Medianews.az
İlon Maskın qərarı Azərbaycanda internetin qiymətinə <span style=color:red>necə təsir göstərəcək? – Ekspert AÇIQLADI
296 baxış

İlon Maskın qərarı Azərbaycanda internetin qiymətinə necə təsir göstərəcək? – Ekspert AÇIQLADI

ABŞ-nin “SpaceX” şirkətinin sahibi İlon Mask “Starlink” peyk internet xidmətinin Azərbaycanda da fəaliyyətə başladığını elan etdi. “Starlink” peyk internet xidmətinin işə düşməsi Azərbaycanda internetin ucuzlaşmasına səbəb ola bilərmi? Yəni “Starlink”i ölkəmizdə internet xidməti təqdim edən şirkətlərə rəqib saymaq mümkündürmü? Yerli şirkətlər öz müştərilərinin “Starlink”ə yönəlməsinin qarşısını almaq üçün internet paketlərini daha uzuc qiymətə təklif etməyə başlaya bilərmi?   Mövzu ilə bağlı Medianews.az-a danışan Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının sədri Elvin Abbasov bildirib ki, “Starlink” peyk internet xidmətinin Azərbaycanda fəaliyyətə başlaması digər ənənəvi fiber optik internet xidmətlərinə heç bir təsir göstərməyəcək. Onun sözlərinə görə, bunlar fərqli texnologiyalardır və hər birinin fərqli maya dəyəri var: “Ənənəvi fiber optik texnologiya ümumi internet seqmentinə, yəni bütün internet seqmentlərinə hədəflənmiş bir xidmətdir. Azərbaycanda bu istiqamətdə haradasa 200 şirkət, provayder fəaliyyət göstərir. Həm kefiyyətdə, həm də qiymətdə onlar bir-biriləri ilə rəqabət apara bilərlər. Peyk internet xidməti isə fərqli texnologiyaya əsaslanır. Onun fərqli maya dəyəri, qiyməti var. Bu, premium xidmət sayılır. Modemi də ənənəvi fiber optik internet xidmətinə aid modemlərdən çox fərqlənir. “Starlink”in modemini ala bilmək üçün onun saytında hesab açıb sifariş verib ölkəyə gətirtmək lazımdır. Ən aşağı qiyməti 500 manat üzərindədir. Daha sonra internet paketi seçib aktivləşdirmək gərəkdir. Ən aşağı limitsiz internet xidməti 80-90 manatdan başlanır”. Ekspert hesab edir ki, “Starlink” xidmətinin Azərbaycanda işə salınması artıq ölkəmizdə mövcud olan internet xidmətlərinin qiymətinə hər hansı təsir göstərə bilməz: “Çünki biri peyk texnologiyasına əsaslanan, premium seqmentə hesablanan, digəri isə ənənəvi fiber optik texnologiyaya söykənən, bütün seqmentlərə hesablanan xidmətdir. Bu səbəbdən ənənəvi internet xidmətlərində “Starlink”lə əlaqəli heç bir dəyişiklik müşahidə olunmayacaq. Çünki müqayisə meyarı yoxdur. Bildiyiniz kimi, indi Azərbaycanın faktiki bütün yaşayış məntəqələrində fiber optik texnologiya var. Yəni internet faktiki bütün ölkə üçün əlçatandır, qiymətlər də əhalinin əhəmiyyətli hissəsi üçün az-çox münasibdir. “Starlink” peyk internet xidməti isə əsasən həmin ənənəvi fiber optik texnologiya olmayan yerlərdə lazım olacaq. Buraya yaşayış məntəqələrindən kənarda yerləşən obyektləri, məsələn, biznes sahələrini, fermaları, aqroparkları, turizm düşərgələrini aid etmək olar. Belə yerlərdə “Starlink” həm fiziki, həm də hüquqi şəxslərin dadına yetə bilər. Alternativ internetə əlçatanlılıq baxımından “Starlink”in Azərbaycanda mövcud olması çox müsbət haldır. Bu, fiber optik avadanlıqların, həmçinin mobil operatorların antenlərinin, stansiyalarının qurulmadığı yerlərdə də internetin olmasına yol açır. Beləliklə, bu iki fərqli internet texnologiyasının hər birinin öz yeri var və onlar bir-birilərinə rəqib olmadıqları üçün bir-birilərinə təsir göstərmək imkanından da məhrumdurlar”. Nailə Qasımova, Medianews.az

Bizə qoşulun