Bir çox insanın şikayət etdiyi məsələlərdən biri də işsizlikdir. Vətəndaşlar bildirirlər ki, işəgötürənlərin tələbləri bitmir. İş elanlarına baxdıqda da görürük ki, çox zaman yaş həddi olaraq 30-35 yaş müəyyən edirlər. Çox zaman da işə götürərkən qadın namizədə üstünlük verilir. Bu hal iş elanlarında da əks olunur. Qanunvericiliyimizdə bu hal gender bərabərliyi hüququnun pozulması deməkdir. Lakin qadın namizədlər üçün də yaş həddi 30 yaşa kimi olur. Bəs vətəndaşlar necə iş tapsın? İşəgötürənlərin belə davranmasına səbəb nədir?
Mövzu barədə Medianews.az-a danışan İnsan Resursları Layihələri üzrə aparıcı mütəxəssis Aygül Dərvişova dedi ki, bu mövzu hazırkı zamanın aktual movzularından biridir:
“Yaşı 35-dən yuxarı olan şəxslərin işə qəbul edilməsində işəgötürən tərəfindən uyğun hesab etmədiyi hallar olur. Daha çox üstünlüklər 35 yaşa kimi olur, ancaq bu yanaşmanı doğru hesab etmirəm. Sahəsindən asılı olmayaraq yaş təcrübə deməkdir. Uğurlu insanların yaşı artdıqca daha çox təcrübə qazandıqlarının şahidi olmuşuq. Bir çox sahələrdə təcrübə böyük önəm kəsb edir. Bəzi ixtisaslarda, bəli, yaş önəmlidir. Amma zənnimcə bu yaş həddi 35-40 olmalı deyil. Bu məsələyə işəgötürənlərin təcrübə və uyğunluq meyarı ilə baxmaqlarını daha doğru hesab edirəm”.
Mütəxəssis bildirdi ki, şəxsin həmin vəzifəyə uyğunluğu da vacibdir:
“O ki qaldı gender (kişi və qadın) bərabərsizliyinə, təəssüf ki, hələ də, bu kimi yanaşmaların olmasını eşidirəm. Bu hallar daha çox işə qəbul zamanı rast gəlinir. İşəgötürən vakansiyaya kişi namizəd (və ya qadın namizəd) axtardıqlarını bildirir, ancaq gəlin, işəgötürənlər tərəfindən də düşünək, çox rast gəlinir ki, xanım namizədlərin uğurlu olduğu ixtisaslar var, eynilə, kişi namizədlərin də uğurlu olduğu ixtisaslar var. Seçimdə bu meyarlara üstünlük verilir, namizəd seçilmirsə, insanlar öncə ayrı-seçkiliyi düşünməməlidirlər. Həmin vəzifəyə nə qədər uyğun olub olmadığına fikir verməlidirlər. Qabaqcıl və inkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq, görərik ki, onların işə qəbul prosesində işəgötürən və işçi arasında bu kimi münəsibətlərə yol verilmir. Hətta dövlət qanunvericiliyi bu kimi halları aşkarlayanda çox ciddi cərimə və sanksiyalar tətbiq edə bilər. Cərimə və sanksiyaların yaratdığı bir mühit var ki, artıq insanları bilik bacarığına görə, vakansiyaya uyğunluğuna görə seçirlər. Cins və yaş məhdudiyyəti demək olar ki, artıq problem deyil”.
Aygül Dərvişova qeyd etdi ki, işəgötürənlərə qoyulan tələblər şirkətin öz tələbləridir:
“Azərbaycan Respublikasının qanunlarına əsasən də deyə bilərəm ki, ictimai həyatın siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrində cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin edilməsi qəti yolverilməzdir. Qanunlarımız vakansiyanın tələblərinin namizədin bilik bacarıqlarına əsasən işə qəbul prosesini dəstəkləyir. İşə qəbul siyasəti hər bir şirkətin özünün daxili proseduru, dəyərləri, siyasəti, mədəniyyəti və mühitinə uyğun olaraq aparılır. Bununla paralel olaraq, çalışmalıyıq ki, insani, bəşəri, qanunvericilik hüquqlarını pozmayaq”. Mütəxəssisin fikrincə, işəgötürənlərin atdığı bu addımlar yanlışdır: “Hesab edirəm ki, ən doğru yanaşma vakansiya tələblərinin namizədin bilik və bacarıqlarını nə dərəcədə dəstəkləməsidir. Mənə görə ən önəmli məqam budur. Yaş, cins, burada seçim olmalı deyil. Yaşı çox olub daha enerjili ola bilər. Elə xanımlar var ki, bəylərdən daha bacarıqlı ola bilər. Elə bəylər var ki, xanımlardan daha yaxşı iş görə bilər. Əsas vakansiya tələbləri və namizədin bilik və bacarıqlarının uyğun olmasıdır”.
Zərif Ülvizadə
Medianews.az