Aprelin 16-da Fransa Azərbaycandakı səfiri Ann Buayonu geri çağırıb. Rəsmi Paris bunun “Azərbaycanın birtərəfli fəaliyyəti, iki ölkə arasında münasibətlərə xələl gətirməsi” ilə bağlı olduğunu iddia edib. Bu gün isə səfir A.Buayonun Azərbaycana qayıtması, diplomatik fəaliyyətini davam etdirməsi xəbəri yayılıb.
Medianews.az xəbər verir ki, 14 gün əvvəl Bakını tərk edən fransalı diplomatın geri qayıtmasına politoloq Elxan Şahinoğlu münasibət bildirib.
O qeyd edib ki, əgər prezident Emmanuel Makron səfir A.Buayonu bir müddət də Parisdə saxlasaydı, rəsmi Bakı da Azərbaycanın Fransadakı səfirini geri çağıracaqdı.
Politoloqun sözlərinə görə, bu, münasibətləri daha da gərginləşdirə bilərdi: “Fransa prezidenti Emmanuel Makron Azərbaycandakı səfiri Ann Buayonu niyə Bakıya geri qaytarmağa qərar verdi? Səfir Bakıdadır və fəaliyyətini davam etdirir. Halbuki, Makron nümayişkaranə şəkildə aprelin 16-da Fransanın Azərbaycandakı səfirini “məsləhətləşmələr” adı ilə geri çağırmış və şəxsən onunla görüşmüşdü ki, bunu da anti-Azərbaycan addımı kimi qiymətləndirmək mümkündür. Makron səfiri bir müddət də Parisdə saxlasaydı, rəsmi Bakı da Azərbaycanın Fransadakı səfirini geri çağıracaqdı. Bu isə münasibətlərin daha da dibə vurması demək olacaqdı”.
E.Şahinoğlu deyib ki, E.Makron və müşavirləri gec də olsa yanıldıqlarının fərqinə varıblar: “Böyük ehtimalla Makron və onun müşavirləri hesablarında yanıldıqlarını anladılar. Birincisi, Makronun səfirini Parisdə saxladığı dövrdə Azərbaycanla Ermənistan sərhədin müəyyənləşməsində razılaşma əldə etdi. İkincisi, Makronun səfirini Parisdə saxladığı dövrdə Almaniya yenidən ön plana çıxdı və Prezident İlham Əliyev Berlində Olaf Şoltsla görüşdü”.
Politoloq vurğulayıb ki, E.Makronun anti-Azərbaycan siyasəti Fransanın Cənubi Qafqazdakı mövqelərini zəiflədib: “Bu, o deməkdir ki, əslində Makron ölkəsinin maraqlarına zidd siyasət yürüdüb. O, bu siyasətindən geri çəkiləcəkmi? Bunu yaxın aylarda görəcəyik. Hələliksə, Qarabağ separatçılarının nümayəndələrini əvvəlki illərdə olduğu kimi Parisdə tədbirlərə dəvət edir və bir qisminə mükafatlar təqdim edirlər”.
Turan ORUC