Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 13 illik fasilədən sonra aprelin 22-də İraqa tarixi səfəri bir çox məqamlarla yadda qalıb. O, səfər çərçivəsində İraq Prezidenti Əbdüllatif Rəşidlə, daha sonra Baş nazir Məhəmməd Şiya əl-Sudani ilə görüşüb. Türkiyə və İraq liderlərinin də iştirakı ilə hökumətlər arasında 30-a yaxın saziş imzalanıb. Ən mühüm razılaşmalar Şimali İraqın terrorçu Kürdüstan Fəhlə Partiyasından (PKK) təmizlənməsi üzrə birgə səylərə aid olub. Türkiyə ilə İraq “İnkişaf Yolu” nəqliyyat-logistika layihəsinin həyata keçirilməsi ilə bağlı da müqavilə imzalayıb. Dəyəri 17 milyard dollar təşkil edən bu layihə İraqın neftlə zəngin cənub bölgələrini Türkiyənin Aralıq dənizi sahilləri ilə birləşdirəcək nəqliyyat və logistika sisteminin, o cümlədən dəmir və avtomobil yollarının yaradılmasını nəzərdə tutur. Bağdad və Ərbildə (İraq Kürdüstanı) keçirilən danışıqlarda terrorizmlə mübarizə üzrə birgə əməliyyat mərkəzinin strukturu və fəaliyyəti, Şimali İraqda 30-40 kilometr dərinlikdə PKK-nın əsas bazalarının yerləşdiyi Hakurk və Metina, Zap, Qara bölgələrində təhlükəsizlik zonası və daimi Türkiyə bazalarının yaradılması məsələləri geniş müzakirə edilib. Artıq Türkiyə bu razılaşmalardan irəli gələrək bir sıra addımlar atıb.
Mövzu ilə bağlı Medianews.az-a danışan beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli deyib ki, Ankaranın Bağdadla bağladığı müqaviləyə görə, türk ordusu İraqla sərhəd boyunca 300, dərininə 40 kilometr ərazini əsgəri zona olaraq istifadə edə biləcək.
Ekspertin qənaətincə, əslində bu, Türkiyənin yeni sərhədidir: “Ərdoğanın tarixi Bağdad səfərində Türkiyə və İraq prezidentləri arasında mühüm razılaşma əldə olunub. Bununla bağlı xəritəyə baxsaq görərik ki, bu ərazi Türkiyənin çox önəmli bir hissəsini – cənub sərhədi boyunca 300 kilometrə yaxın bir ərazisini əhatə edir. Bu tampon bölgənin dərinliyi 40 kilometrdən artıqdır. Bura PKK-nın çox fəal olduğu Zaho, Zap, Avaşin, Metina, Qara, Hakurk kimi bölgələr daxildir. Ankara ilə Bağdadın razılaşması nəticəsində Türkiyə bu tampon bölgədə qalıcı şəkildə hərbi əməliyyatlar icra edəcək. Türkiyənin cənubunda yerləşən bu bölgəyə logistik olaraq dağlıq ərazilərdən keçmək lazımdır. Türkiyənin o bölgədə hərbi baxımdan logistik, təchizat problemləri var. Həmin hərbi təchizatı İraq tərəfi öz üzərinə götürmüş olub. İkinci bir məsələ budur ki, İraqın “İnkişaf Yolu” layihəsi var və onun vasitəsilə Türkiyənin ərazisindən keçməklə, Sakit okeandan Aralıq dənizinə qədər qlobal meqalayihə həyata keçirilir. Bu, təxmin 17 milyard dollar dəyərində layihədir. İraq bu layihəni Türkiyə vasitəsi ilə reallaşdırır. İraqın burada planı həm ölkəni qlobal kommunikasiya sisteminə qoşmaqdır, həm də təhlükəsizliyini Türkiyənin əli ilə təmin etməkdir. Nəticədə İraqın indiki rəhbərinin siyasəti bir az antiamerikan əhvalına doğru yönəlməkdə və Türkiyədən ciddi dəstək almaqdadır. Bununla İranın da İraqdakı şiə kəsimi üzərindəki təsir imkanları da sıfırlanır”.
Ə.Əlibəyli söyləyib ki, razılaşmadan irəli gələrək, PKK İraqda məhv ediləcək, türkmən bölgələri yenidən qurulacaq, İran isə oyundankənar vəziyyətə salınacaq. Ekspertin sözlərinə görə, artıq Türkiyəni oradan kimsə çıxara bilməz: “Burada əsas hədəf İraq ərazisindəki PKK-nı sıradan çıxarmaq, bərzanilərin vasitəsi ilə PKK-nı İraqda məhv etməkdir. Bu prosesin davamı olaraq, çox güman ki, Türkiyə növbəti mərhələdə Suriya ilə də belə müqavilə imzalayacaq. Bu yaşıl xətt Aralıq dənizinə qədər paralel şəkildə uzana bilər. Geosiyasi olaraq bu addımlar Türkiyəyə Aralıq dənizi bölgələri üzərində ciddi üstünlük gətirəcək, kommunikasiya üzərində nəzarəti ələ keçirməsi ilə nəticələnəcək. Çox güman ki, İraqın da razılığı ilə Türkiyə hərbi baxımdan bu bölgədə – bufer zonada güclənəcək. Perspektivdə isə Ankara bu ərazidə özü üçün türkmənlərdən ibarət mülki baza, resurs formalaşdıracaq, Türkiyəyə dəstək verən kürdləri də əhatəsinə alacaq”.
Ekspert deyib ki, Türkiyənin İraq və Suriya ərazisində terrorçulara qarşı mübarizə aparması, bufer zona yaratması heç bir halda həmin ölkələrin suverenliyinə, ərazi bütövlüyünə qarşı yönəlməyib: “Türkiyənin bu addımı digər dövlətlərin ərazi bütövlüyünə xələl gətirmək məqsədi daşımır. Təhlükəsizlik amili bir ölkənin başqa ölkə ərazində müxtəlif hərbi hərəkətlər həyata keçirmək hüququnu, şansını tanıyır. O prizmadan Türkiyənin addımları leqaldır. İraqın da bu məsələdə Türkiyənin əleyhinə çıxmağını güman etmək olmaz. Lakin bu müqaviləyə iki vacib mərkəzdən ciddi bir reaksiyanın gəlməsi gözlənilir. Təbii ki, bu layihə və razılaşma ABŞ-yə qarşıdır. Vaşinqtonun bu məsələdə mövqeyi bəllidir. Türkiyə ilə İraq arasındakı bu razılaşmaya İsrail və İranın hansı reaksiya verəcəyi çox maraqlıdır. Çünki onların da bu bölgədə real resursları var. Terrordan tutmuş şiə çoxluğunu ayağa qaldırmaq və dövləti sabotaj etmək kimi məsələlər var”.
Lamiyə MİRZƏYEVA