O vaxt Gürcüstanla Avropa Birliyi arasında vizasız gediş-gəliş rejimi bərqərar olunanda biz açıq-aşkar qonşuya həsəd aparırdıq. Düşünürdük ki, keşkə, Avropa ilə bizim də aramız eləcə açılaydı.
Bu arzunu ürəklərində becərənlər iki qrupa bölünürdü. Birincilər Avropaya səyahət etməyi xoşlayan və vaxtaşırı hansısa ölkədən viza almaqda çətinlik çəkən vətəndaşlarımız idi, ikincilər isə ölkədən birdəfəlik qaçmaq istəyənlər.
İkincilər gürcülərin ağ günə çıxacağını düşünərək deyirdilər, baxarsınız, gürcü miqrantlar kütləvi şəkildə Avropya doluşacaqlar, oturum-zad alacaqlar.
Budur, onlar deyən olub. Avropa İttifaqının sığınacaq işlərinə baxan agentliyinin hesabatında yazılır ki, 2021-ci ilin payızında Avropa İttifaqı ölkələrinə sığınacaq üçün müraciət edən Gürcüstan vətəndaşlarının sayı yaz fəsli ilə müqayisədə üç dəfə artıb.
Heç demə, təkcə ötən ilin noyabrında 1700-ə qədər insan çamadanını qablaşdırıb Avropa Birliyinə gedib və sığınacaq üçün müraciət edib.
Avropaya sığınmaq istəyənlərin ilk onluğunda Əfqanıstan, İraq, Suriya, Pakistan, Kolumbiya, Somali, Banqladeşin adları var.
Göründüyü kimi, biz ilk onluqda deyilik. Bəlkə də “onbirlik”dəyik, bilmək olmaz.
Nə əcəbsə, ermənilər də siyahının ilk onluğuna düşməyiblər. Bildiyimiz kimi, onlar 30 il öncədən köçaköçdədirlər. (“Ermənistan boşalır” başlıqlı xəbərlər havayı yerdən deyildi). İllərlə davasını apardıqları Qarabağı ələ keçirəndən sonra da haylar gül kimi məkanlara köçmədilər, eyzən vardılar, getdilər Rusiyaya, Ukraynaya, ABŞ-a, Fransaya…
Son günlər sosial şəbəkələrdəki qeydlərə diqqət edirəm, yenə də bizdə bir xeyli insanın başı çönüb, getməyə yer axtarırlar və tapa bilmirlər.
Əvvəlki vaxt deyil, Rusiyanın zibili çıxıb, dolanışıq dərdindən özləri ora-bura qaçır, üstəlik, miqrantlara da pis baxırlar. Təsəvvür edin ki, Azərbaycan boyda ərazisi olan diyarların torpağı bomboş qalıb, nə əkib-becərən var, nə də çəpərləyib gələcəyə saxlayan.
Ukrayna artıq gediləsi yer deyil, dünya müharibəsinin poliqonuna çevrilmək üzrədir.
Belarusa nəyə gedəsən, oranı Batka yaman günə qoyub.
Əvvəllər dünyanın hər tərəfindən gələn qaçqınlara qucaq açan Almaniya bir neçə ildir həmin qaçqınları qucağına alıb aeroporta aparır, təyyarəyə mindirib öz ölkələrinə yola salır.
İtaliya və Yunanıstan haqqın yolunu tapıb, mühacirləri elə qayıqdaca batırır, sahilə çıxmağa qoymur.
ABŞ qapılarının cəftəsini arxadan bərk-bərk qayırıb, 5 metrlik hasar tikib, içəri heç kimi buraxmır, limit tətbiq edir.
İsveç əvvəlki kimi deyil, artıq o biri ölkələrdən gələn yetimlərə yiyə durmur.
İngiltərə yalnız pullu qaçqınları qəbul edir, yerləşdirir.
Fransa və Hollandiyanın öz xüsusi mühacir siyasəti var, gərək gələnlər onların kriteriyalarına cavab versinlər. Bu ölkələr bir ara cinsi azlıqları həvəslə qəbul edirdi, o səbəbdən oturum üçün oturacaq yerinə böhtan atan kişilər vardı.
Belçika bircə Mirzə Sakiti qəbul edib, deyir, ta bəsdir.
İslandiya azıb-təzib adaya girən, hətta qaçıb kilsədə gizlənən mühacirləri bağırda-bağırda deportasiya edir.
Finlandiya bu söhbətə, ümumiyyətlə, qarışmır, sanki dünyada mühacir problemi yoxdur, olsa da onluq deyil.
Yerdə qalan Avropa ölkələri də mühacir saxlayacaq qədər varlı deyillər, öz vətəndaşları qitə daxilində ora-bura vurnuxurlar.
Belə bir situasiyada ölkə dəyişmək, təzədən haradasa yurd salıb yerləşmək çox çətindir. Öz ölkəsində çamadanın üstündə oturub xəritəyə baxmaq ondan da çətindir.
Aydın olur ki, ölkələrarası mühacirət artıq kasıblara məxsus imtiyaz deyil. İndi mühacir olmaq üçün çoxlu pulun olmalıdır, keyslərə qablayıb, bank hesablarına yatırıb getməlisən varlı ölkələrə, orada mal-mülk, restoran, dükan almalısan, lord kefində yaşamalısan.
Bax, odur, vəzifədən götürülmüş hansı məmuru soraqlayırsan, sədası İngiltərədən, Almaniyadan, Fransadan, Çexiyadan, Avstriyadan gəlir.
Belə baxanda yazıqlar neynəsinlər? Burda qalanda da tutub basırlar türməyə. Odur, Beynəlxalq Bankın rəhbəri Cahangir Hacıyevin türmədə tualet növbəsinə durması barədə xəbər çıxmışdı, yaxşıydı?
Həbs olunmuş İH başçıları da ya içəridə ölüb çıxırlar, ya da şeir yazırlar. Haradan baxsan, zalım qürbətdə supermarket kassasında növbəyə durmaq doğma vətənin türməsində tualet növbəsinə durmaqdan yaxşıdır.