ABŞ Prezidenti Donald Tramp federal qurumlara ölkənin 66 beynəlxalq təşkilatı tərk etməsini hökm edən sərəncam imzalayıb.
Medianews.az bildirir ki, 7 yanvar sərəncamına görə, BMT-nin 31 strukturunda, BMT-dən kənar 35 təşkilatda iştirak və onların maliyyələşməsi dayanmalıdır.
Qərar həmin 66 təşkilatda iştirakın ABŞ-ın maraqlarına uyğun gəlməməsi ilə əsaslandırılıb.
ABŞ-ın tərk etmək istədiyi qurumlar arasında BMT-nin Sivilizasiya Alyansı, Demokratiya Fondu, İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası, Əhali Fondu da var.
1946-cı il təvəllüdlü Donald Tramp Respublikaçılar Partiyasının üzvüdür. O, 2016-cı ilin prezident seçkisində Demokratlar Partiyasından Hillari Klintonu məğlub edib, 2017-ci il yanvarın 20-dən prezidentliyə başlayıb.
Donald Tramp 2020-ci ilin prezident seçkisində Demokratlar Partiyasının namizədi Cozef Baydenə yenilərək 2021-ci il yanvarın 20-də postunu tərk edib.
2024-cü ilin prezident seçkisində Demokratlar Partiyasının namizədi Kamala Harrisi udan Donald Tramp 2025-ci il yanvarın 20-dən yenidən dövlət başçısıdır.