Qazaxıstan tərəfinin təklifi ilə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşünə dair yeni razılaşma əldə olunub. Nazirlərin növbəti görüşünün Almatıda keçiriləcəyi təsdiqlənib. Rəsmi İrəvan Ermənistan və Azərbaycan XİN rəhbərlərinin Almatıda görüşünə hazır olduğunu bəyan edib. Eyni qaydada Azərbaycan tərəfi də bu görüşün keçirilməsinə razılıq verib.
Maraqlıdır, Almatıda XİN başçılarının əsas müzakirə mövzusu nə olacaq? Perspektivdə Qazaxıstan Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına da ev sahibliyi edə bilərmi?
Mövzu ilə bağlı Medianews.az-a danışan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Sahib Alıyev bildirib ki, Prezident Kasım-Jomart Tokayevin Qazaxıstanda sülh danışıqlarının aparılması təklifi onun martın 11-də Azərbaycana səfəri zamanı razılaşdırılıb.
Millət vəkilinin sözlərinə görə, ola bilsin ki, məhz rəsmi Bakının istəyi ilə Qazaxıstan Prezidenti belə bir təşəbbüs irəli sürüb: “Qazaxıstanın Rusiya ilə sıx əlaqələri var. Belə olduğu halda, sözügedən görüş rəsmi Moskvanın da razılığını zəruri edir. Bu təklif Azərbaycan və Türkiyə prezidentlərinin irəli sürdüyü “3+3” regional əməkdaşlıq formatının məntiqinə də uyğun gəlir. Belə ki, Türkiyə, Rusiya və İran məhz Qazaxıstanda Suriya ilə bağlı razılığa gəldilər. Nəticə etibarilə, rəsmi Astananın bu təşəbbüsü vasitəçi kimi çıxış etməyə hesablanmayıb. Qazaxıstanın istəyi danışıqlar üçün platforma təqdim etməkdir. Tərəflərin görüşündə Qazaxıstanın hər hansı geosiyasi ambisiyası yoxdur”.
Deputat S.Alıyev deyib ki, görüşün paytaxt Astanada deyil, Almatıda keçirilməsində də rəmzilik var: “Qərbdəki bəzi dairələr Ermənistanın maraqlarına uyğun davranırlar. Onlar tez-tez hər iki dövlətlərin sərhədlərinin müəyyənləşdirilməsi məsələsində Almatı deklarasiyasının adını çəkirlər. Halbuki, səhifə yarımlıq Almatı deklarasiyasına ermənilər ondan artıq düzəliş ediblər. Üstəlik, əgər sovet dövrünə qayıtsaq, o zamanlar Azərbaycanla Ermənistan arasında inzibati sərhədlər dəqiqləşdirilməmişdi və sonradan da bu, yarımçıq qaldı, unuduldu. Ümumiyyətlə, bu cür görüşlərin harada keçirilməsi geosiyasi amil baxımından önəmlidir”.
Millət vəkili söyləyib ki, sülh danışıqlarının vasitəçisiz aparılması rəsmi Bakı üçün mühümdür: “Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda Prezident İlham Əliyev çıxış etdi. O bildirdi ki, qarşımızdakı məqsəd baza prinsiplərinə dayanan sülh danışıqlarının əldə edilməsidir. Əlbəttə, biz bu anlaşmanın Bakıda COP29 sammitində imzalanmasını istərdik. Həmçinin, COP sammitində Azərbaycan və Ermənistan tərəflərinin bir-birinin əleyhinə çıxış etməməsi bir ilk idi. Növbəti sammitin Bakıda keçirilməsi ölkəmizin rəsmi İrəvanla danışıqlarının nəticəsidir. Bunun sülh danışıqları ilə nəticələnməsi də müsbət hadisə olardı. İstənilən halda, sülh müqaviləsinin harada imzalanması Azərbaycan üçün önəmli deyil. Əsas məsələ danışıqların ikitərəfli formatda əldə olunmasıdır və həmin proses günümüzdə də həyata keçirilir”.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə Medianews.az-a açıqlamasında deyib ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü ilk dəfədir regiona yaxın bir ərazidə, özü də hansısa üçüncü tərəfin vasitəçiliyi olmadan keçiriləcək.
Millət vəkilinin qənaətincə, bu fakt onu göstərir ki, Azərbaycan və Ermənistan iki qonşu ölkə kimi daha da yaxınlaşmağa, münasibətləri normallaşdırmağa hazırdır: “Tərəflər arasında müzakirə olunacaq mövzu ilk növbədə sülh müqaviləsinin işlənməsidir. Tərəflərin verdiyi bəyanatlara görə, sülh müqaviləsi əsasən hazırdır. Lakin ümumi razılığa gəlinəcək bir qrup məsələlər var ki, onların üzərində işləmək lazımdır. Müstəqillik əldə etdikləri dövrdən müharibə vəziyyətində olan iki ölkənin birdən-birə sülh müqaviləsi hazırlaması asan məsələ deyil. Bununla belə, bu gün bunsuz regionda uzunmüddətli sülh və əmin-amanlıq da mövcud ola bilməz”.
Deputat A.Mirzəzadə söyləyib ki, Almatıda müzakirə ediləcək məsələlər içərisində sərhədlərin delimitasiyası və demarkasiyası da yer alacaq: “Qazaxın 4 kəndinin qaytarılması məsələsi artıq razılaşdırılıb. Ermənistan mayın 15-ə kimi bu kəndləri boşaltmalı və hər iki ölkənin sərhədçiləri demarkasiya olunmuş 12 kilometrlik ərazidə öz mövqelərində dayanmalıdırlar. Nəzərə alaq ki, Ermənistanın işğalı altında daha 4 kəndimiz var. Həmçinin sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı bir dəfə deyil, çoxsaylı görüşlərin keçirilməsi mümkündür. İki ölkə arasında müzakirə olunan məsələlərin ortaq məxrəcə gətirilməsinə böyük ehtiyac var. Danışıqların intensiv getməsi sülhün tezliklə əldə olunmasına və tərəflərin növbəti mərhələyə, normal qonşuluq münasibətinin bütün sahələrinin işlənməsinə gətirib çıxaracaq”.
Vüqar MƏMMƏDOV