gəmilərlə daşınması üçün istifadə edildiyini düşünür. Məlumata görə, zərbə anında obyektdə heç kim olmayıb və itki qeydə alınmayıb.

İki mənbə CNN-ə əməliyyat zamanı ABŞ Xüsusi Əməliyyat Qüvvələrinin kəşfiyyat dəstəyi göstərdiyini desə də, Xüsusi Əməliyyatlar Komandanlığının sözçüsü kanala açıqlamasında bunu təkzib edib. Onun sözlərinə görə, “Xüsusi Əməliyyat Qüvvələri bu əməliyyata, o cümlədən kəşfiyyat dəstəyinə cəlb olunmayıb”.

ABŞ Prezidenti Donald Tramp ötən həftə, dekabrın 26-da verdiyi, diqqətdən kənarda qalan müsahibəsində hücuma ilk dəfə eyham vurub. Lakin bu həftə jurnalistlərin birbaşa suallarına baxmayaraq, hadisə ilə bağlı detalları açıqlamayıb.

Analitiklər hesab edirlər ki, bu zərbə ABŞ-la Venesuela Prezidenti Nikolas Maduro arasında gərginliyi daha da artıra bilər. Vaşinqton uzun müddətdir Maduronu hakimiyyətdən getməyə məcbur etmək üçün hərbi təzyiqləri gücləndirir.

ABŞ indiyədək Karib hövzəsində və Sakit okeanın şərqində “narkotiklərlə mübarizə kampaniyası” çərçivəsində 30-dan çox qayığı məhv edib. Eyni zamanda Tramp Venesuelaya daxil olan və ölkəni tərk edən sanksiyaya məruz qalmış neft tankerlərinə qarşı blokada göstərişi verib. Tramp əvvəllər də Venesuelanı onun ərazisinə zərbə endirilə biləcəyi ilə hədələyib. Lakin bu ay MKİ tərəfindən həyata keçirilən hücuma qədər ABŞ-ın Venesuela ilə bağlı məlum zərbələri yalnız beynəlxalq sularda narkotik qaçaqmalçılığında şübhəli bilinən gəmilərə qarşı olub.

MKİ hadisə ilə bağlı CNN-ə şərh verməkdən imtina edib.

Donald Tramp dekabrın 26-dakı müsahibəsində Venesuelaya qarşı kampaniyadan danışarkən “gəmilərin yan aldığı böyük bir obyekti sıradan çıxardıqlarını” deyib. Bir neçə gün sonra bu məsələyə yenidən toxunan Tramp ABŞ-ın “narkotiklə yüklənən qayıqların hazırlandığı liman zonasını” vurduğunu bildirib, lakin əməliyyatın MKİ, yoxsa hərbi qüvvələr tərəfindən aparıldığını açıqlamayıb.

“Biz bütün qayıqları vurduq, sonra onların yan aldığı ərazini vurduq” deyə Tramp bildirib. O deyib ki, artıq həmin liman mövcud deyil”.

Mənbələrdən biri zərbənin hədəfi məhv etdiyini və bu baxımdan uğurlu olduğunu desə də, əməliyyatı daha çox simvolik addım kimi qiymətləndirib. Çünki Venesueladan narkotik daşınması üçün istifadə olunan liman obyektləri çoxdur. Hücumun ölkə daxilində də real vaxtda ciddi rezonans doğurmadığı bildirilir.

Medianews.az

Bizə qoşulun