Medianews.az
Niyə bu qədər müharibə olsa da, heç bir dövlət rəsmən müharibə <span style=color:red>elan etmir?
169 baxış

Niyə bu qədər müharibə olsa da, heç bir dövlət rəsmən müharibə elan etmir?

Dünyada uzun zamandır bir tendensiya müşahidə olunur: dövlətlər bir-biri ilə savaşsalar da, rəsmi şəkildə müharibə elan etmirlər. Hazırda Rusiya ilə Ukrayna, İsraillə İran arasında qanlı savaş gedir. Amma tərəflər bu qarşıdurmaları yalnız hərbi əməliyyat kimi təqdim edir, hətta onlara ad da verirlər. Rusiya müharibəsini “xüsusi hərbi əməliyyat”, İsrail isə “Aslanın oyanışı” əməliyyatı adlandırır. Rusiyada bu əməliyyata “müharibə” demək hətta cinayət məsuliyyəti daşıyır. Bəs niyə reallıqda müharibə edən dövlətlər bunu rəsmi şəkildə elan etmirlər? Niyə bu qədər müharibəyə şahid olsaq da, rəsmi müharibə elanlarına rast gəlmirik? Mövzu ilə bağlı Medianews.az-a danışan politoloq Ərəstun Oruclu bildirib ki, həqiqətən bu gün qəribə bir tendensiya müşahidə olunur – dövlətlər faktiki olaraq suveren ölkələrə qarşı heç bir ciddi əsas olmadan müharibə aparırlar, lakin bunu müharibə adlandırmırlar: “Əslində beynəlxalq hüquqa görə, müharibə vəziyyəti yaranarsa, bir dövlət digərinə hücum etməzdən əvvəl ona nota təqdim etməli və bu notadan sonra müharibəyə başlamalıdır. Amma qədimdən bu qaydaya ciddi şəkildə riayət edilməyib. Bu gün isə tamamilə fərqli tendensiyalar müşahidə olunur. Dövlətlər öz maraqlarını guya qorumaq adı ilə digər ölkələrə qəfil zərbələr endirir, bu da əslində bəhanələrdən başqa bir şeyə söykənmir. Məsələn, Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə, adından asılı olmayaraq, məhz müharibədir. Bu gün hər iki tərəfdə itkilər yüz minlərlə ölçülür və ümumi rəqəm milyonu keçib. Genişmiqyaslı müharibə gedir. Amma doğrudan da Rusiyada buna “müharibə” deməyə görə insanları mühakimə edirlər”. Politoloq əlavə edib ki, İsrail nüvə təhlükəsi bəhanəsi ilə İrana hücum edir və bunu müharibə yox, əməliyyat adlandırır: “Sadəcə, özündən bir ad uydurur. Bütün bunlar beynəlxalq hüququn qalan mexanizmlərinin və təhlükəsizlik təminatlarının da çökməsi deməkdir. Bu isə çox ciddi və təhlükəli fəsadlara yol aça bilər. Sabah digər dövlətlər də bu praktikanı əsas götürərək, istədikləri qonşu və ya maraqlarına uyğun olmayan siyasət aparan dövlətlərə hərbi təcavüz edə bilərlər. Bu, dünyanı çox təhlükəli istiqamətə aparır. Məlumdur ki, İkinci Dünya müharibəsi ərəfəsində də bənzər proseslər baş vermişdi. Məsələn, faşist Almaniyası Çexoslovakiyaya hücum etməzdən əvvəl bunu hüquqi çərçivəyə salmağa çalışmışdı. Böyük Britaniya və Fransa ilə Münxen konfransı keçirilmişdi və orada bir sənəd imzalanmışdı ki, Çexoslovakiyanın hansı vilayətlərini Almaniya ələ keçirə bilər. Düzdür, həmin konfransda Çexoslovakiya iştirak etməmişdi, amma hər halda müəyyən bir mexanizm mövcud idi. Faşist Almaniyası həmçinin “Anşlyus” (birləşmə, ittifaq) elan edib Avstriyanı özünə birləşdirdi. SSRİ isə Finlandiyadan ərazi tələb etdi, Finlandiya bu tələbi qəbul etmədikdə hücuma keçdi. Yəni o dövrdə belə müəyyən mexanizmlərə istinad edilirdi – yanlış və ya əsassız olsa belə”. Ərəstun Oruclu bildirib ki, bu gün isə dünyada tamamilə özbaşınalıq hökm sürür: “Məsələn, İsrail deyir ki, İran atom bombası əldə etməyə yaxındır. Amma jurnalistlər araşdıraraq ortaya çıxarıblar ki, bu yalanı ilk dəfə Benyamin Netanyahu 1993-cü ildə səsləndirib. Təsəvvür edin, 32 il əvvəl Netanyahu bu yalanı yaymağa başlayıb ki, guya İran 3 ay ərzində atom bombası hazırlayacaq. Netanyahu bu iddianı on illərdir təkrar edir, amma ondan bu yalanların hesabını soran yoxdur. İndi isə həmin bəhanə ilə müharibəyə başlayır. Əslində burada məsələ Netanyahunun şəxsi qərarından getmir. Onun arxasında duran böyük dövlətlər var. Beynəlxalq hüququn mexanizmlərini sındıran, onları yox edən məhz bu böyük dövlətlərdir. Açıq şəkildə görürük ki, İsrail ABŞ-nin dəstəyi olmadan nə İrana, nə də Livana – “Hizbullah”ı məhv etmək adı ilə – hücum edə bilərdi. Yaxud Rusiya olmasaydı, başqa bir dövlət Ukraynaya hücum edə bilməzdi. Bu, qeyri-mümkün idi. Digər dövlətlərə belə bir addım atmağa imkan verilmir. Məsələn, vaxtilə İraq Küveytə hücum etdiyinə görə elə cəzalandırıldı ki, hələ də özünə tam gələ bilmir”. Politoloq vurğulayıb ki, dünyada çox təhlükəli bir vəziyyət - müharibə elan etmədən dövlətlərin bir-birinə qarşı hərbi əməliyyatlara başlaması üçün tam şərait formalaşıb: “Görünən odur ki, bu tendensiya davam edəcək”. Nailə Qasımova, Medianews.az

Bizə qoşulun