Medianews.az
Zəfərin 8 kodu
468 baxış

Zəfərin 8 kodu

Bu yazıda 2020-ci ilin 44 günlük Vətən müharibəsində əldə olunmuş qələbənin səkkiz səbəbini, səkkiz kodunu açıqlamağa çalışacam. Təbii ki, yanaşmalar fərqlidir və fərdlərə görə arqumentlər dəyişə bilər. Sözü uzatmadan mətləbə keçmək istəyirəm. Kod 1. Hazırlıqlı ordu: Qələbə əldə etmək, dövlətin və xalqın öz gücünü, iradəsini göstərmək üçün güclü ordusu olmalıdır. Güclü orduya sahib olmaq üçün peşəkar kadr hazırlığı, hərbi məktəblər, xüsusi təyinatlı təhsil müəssisələri, müasir silah-texnika, döyüş qabiliyyəti yüksək xüsusi hazırlıqlı birliklər gərəkdir. Məhz bu səbəbdən Azərbaycanda orduya, təhsilə, silahlanmaya ayrılan maddi vəsaitlər hər il artmağa davam edirdi. Müharibəyə qədər son üç ilə nəzər salsaq, Azərbaycanın hərbi büdcəsi 2018-ci ildə 1.6 mlrd ABŞ dolları, 2019-cu ildə 2.03 mlrd, 2020-ci ildə isə 2.238 mlrd ABŞ dolları həcminə çatmışdı ki, bu da həmin dövrdə düşmən ölkənin 644 mln dollarlıq hərbi büdcəsindən 3.48 dəfə çox idi. Kifayət qədər ciddi rəqəmdir. Kod 2. Güclü lider "Nəyi, necə, nə vaxt etmək" prinsipi: “Mən demişdim, nə vaxt nəyi etmək lazımdır, necə etmək lazımdır, hansı məqamda nəyi etmək lazımdır, hər şey gərək ölçülüb-biçilsin. Elə zərbə vurmalıyıq ki, düşmən o zərbədən ayılmasın. Elə zərbə vurmalıyıq ki, düşmən bundan sonra daha baş qaldırmasın. Bu müharibə bizim şanlı Qələbəmizdir. Biz fəxr edirik...” deyən İlham Əliyev lider kimi imzası ilə öz sözünü təsdiq edir. Uzaqgörən siyasət, düşünülmüş hərbi manevr, diplomatik addımlar qələbəni qaçılmaz etdi. Həmçinin tək bununla kifayətlənmək olmaz. Hər əsgər öz hisslərinin, iradəsinin lideri, hər tağımın, bölüyün, birlik və birləşmənin də öz lideri olmalıdır. Liderlik xüsusiyyətləri isə rəhbərlik səlahiyyətləri ilə üst-üstə düşdükdə ortaya məğlubedilməz, sevilən, cəngavər şəxsiyyətlər çıxır. Demək, müharibədə qalib gəlmək üçün hər kateqoriya üzrə güclü liderə, komandir və rəhbərə ehtiyac var. Kod 3. Mənəvi-psixoloji hazırlıq Ermənistan hökuməti məsum qanlara bulaşmış çirkli əllərini sülh yolu ilə təmizləmək yerinə öz məkrli siyasətini, təcavüzkarlıq əməllərini davam etdirməkdə idi. Bu isə illərlə səbir etmiş, səbir etməklə yanaşı istər fiziki-texniki, istərsə də mənəvi olaraq döyüşə hazırlaşmış Azərbaycan xalqının qəzəbini yüksəldirdi. Yüngül araşdırma aparsaq, görərik ki, Azərbaycan Ordusunda, eləcə də digər güc strukturlarında mənəvi-psixoloji hazırlığa, psixoloji dayanıqlığa xüsusi yer ayrılır. Orduda mənəvi-psixoloji hazırlıq xidmət edən hərbçilərin psixoloji çeviklik qazanmasına, dostluq və yoldaşlıq prinsiplərinin möhkəmlənməsinə və vətənpərvərlik hissinin inkişafına yönəldilir. Sözügedən hazırlığın inkişafına və tətbiqinə elə 2020-ci ilin sentyabrında da aktiv olan psixoloji hazırlıq metodları, ictimai-siyasi hazırlıq məşğələlərini, hüquq hazırlığı və fərdi öyrənilmə metodlarını, komanda tərkibində fəaliyyət üsullarını nümunə gətirmək olar. Kod 4. Dövlət-xalq-ordu birliyi “Xalq, dövlət orduya ümid edir, orduya güvənir. Ordu isə xalqın, dövlətin dəstəyinə güvənir” - Ümummilli lider Heydər Əliyevin bu sözlərini xatırlamaq yerinə düşər. Birinci Qarabağ müharibəsində Azərbaycan Ordusu müharibə təcrübəsini hələ yeni mənimsəyirdi. Həmin dövrdə ordudakı şəxsi heyətin böyük əksəriyyəti ilk dəfə idi döyüşə atılırdı. Azərbaycan dövlət müstəqilliyini hələ yeni bərpa etmişdi. Yəni nə dövlət, nə də ordu hələ tam oturuşmamışdı. Dövlət-xalq-ordu birliyi lazmi səviyyəyə çatmamışdı. Həmin birlik isə ən kritik anlarda ölkənin ərazi bütövlüyünün təmin olunmasında, xarici qüvvələrin hücumlarının dəf edilməsində, eləcə də təbii fəlakətlər zamanı, sülh dövründə müdafiə prinsiplərinin həyata keçirilməsində mühüm amildir. Azərbaycanın düşmən üzərində Zəfəri bunu bir daha sübuta yetirdi. Kod 5. Güclü iqtisadiyyat Hərbi əməliyyatlar üçün lazım olan təchizat, texnika, sursat, yanacaq, geyim və zəruri sayılan onlarla digər maddi ehtiyatlar fasiləsiz təmin edilməlidir. İqtisadiyyat bu təchizat zəncirinin davamlı işləməsini təmin edir. Güclü iqtisadiyyat - döyüşün maddi təminatçısı, maddi təminatın vaxtında çatdırılması isə qələbənin qarantıdır. Sübut kimi həmin dövr üçün hər iki ölkənin dövlət büdcələrinə nəzər salmaq kifayət edər. Azərbaycanın dövlət büdcəsi təxminən 15.54 milyard ABŞ dolları, Ermənistanın dövlət büdcəsi isə təxminən 3.75 milyard ABŞ dolları olub. Fərq: 15.54 milyard - 3.75 milyard = 11.79 milyard ABŞ dolları. Yəni, 2020-ci ildə Azərbaycanın dövlət büdcəsi Ermənistanın dövlət büdcəsindən təxminən 11.79 milyard ABŞ dolları daha böyük olub. Müharibə bitdikdən sonra ölkələrin iqtisadiyyatı bərpa etmək üçün böyük sərmayələrə ehtiyac duyur. Lakin ölkəmizdə hamımızın bildiyi kimi heç bir iqtisadi böhran yaşanmadı, əksinə, bütün ərazilərimizdə suverenliyimiz bərpa olunduqdan dərhal sonra azad olunmuş torpaqlarda yenidənqurma işləri aparılmağa, infrastruktur qurulmağa başlandı. Bu da təbii ki, güclü iqtisadiyyatın bəhrəsidir. Təsadüfi deyil ki, ölkə başçısı tərəfindən azad olunmuş torpaqlar  iqtisadi-coğrafi cəhətdən Qarabağ iqtisadi rayonu, Şərqi Zəngəzur iqtisadi rayonu kimi rayonlaşdırılıb. Kod 6. Beynəlxalq humanitar hüquq Azərbaycan Ordusunun qaçılmaz hərbi əməliyyatlara başlaması, düşmənin cəbhə boyu təxribatlarının qarşısını alaraq əks hücuma keçməsi həm də beynəlxalq səviyyədə tanınan humanitar hüququn bərpası oldu. Belə ki, BMT Təhlükəsizlik Şurasının erməni qoşunlarının Azərbaycan torpaqlarından çıxarılması, köçkünlərin geri qaytarılması haqda qətnamələri 30 ilə yaxın müddətdə kağız üstündə qalmışdı. İndi həmin insanlar artıq keçmiş köçkünlərdir və doğma yurdlarına qayıtmaqdadırlar. Kod 7. Beynəlxalq imic Burada yürüdülən uğurlu xarici siyasətlə yanaşı bəzi xarici qüvvələrin ölkəmizə qarşı ikili standartlarla yanaşdığını da vurğulamaq istərdim. Qarabağ münaqişəsini nizamlamağı ATƏT-in Minsk qrupu öz üzərinə götürmüşdü, qrupa həmsədrliyi isə ABŞ, Rusiya və Fransa diplomatları həyata keçirirdi. Həmin diplomatlar illər uzunu hər iki tərəfdən "qərəzsiz" çıxış edərək məsələnin "həllinə" çalışdılar. Lakin günü-gündən beynəlxalq ictimaiyyətdə nüfuzu artan Azərbaycan səbrinin tükəndiyini bəyan edirdi. İkili standartlar işarə edirdi ki, ədaləti bərpa etmək Azərbaycanın öz üzərinə düşür. Xatırlamalı yox, unutmamalı olduğumuz ən vacib məqam Azərbaycanın xarici münaqişələrdə bitərəf qalaraq humanist mövqe tutması, İraq, Fələstin, Ukrayna, Suriya, Yəmən, Gürcüstan və s. ölkələrdəki qaynar nöqtələrə humanitar yardımlar göndərməsidir ki, bu da beynəlxalq aləmdə Azərbaycanın yardımsevər, sülh tərəfdarı imicini daha da artırırdı. Kod 8. Vətənpərvər nəsil Bu günün, elə o günün gəncləri uşaqlığında vətəni darda, on minlərlə soydaşını qaçqın-köçkün vəziyyətdə görüb. Bu cür mühitdə dünyaya göz açan, qaçqın şəhərciyində məskunlaşan, yaxud o şəhərciklərdə yaşayanların həyatını, gündəlik güzəranını görən bir nəsil necə vətənpərvər böyüməsin?! Kəlbəcərdən, Qubadlıdan, Zəngilandan, Şuşadan, Laçından, Ağdamdan, Cəbrayıldan, Füzulidən, Ağdərədən, Xankəndindən... - bir sözlə, öz doğma yurd-yuvasından qaçqın düşən müəllim necə vətənpərvər nəsil yetişdirməsin?! Yadıma Ulu öndər Heydər Əliyevin Cəmşid Naxçıvanski adına Hərbi liseyin kursantları ilə görüşü düşdü. Öz nitqini söylədiyi vaxtda qəfil halı pisləşir, həkimlərin tələbinə baxmayaraq özünü tez toparlayır və yenidən tribunaya qayıdır. Nitqini qaldığı yerdən olduğu kimi dava etdirir. Gələcəyin zabitləri - leytenantları, kapitanları, mayorları, polkovnikləri, generalları olacaq bu şəxslərin qarşısında əsl lider, əsl vətənpərvərlik nümunəsi nümayiş etdirir. Günü-gündən inkişafda olan gəncliyimiz tarix kitablarından oxuduğu Babəkin, Cavanşirin, Şah İsmayılın sadəcə bir tarix olmadığını, bu gün yaşadığını, sabah da yaşayacağını gördü. Vətənpərvər nəslin yetişməsində əsas faktorlar tarixi-mədəni irs, dəyişilməyən genefond, ailə dəyərləri, soy-kökə bağlılıq və dövlət siyasətidir. Bu həm də Qələbəmizi yetişdirən və bu gün də onun bünövrəsini möhkəmlədən faktorlardır. Amil Məhərrəmoğlu Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi” mövzusunda hazırlanıb.

Bizə qoşulun