Azərbaycanda təhsil islahatları və gənclərin iş dünyasına inteqrasiyası mövzusu gündəmdədir. Dövlət təhsil proqramları və iş imkanlarının artırılması yönündə bir çox təşəbbüs var. Lakin təhsil sistemində hələ də bəzi ciddi problemlər mövcuddur.
Təhsil proqramlarında iş dünyası ilə əməkdaşlığın gücləndirilməsi üçün hansı addımlar atılmalıdır? Gənclərin iş dünyasına inteqrasiyası məsələsində hansı çətinliklər mövcuddur?
Mövzu ilə bağlı Medianews.az-a danışan təhsil eksperti Elçin Əfəndi bildirib ki, dövlət həm təhsil proqramları baxımından, həm də təhsil alan gənclərin iş imkanları baxımından müəyyən layihələr həyata keçirir. Amma ekspert qeyd edib ki, bunu təkcə dövlətdən gözləmək olmaz: “Bəzi ali təhsil müəssisələri özləri təşəbbüskar rolunda çıxış etməlidir. Xüsusi təyinatlı ali təhsil müəssisələrini çıxsaq, 50-dən çox sırf mülki təyinatlı ali təhsil müəssisəsi var və onlardan yalnız bir necəsi dediyimiz istiqamətdə tədbirlər reallaşdırır. Digərləri tələbəyə təcrübə keçmək, yaxud iş, karyera imkanı yaratmaq sahəsində hər hansı şirkətlə, dövlət təşkilatı ilə əlaqə qurmur, saziş bağlamır. Halbuki ali təhsil müəssisələri belə məsələdə çox maraqlı olmalıdır. Bu, gələcəkdə onlara tələbə müraciətlərinin sayının artmasına, daha bacarıqlı kadrların hazırlanmasına kömək edə bilər. Təsəvvür edin ki, hansısa təhsil müəssisəsi ölkədə fəaliyyət göstərən iri şirkətlərlə əməkdaşlıq edir və öz tələbələrinə həmin şirkətlərdə iş tapmaq imkanı yaradır. Əlbəttə ki, bu cür təhsil müəssisələri gənclər üçün daha cəlbedici olacaq”.

Təhsil eksperti vurğulayıb ki, bir qayda olaraq tələbələrə sonuncu kursun son semestrində təcrübə keçmək imkanı yaradılır: “Bu da olduqca qısa müddəti əhatə edir. Nəticə etibarı ilə tələbələr əldə etdikləri nəzəri bilikləri həmin qısa müddətdə təcrübədən keçirməyə çətinlik çəkirlər. Biz bunu aidiyyəti qurumlara, ali təhsil müəssisələrinə dəfələrlə demişik, təklif etmişik ki, tələbələrin təcrübə imkanları üçüncü kursdan başlansın. Eyni zamanda bu, gənclərin əmək fəaliyyətinə başladığı dövr kimi rəsmi qeydə alınsın. Yəni onlarla müvafiq əmək müqaviləsi bağlansın. Belə olduğu təqdirdə tələbə həm universitetin əməkdaşlıq etdiyi təşkilatlarda təcrübə keçəcək, həm də əmək fəaliyyətinə başlamış olacaq. Gələcəkdə ali təhsil müəssisəsini bitirəndə ola bilər ki, elə həmin qurumda əmək fəaliyyətini davam etdirəcək. Yaxud başqa qurumda çalışmaq istəyərkən daha ondan iş təcrübəsi tələb olunmayacaq. Çünki üçüncü və dördüncü kurslarda ixtisası ilə bağlı keçdiyi iki illik təcrübə fəaliyyəti iş təcrübəsi kimi qeydə alınacaq”.

E.Əfəndi bildirib ki, müşahidələrə əsasən, ali təhsil müəssisəsindən məzun olan gənclərdən iş üçün müraciət etdikləri yerlərdə ilk növbədə təcrübə tələb edilir: “Bayaq vurğuladığım təklif reallaşsa, onda iş təcrübəsi məsələsi də həllini tapar. Gənclərin iş dünyasına inteqrasiya olunması məsələsində qarşıya çıxan əsas problemlərdən biri budur. Təəssüf ki, biz dünya təcrübəsindən hələ də faydalanmırıq. Məsələn, qonşu və qardaş Türkiyədə, həmçinin Avropa ölkələrində, ABŞ-də universitetlərin demək olar əksəri bu metoddan geniş istifadə edir. Hətta universitetlər savadlı tələbələri haqda müəyyən şirkətlərə ayrıca məlumat verirlər. Yəni tələblərin təcrübə keçmək, işləmək imkanlarını yaxşılaşdırmaq üçün tədbirlər görülür. Azərbaycanın ali təhsil, xüsusilə də mülki ali təhsil müəssisələri bu üsullardan mütləq yararlanmalıdır”.
Nailə Qasımova,
Medianews.az
Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması” mövzusunda hazırlanıb.