Medianews.az
“Atam öz sənət həyatında görmədiyi günləri qardaşımda gördü, Yaşar onun arzularını həyata keçirdi”- <span style=color:red>FOTO
403 baxış

“Atam öz sənət həyatında görmədiyi günləri qardaşımda gördü, Yaşar onun arzularını həyata keçirdi”- FOTO

“Mənim atam nadir atalardan biri olub. Nadir ona görə deyirəm ki, bəlkə indiki zamanda atalar övladlarını daha çox sevir, qayğısına daha çox qalır, arzularını daha tez yerinə yetirirlər. Amma o vaxtı belə atalar az idi. Söhbət evə, ailəyə, övlada bağlı atalardan gedir. Şəxsən mən atamla bir gün də ata-övlad münasibətində olmamışam. Biz onunla dost olmuşuq. Övladların içərisində ən istəklisi mən olmuşam. Mənim atam savada, tərbiyəyə çox önəm verirdi. Onun arzularından ikisini qardaşlarım, üçüncü arzusunu isə mən yerinə yetirdim. O vaxtı “Sovetski”-də yaşayıb ali təhsil almaq hər adama nəsib olmazdı. Amma atam bizə ali təhsil də verdi. Atam rəhmətə gedəndə elə bildim ki, bir gündən sonra gəlib məni də yanına aparacaq. O qədər ona bağlı idim”. Bunu Medianews.az-a görkəmli sənətkar Məmmədsadıq Nuriyevin qızı Ruhəngiz Axundova deyib. O daha sonra əlavə edib: “Atamla bağlı xatirələrim çoxdur. Novruz bayramına da o çox diqqət edərdi. Atam “Yeddi oğul istərəm” filmində Kosa obrazını yaradıb. Orada qapı-qapı gəzib, Novruzun adət ən-ənələrini yada salırlar. Bu səhnə o vaxt üçün həqiqətən də böyük risk idi. Bilirsiniz ki, Sovet illərində Novruz bayramının keçirilməsi qadağan idi. Rejissor böyük cəsarət edib Novruzla bağlı həmin səhnəni filmə əlavə etmişdi. İndi bəyəm bayram var ki? Bayram o vaxtı idi. Qapımız açar görməzdi. Soyuq havada əsə-əsə təzə paltar geyinib qonaq gedərdik, qapı-qapı gəzib pay paylayardıq. Yenə də şükür bu günümüzə. Gövhər Rzayeva “Sovetski”-də bizlə qonşu olub. Dünən elə onunla danışıb, xatirələri yada saldıq. O da kövrəldi, mən də”. Ruhəngiz xanım dəfələrlə atasının tamaşalarına getdiyini bildirib: “Atamın bütün tamaşalarınının ilk tamaşaçısı olmuşam. Özümü dərk edəndən tamaşalara gedirdim. Ələxsus da Nəsibə xanımla birlikdə oynadığı “Qaynana” tamaşasına.. O qədər anşlaq keçirdi ki.. “Sevindik qız axtarır”, “6 qızın biri Pəri” və s. tamaşalarına dəfələrlə baxmışam. Atam həqiqətən də aktyor idi. Onun canından, qanından gəlirdi bu sənət. Atamı “Uşağlığın son gecəsi” filmi məşhurlaşdırıb. O filmin çəkilişlərində mən lap əvvəldən axıra qədər iştirak etmişəm. Hətta filmdə Davudun Murada ərizə yazdırdığı səhnədə divarda olan uşaq şəkiləri də bizimdir. Həmin səhnələr İçərişəhər metrosunun yuxarı hissəsində çəkilirdi. O qədər maraqlı günlər idi ki. Mən sadəcə bir həvəskar kimi baxırdım. Heç ağlımın ucundan da keçməzdi ki, bu sahəyə gəlim. Nəinki atam, heç Yaşar da istəməzdi ki, bu sənətdə olum. Amma deyim ki, yaxşı səsim olub, sadəcə olaraq bu həvəsi içimdə boğmuşam”. Ruhəngiz Axundova atasının son günlərini belə xatırlayıb: “Atam rayonda qastrolda olarkən rəhmətlik Siyavuş Aslan anama zəng edib demişdi ki, Vücud öskürüb, ağzından qan gəlib, ehtiyyatlı olun. Onlar atama “Vücud” deyirdilər. Çünki atam bütün rolları məharətlə oynayırdı. Rayondan gələndən sonra atamı həkimə aparıb yoxlatdırdılar. 1976-cı ilin oktyabr ayında mən gəlin köçdüm. O qədər xəstə idi ki, ayağa qalxıb mənə xeyir-dua verə bilmədi. Elə oturduğu yerdə xoşbəxtlik arzuladı. Atamı xəstəliyinə görə Moskvaya apardılar. O vaxt müalicə üçün xaricə gedib-gəlmək çox çətin proses idi. Bir gündə elə olurdu ki, 3-4 dəfə qohum-əqraba, Yaşarın özü atamın yanına uçub qayıdırdılar. Həmin ilin dekabrın 15-də atam vəfat etdi. Atamın elə bir vəsiyyəti yox idi. Çünki biz dördümüz də ailəli idik. Bir atanın övladlarına arzusu nə ola bilərdi ki? Xoş gün, güzəran! Atam bizim xoş günlərimizi çox görməsə də, bizdən arxayın getdi. Atam öz sənət həyatında görmədiyi günləri Yaşardan gördü. Hansı ki, atam nə fəxri ad aldı, nə də bir mükafat. Amma Yaşar onun arzularını yerinə yetirdi. Atam anama demişdi ki, əgər bu xəstəlikdən sağalıb ayağa qalxsam, səni dünyanın ən xoşbəxt qadını edəcəm. Əfsuslar olsun ki, xəstəlikdən sağalmadı”. Əli Əsgər  

Bizə qoşulun