Medianews.az
Azərbaycanda ən çox ölümə səbəb olan iki xəstəlikdən biri: <span style=color:red>Nədən yaranır, niyə artır, hansı çıxış yolları var?
283 baxış

Azərbaycanda ən çox ölümə səbəb olan iki xəstəlikdən biri: Nədən yaranır, niyə artır, hansı çıxış yolları var?

Xərçəng xəstəliyi Azərbaycanda ölümə səbəb olan xəstəliklər sırasında ikinci yerdə durur. Birinci yerdə qan dövranı sistemi xəstəlikləri gəlir. Rəsmi hesabata görə, 2024-cü ildə Azərbaycanda vəfat edənlərin 33 min 289 nəfəri qan dövranı sistemində xəstəliyin qurbanı olub. 9 min 681 nəfər isə yenitörəmələrdən (xərçəng şişləri) dünyasını dəyişib. Bu yay açıqlanan rəsmi hesabatda 2024-cü ildə Azərbaycanda 15 min 164 nəfərdə ilk dəfə xərçəng xəstəliyi aşkarlandığı da qeyd olunur. Tibb elmləri doktoru, professor Adil Qeybulla Medianews.az-a açıqlamasında bildirib ki, onkoloji xəstəliklərin böyük əksəriyyəti ekoloji faktorlara, həyat tərzinə, həmçinin irsi faktorlara bağlıdır: “Bu gün hava, su xeyli çirklənib. Torpağa həddən artıq çirkləndirici axıdılır. Nəticədə meyvə-tərəvəz də zəhərlənir. Qəbul etdiyimiz qidalarda xeyli konsoregen – xərçəng törədici maddələr, nitratlar, nitritlər, müxtəlif birləşmələr var. Neft məsullarının, avtomobil yanacağının tüstü-buxar-qaz şəklində atmosferə qarışan tullantılarından qatrana bənzər maddələr, benzofren törəmələr toplanır ki, bunlar da xərçəng riskini artırır. İnsanların fərdi həyat tərzi, xüsusən oturaq həyat tərzi, həddən artıq qida qəbulu, siqaret, alkoqol, qəlyan, narkotikə aludəçilik kimi zərərli vərdişlər də xərçəng riskini artıran amillərdəndir. Genetik, irsi faktorlar da çox mühüm rol oynayır. Bəzi gen mutasiyaları, virus xəstəlikləri xərçəng üçün fon yaradır, bədxassəli şişlərin əmələ gəlməsini tətikləyir. İrsi yolla, ata-ana xətti ilə xərçəngin nəsildən nəslə ötürülməsi halları var. Bunlar əslində skrininq müayinələrlə dünyanın hər yerində diqqətdə saxlanılır”. A.Qeybulla vurğulayıb ki, hər kəs sağlam qidalanmaya, aktiv hərəkətə, təmiz havada gəzməyə diqqət etməlidir: “Biz az qida qəbul etməliyik, az karbohidrat tükətməliyik və daha çox hərəkət etməliyik, zərərli vərdişlərdən uzaq durmalıyıq. Əgər sağlam olmaq istəyiriksə, ən azı özümüzdən asılı olan bu şərtləri gözləməliyik”. 2024-cü ildə Azərbaycanda 15 mindən çox insanda ilk dəfə xərçəng aşkarlanmasına gəlincə, professor A.Qeybulla öncə təəssüflə qeyd edib ki, xərçəng xəstəliyinin dinamikası bütün dünyada artır: “İkincisi, yenə təəssüf ki, koronovirus pandemiyasından sonra xərçəngə tutulmaların sayı bir az da artıb. Uşaqlar arasında leykemiyalar, yəni limfa sistemi problemləri, yaşlılar arasında ağciyər, süd vəzi, prostat, yoğun bağırsaq xərçəngi hazırda artan dinamika üzrə gedir. Bütün bunların hamısı ciddi narahatlıq doğurur”. Xərçəngin infeksion, monoetioloji xəstəlik olmadığını, onun kökündə çoxsaylı səbəblərin dayandığını, bu baxımdan da “xərçəngin dərmanı” deyilən vahid bir əlacın tapılmadığını, tapılmasının da qeyri-mümkünlüyünü vurğulayan A.Qeybulla bildirib ki, xərçəng orqanizmdə bədənlə, genlərlə hüceyrələr arasında siqnal intensivliyinin pozulmasının təzahürüdür: “Bu, təkcə insana aid deyil, hüceyrə bölünməsi ilə yaşayan bütün canlılarda xərçəng ola bilər. O baxımdan hesab edirəm ki, bu xəstəlik tarix boyu olub, sadəcə, ekoloji dəyişikliklər, insan artımı və başqa faktorlar xəstəliyi statistikada önə çıxarıb”. Ölkəmizdə xərçəngdən müalicə olunan insanların, eyni zamanda xərçəngin müalicəsi ilə məşğul olan həkimlərin üzləşdiyi əsas problemlər hansılardır? Xərçəng xəstəliyinin icbari tibbi sığortaya daxil edilməsinin vaxtı çatıbmı? Saytın suallarına cavab olaraq A.Qeybulla deyib ki, bu gün Milli Onkologiya Mərkəzində xeyli gəlişmə var, xeyli işlər görülüb: “Sadəcə xəstələrin sayı çoxdur. Bunun müəyyən çətinliklər yaratdığı görünür. Ancaq nəzərə almaq lazımıdır ki, son vaxtlar Azərbaycana Türkiyədən, Avropadan xeyli mütəxəssis gəlib. Onlar beynəlxalq təcrübəni ölkəmizə gətiriblər. Həmin təcrübədən hazırda onkoloji xəstələrin müalicəsində geniş istifadə olunur. Milli Onkologiya Mərkəzində nüvə diaqnostikası üzrə ayrıca korpus var. Xəstələrin kombinə olunmuş müalicəsi üçün yeni binalar tikilib, avadanlıqlar alınıb. Bunların hamısı beynəlxalq standartlara uyğundur. Amma dərmanların bahalılığı bir çox xəstəyə çətinlik yaradır. Xərçəngin müalicəsi çox baha başa gəlir. İmmunterapiyanın bir növü olan, ənənəvi kimya terapiyasından fərqli olaraq birbaşa konkret şiş toxumalarına təsir edən, target (hədəf) preparatları adlanan dərmanlar daha çox bahadır. Düzdür, biz onların əvəzedicilərindən istifadə edirik. Amma əvəzedicilər də ucuz deyil. Məsələn, monoklonal əkscismləri götürək. Bu əkscismlər molekulyar biologiyanın ən son nailiyyətləri əsasında istehsal olunur. Biz dərman preparatlarının hazırlanması məsələsində yerli istehsala keçsəydik, onları daha ucuz qiymətə əldə etmək imkanı olardı. Yəqin ki, bu da zaman məsələsidir. Eyni sözləri xərçəngin müalicəsinin icbari tibbi sığorta paketinə daxil edilməsi haqda da demək olar. Bu da yəqin ki, zamanla həllini tapacaq bir məsələdir”. Nailə Qasımova, Medianews.az

Bizə qoşulun