2023-cü ildə keçirilən antiterror əməliyyatından sonra Azərbaycanın hüquq-mühafizə orqanları Qarabağda qondarma qurumun “prezidentləri” olmuş Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, sabiq “xarici işlər naziri” David Babayan, eləcə də “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan və keçmiş “dövlət naziri” Ruben Vardanyanı həbs edərək Bakıya gətirib. Hazırda Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq təcridxanasında saxlanılan separatçılar sülh və insanlıq əleyhinə, müharibə cinayətlərində, terrorçuluqda, terrorçuluğu maliyyələşdirmədə, qətl, qanunsuz silahlı birləşmə yaratmaqda və sair cinayət əməllərində təqsirləndirilirlər.
R.Vardanyana qarşı da Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham irəli sürülüb.
Rusiyalı milyarder kimi tanınmış, Rusiya Federasiyası vətəndaşlığından çıxıb Ermənistan vətəndaşlığını qəbul edərək qondarma Dağlıq Qarabağ Respublikasının “dövlət naziri” olmuş, hazırda isə törətdiyi cinayət əməllərinə görə Bakıda həbsdə olan separatçı R.Vardanyan “xeyriyyəçilik” və “humanitar” fəaliyyətinə görə, 2024-cü il Nobel Sülh Mükafatına namizəd göstərilib. Erməni revanşistin ofisinin ötən gün yaydığı məlumata görə, onun namizədliyi bir sıra nüfuzlu şəxslər, o cümlədən Nobel Sülh Mükafatı laureatı tərəfindən təklif olunub.
Sülh və insanlıq əleyhinə olan terrorçuluğu maliyyələşdirmədə, qanunsuz silahlı birləşmə yaratmaqda, dövlət sərhədini qanunsuz olaraq keçmədə təqsirləndirilən bir şəxsin Nobel Sülh Mükafatına namizəd göstərilməsi nə deməkdir? Bu mənzərə nəyi ortaya qoyur? R.Vardanyanı Nobel Sülh Mükafatına namizəd göstərənlərin məqsədi və hədəfi nədir?
Mövzu ilə bağlı Medianews.az-a danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu bildirib ki, revanşist və cani R.Vardanyanın Nobel Sülh Mükafatına namizəd kimi göstərilməsi, əslində bu mükafatın özünün gözdən salınmasıdır.
Millət vəkilinin sözlərinə görə, bir sıra hallarda Nobel Sülh Mükafatı siyasi məqsədlərə xidmət edir: “Ruben Vardanyan etnik separatçılıqdan silah alverinə qədər, çirkli pulların yuyulmasından tutmuş başqa ölkənin sərhədlərini qeyri-qanuni keçməyə edərək müxtəlif cinayətlərdə ittiham olunaraq həbs edilib. Onun əldə etdiyi silahlar yüzlərlə insanın həyatına son qoyub, minlərlə cinayətin törədilməsinə səbəb olub. Belə olan halda bu cür bir caninin Nobel Sülh Mükafatına namizəd kimi göstərilməsi, əslində bu mükafatın özünün gözdən salınmasıdır. Lakin biz Nobel Sülh Mükafatının bəzən siyasi məqsədlərə xidmət etdiyini də görürük. Nobel Sülh Mükafatı verən komissiya müxtəlif vaxtlarda öz ölkəsində cinayət törətmiş, ancaq Qərbin gözündə Qərb dəyərlərini, insan hüquqlarını qoruyan şəxs kimi tanınan fərdlərə də bu mükafata layiq görülür. Ruben Vardanyan məsələsi isə, tamamilə fərqli bir hadisədir”.
Deputat vurğulayıb ki, cani R.Vardanyan beynəlxalq hüquqa zidd hərəkət edərək, birbaşa gözlə görünəcək cinayət əməli törədib, başqa ölkənin ərazisinə qanunsuz soxulub və orada etnik-separatçı fəaliyyətlə məşğul olub: “Bunlar bütün dünyanın gözü önündə baş verib. İndi Ruben Vardanyanın Nobel Sülh Mükafatına layiq görülməsi Azərbaycana qarşı yeni informasiya müharibəsinin elan olunması cəhdləridir. Çünki, bu mükafatın mümkün təqdimatı şübhəsiz ki, Ruben Vardanyan ətrafında bir informasiya xaosu yaradacaqdır. Onu, həyatını xeyriyyəçiliyə, insanpərvərliyə, dəyərlərin təbliğinə, insan hüquqlarının qorunmasına həsr etmiş bir insan kimi təqdim edəcək, belə bir şəxsin Azərbaycan tərəfindən həbs olduğunu bütün beynəlxalq ictimaiyyətə təqdim edəcəklər. O baxımdan da Ruben Vardanyanın Nobel Sülh Mükafatına namizəd kimi təqdim olunması Azərbaycana qarşı yeni informasiya müharibəsinin açılmasıdır. Görünür ki, bu ideyanı məhz bu məqsədlə irəli sürüblər ki, Azərbaycan hökumətini daim təzyiq altında saxlamaqla, qlobal informasiya məkanında ölkəmizin mənfi imicini formalaşdırsınlar. Bu yolla Azərbaycanı insan hüquqlarını pozmaqda ittiham etsinlər. Digər tərəfdən, bu təzyiqlər vasitəsilə Azərbaycan hakimiyyətini məcbur etməyə çalışacaqlar ki, Ruben Vardanyanı həbsdən açıb buraxsın. Buna nail olmaq istəyirlər. Ona görə də, bu, təhlükəli bir hadisədir”.
H.Babaoğlunun qənaətincə, bütün imkanlardan istifadə edilərək, belə bir hadisənin baş verməsinin qarşısını almalıyıq: “Nəticə etibarılə Nobel Sülh Mükafatı Bakıda neft biznesi ilə məşğul olan Nobel qardaşlarının varidatı əsasında təsis edilmiş bir mükafatdır. Bu isə məsələnin tamamilə ayrı bir tərəfidir. İronik bir vəziyyət yaranır. Ümid edirəm ki, Nobel Sülh Mükafatını təqdim edən komissiya bu qədər də obyektivliyini itirməyəcək, öz səviyyəsini Ruben Vardanyan kimi cinayətkara sözügedən mükafatı vermək qədər aşağı salmayacaq”.
Lamiyə MİRZƏYEVA
Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” mövzusunda hazırlanıb.