Ölkənin ictimai-siyasi gündəminin baş meydanı Feysbukdur. Bütün müzakirələr, debatlar, polemikalar burda gedir, məsələlər burda həll olunur. Seçki burda keçirilir, vəzifələrə namizədlərin adları ilk dəfə burda çəkilir. Mühakimələr burda, müvəkkilik burda.
Söhbət nədən başlanır, başlansın, mütləq gəlib 5-6 başqa cığıra düşür. Hər kəs mövzunu özü istədiyi səmtə, öz sözləri ilə desək, öz “tema”sına çəkir.
Feysbukun necə bir yer olduğunu bilmək istəyirsinisə, imtahan üçün, götürün, belə status yazın: “Pambıq ağ və yumşaqdır”.
Sonra baxın, görün, nə baş verəcək. Bir texnologiya bilicisi tapılacaq, dərhal yazacaq: “Amma onu presləyib bərkitmək və rəngləmək olur, hi-hi-hi”.
“Hi-hi-hi” rubrikasını davam etdirən biri yazacaq: “Pambıq insana həmişə lazımdır, hətta öləndən sonra da…he-he-he”.
Ardınca biri sovet nostaljisinə qapılacaq: “Vaxt vardı, dövlətə 1 milyon ton pambıq, 3 milyon ton üzüm verirdik. SSRİ-nin bütün şəhərləri bizim çaxırı içirdi, hanı o günlər?”
Bu yerdə bir dindar mütləq çaxır söhbəti edən istifadəçiyə cavab verəcək: “Çaxır haramdır. Ondan gələn xeyir gəlməz olsun. Yeri gəlmişkən, bu gün mübarək Yaqub peyğəmbərin mövlududur, ona salamlar olsun”.
Bir nəfər sovet nostaljisi xəttini inkişaf etdirəcək: “O vaxt bizi yığıb aparırdılar pambıq toplanışına… Nə gözəl günlər idi”.
Sovet xiffəti çəkənlərin ağzının üstündən vuran olmazmı? Mütləq olacaq və yazacaq: “Pambıq qul əməyidir (c). Nəyini tərifləyirsiniz? Xalqı zəhərli pambıq tarlalarında qul kimi işlədirdilər, istismar edirdilər”.
Bu istiqamət ta Moskvanın ölkəmizin digər sərvətlərini mənimsəməsi və ona cavab olaraq Rusiyanın ölkəmizdə böyük-tikinti quruculuq işləri aparması mövzusunda mübahisə ilə davam edəcək.
Bununla paralel mütləq kimsə söhbətə məcazi prizmadan yanaşacaq: “Belə baxanda pambıq təkcə yumşaq deyil, həm də kəsici-deşici alətdir. Pambıqla baş kəsənlər var”.
Bu şərhə cavab olaraq profilinə məşhur generallardan birinin şəklini qoymuş, nik olaraq “Cəsur ürək” adı seçmiş biri “pambıqla baş kəsən oliqarx”larının adının çəkilməsini tələb edəcək, lap axırda da yazacaq: “Açıq yazmaq lazımdır e. Hünəriniz çatır, “Tərtər işi”ndən yazın”.
Ona cavab da gecikməyəcək: “Belə cəsur oğlansan, özün yaz”. Əgər “Cəsur ürək” bu iradı ürəyinə salsa, cavab verəcək və söhbət qarşılıqlı söyüşmə ilə bitənə qədər uzanacaq, yox, “Cəsur ürək” iradı başqa əzasının öhdəsinə versə (atsa), söhbət bitəcək.
Elə çıxmasın ki, pambıq mövzusu burada bitər. Elə şey olarmı? Bəs bir iqtidar təəssübkeşi gəlib AXC-Müsavat dövrüylə bağlı söz soxmasınmı? Onsuz olmaz, müzakirə yarımçıq qalar: “Gəlmişdilər də, gördük. Bütün pambıq plantasiyalarını ona-buna satdılar. Üzüm bağları da cəbhəçilərin vaxtında doğrandı”.
Təbii ki, dərhal bir keçmiş cəbhəçi peyda olacaq və “atəş nöqtəsi”nə sərrast güllə atacaq: “O torpaqların hamısı indiki məmurlara məxsus deyilmi? Əksinlər də. Pambıq da əksinlər, üzüm də”.
Başqa bir dindar mütləq üzüm əkilməsi ilə bağlı öz konkret mövqeyini bildirəcək: “Çaxırlıq sortların əkilməsi vacib deyil. Süfrə üzüm sortları əkmək olar. Eləcə də kişmiş hazırlamaq üçün”.
Əgər burada bir iqtisadçı ortaya çıxıb dünya bazarına çıxarılan brend şərabın gətirdiyi gəlirin həcminə dair icmal versə, söhbət uzana, anti-şərabçı mömin ona “kafir” damğası vura bilər.
Heç ola bilməz ki, status müəllifi qınaqlardan kənar qalsın. Mütləq kimsə öz tənqid oxunu ona yönəldəcək: “A bəy, ilin-günün bu vaxtında bu nə pambıq söhbətidir? Korrupsiyadan yaz, məmur özbaşınalığından yaz. Yaz, görək, hökumət Xankəndini, Ağdərəni işğaldan nə vaxt azad edir e…”.
Bu dəfə iqtidar tərəfdarı yeni mübahisə cığırı açacaq: “Sizin Cəbhə iqtidarının vaxtında verilən torpaqları biz geri aldıq. Siz bu mövzuda danışmayın”.
Bir başqası başqa cür müxaliflik edəcək: “Siz heç bilirsiniz ki, hazırda pambıq mafiyasının başında kim durur? Bunu araşdırın, yazın, deyim, hə”. Əgər durub yazsan ki, bəy, özün pambıq mafiyasının kimlərdən ibarət olduğunu bilirsənsə, yaz, bilək, yazacaq ki, bu, mənim işim deyil.
Tutaq ki, həmin gün gündəmdə başqa “tema”lar da var. Onları bir-birinə qatanlar da olacaq: “Özünü Qarabağım pambıq bəyləri kimi aparan Manafı da gördünüz də, basdılar içəri, getdi”.
Mövzuda “Manaf cığırı” o yerə qədər inkişaf edə bilər ki, ölkədə “Maybax” sürənlərin adları sadalanar. Bu mübahisənin axırında mütləq xalq günahkar çıxacaq, şərh yazanlar razılığa gələcək ki, o adamları biz qudurtmuşuq.
Bəs bu mövzudan ənənəvi “Rusiya yaxşıdır, Amerika pisdir” və “ABŞ hüquqi dövlətdir, Rusiya istibdad yuvasıdır” boğuşmasına keçmək olarmı? Çox asan. Məsələn, biri yazar ki, pambığı ən yaxşı emal edən ölkə ABŞ olub, cins şalvarları icad edib, budur, 120 ildir dəbdən düşmür. Hansı əqidəli ruspərəst bu cümləyə susqun qalar? Mütləq biri çıxıb yazacaq ki, bilirik, bilirik, zənciləri plantasiyalarda qul kimi işlədirdilər, sən get “Tom dayının daxması” kitabını oxu… Vəssalam, “ABŞ-Rusiya savaşı” da belə başladı…
Bax, bura belə bir yerdir. Burada bir ilk dəfə səhifə açan (yeni doğulan) özünü xoşbəxt sayır, bir də səhifəsini bağlayıb aradan çıxan.