Qarabağda müvəqqəti yerləşdirilən Rusiyanın sülhməramlı kontingenti ötən gün Azərbaycanı birdəfəlik və tam olaraq tərk edib. Sosial mediada yayılan videogörüntülərdə sülhməramlı kontingentin Qarabağ istiqamətindən çıxaraq Azərbaycanı tərk etməsi zamanı Tərtər və Bərdə rayonlarından keçdiyi əks olunub. Bununla da Azərbaycanın Qarabağ məsələləri ilə bağlı bütün problemləri həll olunub. Müstəqil ölkəmizin bütün əraziləri üzərində suverenliyimiz tam təmin edilib.
Mövzu ilə bağlı Medianews.az-a danışan hərbi ekspert Elxan Şıxəliyev bildirib ki, Rusiya silahlı qüvvələrində şəxsi heyətə və hərbi texnikalara çox ciddi ehtiyac yaranıb.
Onun sözlərinə görə, şəxsi heyətə və hərbi texnikaya yaranan bu zərurət rusiyalı sülhməramlıların Azərbaycana gələn zaman perspektiv üçün qurulan planları alt-üst edib: “Rus sülhməramlı kontingentinin kolon şəklində təkərli texnikalarla Tərtər və Bərdə istiqamətində hərəkəti rəsmi məlumat deyil. Bununla belə, yayılan videogörüntülər Rusiya sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsi anlamına gəlir. Rus sülhməramlıları öz ərazilərinə ölkənin hansısa bölgəsindən qatarlara yüklənərək daşına bilərlər. Əsas məsələ bütün bunların Rusiya sülhməramlı kontingentin ölkəmizin ərazisindən çıxmasının əlaməti olmasıdır. Azərbaycanda antiterror tədbirlərindən sonra rus sülhməramlılarının bir hissəsinin öz ərazilərinə qayıtmasının şahidi olduq. Sözügedən hərbi kontingent Rusiya Cənub Dairəsinin bir hissəsi idi. Sülhməramlıların tamamilə ölkədən çıxması 2025-ci ilə təsadüf olunurdu və bunun olması ilə çox şeyin dəyişəcəyi ağla gəlmirdi”.
Hərbi ekspert əlavə edib ki, Antiteror tədbirlərindən sonra rus sülhməramlılarının qoruya biləcəyi bir subyekt və ya obyekt qalmayıb.
Onun qənaətincə, Rusiya Cənub Dairəsi bunu başa düşüb və sülhməramlıların Azərbaycanda qalmasını əlavə xərc hesab edib: “Sülhməramlıların ölkə ərazisindən çıxarılması 2025-ci ilədək bitən bir proses deyildi. Gözləntilər onların gələn il də bu məsələni uzadacaqları idi. Ermənilərin yenidən Qarabağa qayıtması və rusların ilkin mərhələdə nəzərdə tutduğu missiya həyata keçmədi. Bu səbəbdən də doğru qərar verdilər. Sülhməramlıların öz ərazilərinə tez qayıtması Rusiya-Ukrayna müharibəsində kifayət qədər faydalı ola bilər. Rusiya silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılması aradakı münasibətlərdə yeni mərhələyə yol açacaq”.
Vüqar MƏMMƏDOV