Ərzaqlar bir-bir bahalaşır, cibimizdə isə siçan oynayır. Dünyada baş verən müharibələr, ekoloji təhlükə, qida qıtlığı həyatımız üçün ciddi təhlükə halına gəlib. Avqustun 24-də BMT-nin baş katibi Antoniu Quterreş 2023-cü ildə dünyada ciddi qida çatışmazlığının olacağı barəsində xəbərdarlıq edib. Cəmiyyəti hazırda bu məsələ narahat edir. Bəs ölkəmiz qarşıda bizi gözləyən fəlakətə – qida çatışmazlığına hazırdır mı?
Məsələ ilə bağlı Medianews.az-a danışan İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri, iqtisadçı-ekspert Ruslan Atakişiyev bildirib ki, bütün problemlər pandemiyadan sonra ortaya çıxıb:
“Pandemiyadan sonra dünyada bir çox problemlər ortaya çıxdı. Birləşmiş Millətlər Təşkilatının hesabatları da göstərir ki, qida qıtlığı daha çox 3-cü dünya ölkələrində, yəni kasıb dövlətlərdə ağır formada yaşanır. Təbii ki, qida çatışmazlığı deyəndə ağlımıza İkinci Dünya müharibəsində yaşanan qıtlıq gəlməməlidir. O zamanlar insanlar çörək tapmırdılar. İndi məhsullar tapılacaq, lakin qiyməti əl yandıracaq. Ona görə də hər kəs məhsul ala bilməyəcək. Xüsusilə həssas təbəqənin vəziyyəti ağırlaşacaq”.
Ekspert qida probleminin ortaya çıxmasına səbəb olan amilləri də açıqlayıb:
“Qida probleminin ortaya çıxmasının bir çox səbəbləri var. Buna quraqlığın artması, daşqınlar, təbii fəlakətlər, dünyada insan artımı, Rusiya-Ukrayna müharibəsi təsir edib. Qida qıtlığı xəbərdarlığı həmişə olub. Lakin son zamanlar məsələ daha da ciddi hala gəlib”.
Ruslan Atakişiyevin fikrincə, Azərbaycan qıtlığa hələ tam hazır deyil:
“Hər ölkənin qida çatışmazlığına qarşı müdafiə mexanizmi var. Azərbaycan da ərzaq təhlükəsizliyi ilə bağlı müxtəlif dövlət proqramları qəbul edib. Baş nazirin yanında İqtisadi Şurada bu məsələlər tez-tez müzakirə edilir. 2022-2026-cı illər üzrə Azərbaycan Respublikasının Sosial iqtisadi inkişafı üzrə dövlət proqramında qıtlıq nəzərə alınaraq təhlükəsizlik üçün addımlar atılıb. Həmin proqramda məhz yerli istehsalın inkişaf etdirilməsi hədəflənib. Qida təhlükəsizliyi məsələsinin əsas həll yollarından biri kənd təsərrüfatının inkişaf etdirilməsidir. Bu sahədə tətbiq olunan dəstək proqramları genişdir. Lakin ümumi problemlər yenə də qalmaqdadır. Ölkəmizdə instensiv istehsala keçid hələ formalaşır. Kənd təsərrüfatında proqnozlaşdırma və ona uyğun ixtisaslaşma da çox zəif gedir. Kadr çatışmazlığı problemi də vəziyyəti daha da çətinə salır. Gözlənilən qıtlıqda əhalinin həssas təbəqəsini qorumaq üçün addımlar atılacaq”.
Xanlar Əlibəy
Medianews.az