“Nüvə silahı əldə etmək istəyən dövlətlərin sayı artdıqca, bu, nüvə silahı olmayan ölkələrdə narahatlıq yaradır. Siyasətçilər və ekspertlər “nüvə müharibəsi” ifadəsini tez-tez işlətməyə başlayıblar. Rusiyanın Ukraynaya qarşı apardığı müharibə fonunda Kreml Qərb dövlətlərini nüvə silahı ilə hədələyir. Digər tərəfdən İran nüvə silahı əldə edərsə, Türkiyə və Səudiyyə Ərəbistanı da nüvə silahı əldə etmək barədə düşünəcəklər. Çinin nüvə silahlarının sayını artırması bu ölkənin qonşularını ciddi narahat edir”.
Medianews.az xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.
O qeyd edib ki, Yaponiya, Cənubi Koreya və Hindistan nüvə mövzusunda, o cümlədən tərk-silah və nüvə silahlarının yayılmaması barədə dialoq aparırlar.
Politoloqun sözlərinə görə, bu 3 ölkə uzun illər nüvə tərk-silahının tərəfdarı olublar, nüvə sınaqlarına qadağa müqaviləsi və parçalanan materialların istehsalının dondurulmasını təklif ediblər: “Hindistan və Cənubi Koreya nümayəndə heyətləri aprelin 26-da nüvə, kimyəvi və bioloji sahələrlə bağlı tər-ksilah və silahların yayılmaması sahəsindəki inkişaflara dair danışıqlar aparıblar. Cənubi Koreyanın paytaxtı Seulda keçirilən məsləhətləşmələrdə regional silahların yayılmaması ilə yanaşı, kosmos təhlükəsizliyi ilə bağlı məsələlər, hərbi sahədə süni intellekt daxil olmaqla, adi silahlar və çoxtərəfli ixraca nəzarət rejimləri də müzakirə edilib. Cənubi Koreya ilə Hindistan arasında ticarət əlaqələri də ildən-ilə artır. Bu iki dövlət strateji tərəfdaşa çevriliblər”.
E.Şahinoğlu vurğulayıb ki, aprelin 24-də Yaponiya da Hindistanla tərk-silah, silahların yayılmaması və ixraca nəzarət üzrə məsləhətləşmələrin 10-cu raundunu keçirdib: “Tokioda keçirilən görüşdə də mövzu eyni olub, tərəflər nüvə, kimyəvi və bioloji sahələrə aid silahsızlanma və yayılmama, kosmosun təhlükəsizliyi, nüvə silahlarının yayılmaması, adi silahlar və ixraca nəzarət sahələrindəki inkişaflar barədə fikir mübadiləsi aparıblar. Hindistan nüvə silahına malik olsa da, Çinin nüvə arsenalını artırmasından narahatdır. Bu narahatlığı Cənubi Koreya və Yaponiya da bölüşür. Tokio, Seul və Dehli Çinin kosmosdakı tədqiqatlarından da narahatdırlar. Pekin kosmik tədqiqatlara böyük maliyyə ayırmaqdadır. Kosmosdan hərbi məqsədlər üçün də istifadə etmək olar. Çinin süni peyklərinin sayı artıb. Pekin kosmosun öyrənilməsində Rusiya və ABŞ ilə rəqabət gücünü artırıb. Vaşinqtonda hesab edirlər ki, Çinin növbəti məqsədi aya süni peyk göndərməkdir”.
Turan ORUC