“Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş” layihəsinin mətni üzrə danışıqlar yekunlaşsa da, onun imzalanması üçün hələ rəsmi Bakının irəli sürdüyü ön şərtlər var. Həmin ön şərtlərdən biri ATƏT-in Minsk qrupunun ləğvidir. Ləğv üçün isə Azərbaycanla Ermənistanın ATƏT-ə (Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı) birgə müraciəti gərəkdir.

Azərbaycan tərəfi Minsk qrupunu köhnəlmiş və qeyri-funksional bir qrup sayır və onu saxlamağın heç bir əhəmiyyəti olmadığını vurğulayır. Martın 13-də “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda işə başlayan XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edərkən Prezident İlham Əliyev bir daha bu şərti xatırladıb və deyib ki, ATƏT-in Minsk qrupu buraxılmalıdır: “Biz bu mesajı Ermənistana çatdırırıq və deyirik ki, Minsk qrupunun saxlanılmasında məntiq yoxdur. O, Qarabağ məsələsinin həlli üçün yaradılmışdı. İndi Qarabağ məsələsi həll olunub. Ermənistan Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır. ATƏT-in həmin qrupunun buraxılması üçün ümumi müraciətdə siz bizə niyə qoşulmursunuz? Onlar istəmirlər. Belə çıxır ki, onlar bir ayağını ərazimizdə yer saxlamaq üçün edir”.

Elə həmin gün Azərbaycanın Xarici İşlər Nazirliyi yaydığı bəyanatda Ermənistanla sülh sazişinin imzalanması üçün ATƏT-in köhnəlmiş və qeyri-funksional Minsk qrupunun və aidiyyəti strukturların rəsmi şəkildə ləğv olunmasını əsas şərtlərdən biri kimi vurğulayıb.
Bəs Ermənistan niyə Minsk qrupunun buraxılmasını istəmir? Niyə Yerevan bu qrupun buraxılması üçün Bakının irəli sürdüyü birgə müraciətə qoşulmur?
Mövzu ilə bağlı Medianews.az-a danışan millət vəkili, politoloq Hikmət Babaoğlu deyib: “Ermənistanda ümid edirlər ki, ATƏT-in Minsk qrupunun fəaliyyətdə qalması nə vaxtsa Qarabağ ermənilərinin yenidən Azərbaycana dönüşü ilə bağlı mexanizm rolunu oynaya bilər. Amma hər kəsə aydındır ki, belə bir perspektiv artıq yoxdur. Qarabağ erməniləri könüllü şəkildə Azərbaycanı tərk ediblər. Azərbaycanla Ermənistan arasında münaqişə başa çatıb. Ermənistanın baş naziri də Qarabağı Azərbaycanının tərkib hissəsi kimi tanıyıb. Dəfələrlə bununla bağlı bəyanat verib. Belə olan halda bir daha hər kəsə aydındır ki, vaxtilə Azərbaycan-Ermənistan münaqişəsini həll etmək üçün yaradılmış ATƏT-in Minsk qrupu artıq öz predmetini itirib. Yəni onun fəaliyyətini zəruri edən səbəb yoxdur. Ona görə bu qrup ləğv edilməlidir. Əks təqdirdə sülhün əldə olunmasına maneə törədəcək”.
H.Babaoğlu qeyd edib ki, artıq Ermənistan tərəfi sülh sazişinin imzalanması üçün Azərbaycanın irəli sürdüyü iki əsas ön şərti – Ermənistan Konstitusiyasının dəyişdirilərək oradan Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı iddiaların çıxarılması və ATƏT-in Minsk qrupunun ləğv olunması şərtlərini qəbul edib: “Biz başa düşürük ki, konstitusiyanın dəyişdirilməsi üçün referendum elan olunmalıdır. Yəni bu şərtimizə əməl etməsi üçün Ermənistana bir neçə ay vaxt lazımdır. Amma onlar doğrudan da sülh istəyirlərsə, indidən prosesə başlamalı, ləngimədən referendum gününü müəyyənləşdirməlidirlər. Azərbaycan Prezidentinin vurğuladığı kimi, Ermənistana etimad səviyyəsi sıfra bərabərdir, biz onların heç bir sözünə inanmırıq, bizə söz yox, sənədlər, yazılı kağızlar lazımdır. Ona görə Ermənistan öz konstitusiyasını gerçəkdən dəyişdirməli, eyni zamanda dərhal, önümüzdəki günlərdəcə Azərbaycanla birgə ATƏT-ə müraciət etməlidir ki, artıq Minsk qrupuna ehtiyac yoxdur. Çünki indi bu qrupun məşğul ola biləcəyi predmet yoxdur. Artıq Azərbaycan və Ermənistan arasında sülh var. 17 maddəlik sülh sazişinin bütün maddələri razılaşdırılıb. Bu da Minsk qrupunun ləğvi üçün daha bir tutarlı əsasdır. Ermənistan yaxın zamanda bu addımı atmayacaqsa, deməli, hələ də sülhə hazır deyil, beş ildir eşitdiyimiz manipulyativ bəyanatları səsləndirməklə məşğuldur”.

Medianews.az xatırladır ki, əsası 1975-ci ildə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi (ATƏM) kimi qoyulmuş ATƏT 57 ölkəni birləşdirir. Azərbaycan və Ermənistan quruma 1992-ci il yanvarın 30-da qəbul olunublar. 1992-ci il martın 24-də ATƏM-in Xarici İşlər Nazirləri Şurası Dağlıq Qarabağa dair sülh konfransının çağırılması qərarı qəbul edib. Konfransın Minskdə keçirilməsi nəzərdə tutulub. 1992-ci il mayın 1-də konfransın reallaşması üçün Minsk qrupu yaradılıb, konfransa hazırlıq məqsədilə italyan Mario Rafaelliyə mandat verilib. O, 1994-cü ilə qədər Minsk qrupunun sədri funksiyasını icra edib. 1994-cü ilin dekabrında həmsədrlik institutu yaradılıb, həmsədrlik Rusiya ilə İsveçə tapşırılıb. Sonradan İsveçi Finlandiya əvəzləyib. 1996-cı il dekabrın 30-da Finlandiya nümayəndəsinin əvəzinə Fransa təmsilçisi həmsədr təyin olunub, 1997-ci il fevralın 14-də Minsk qrupuna daha bir həmsədr ölkə qoşulub: ABŞ. Minsk qrupunda Azərbaycan və Ermənistanla yanaşı Belarus, Almaniya, İtaliya, İsveç, Finlandiya, Türkiyə də yer alıb.

Ermənistan 1988-1994-cü illərdə Azərbaycanın cənub-qərbini və Sədərək rayonunun 1, Qazax rayonunun 7 kəndini işğal edib, Dağlıq Qarabağ bölgəsində separatçı rejim qurub. 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın apardığı müharibə və savaşdan sonrakı danışıqlar, lokal hərbi əməliyyatlar nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın rayonları tam, Şuşa, Xocavənd, Xocalı, Ağdərə rayonları qismən azad olunub. 2023-cü il sentyabrın 19-da Azərbaycan Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd və Ağdərə rayonlarının bir hissəsinə nəzarət edən işğalçı rejimə qarşı hərbi əməliyyata başlayıb, ertəsi gün rejim tərksilah olmaq öhdəliyi götürüb, sentyabrın 24-dən ermənilərin Qarabağdan kütləvi köçü başlayıb, sentyabrın 28-də rejim özünü buraxıb. 2024-cü il mayın 24-də Ermənistan Qazaxın Aşağı Əskipara, Bağanıs Ayrım, Xeyrimli, Qızılhacılı kəndlərindən çəkilib. Sədərəkin Kərki, Qazaxın Barxudarlı, Sofulu, Yuxarı Əskipara kəndləri Ermənistan ərazisi ilə əhatə olunmuş (anklav) vəziyyətdədir.
Nailə, Qasımova,
Medianews.az