O gün həbsdən çıxandan 15 dəqiqə sonra maşın oğurlayan sabiq və gələcək məhkum haqqında xəbəri oxuyanda yadıma məşhur sovet pedaqoqu Makarenkonun yeniyetmə vaxtı oxuduğum kitabı düşdü.
Ah, Anton Semyonoviç, ya sən çox sadəlövh, saf, dürüst insan olmusan ki, fitrətən oğru, əliəyri olan gəncin təlim-tərbiyə ilə düzgün adam olacağına inanmısan və elə şeylər yazmısan, ya da biz təcrübəsiz, avam, məlumatsız olmuşuq ki, elə şeyləri oxuyub inanmışıq, hətta riqqətə gəlmişik.
Düzəlmirlər axı, müəllim, düzəlmirlər. Bir dəfə əli əyilən, ayağı sürüşən, yolundan sapan adam əlli-ayaqlı gedir, sonra yola gəlmir, gələndə də yetimin birinin canına, malına qəsd edir, yenidən gedir.
Bax, cavan oğlandır, türmədə cəza çəkib, qohum-əqrəbasından, tay-tuşlarından uzaqda, həyatın dibində iztirablar yaşayıb, hər gün azadlığa çıxacağı günün xəyalını qurub, nəhayət, üzünə gün doğub, adı amnistiya tətbiq olunan məhkumların siyahısına düşüb və azad olunub. Adam həbsxananın darvazasından bayıra çıxıb, noyabr ayının soyuq havasında bir quluncluq gərnəşib, ətrafına baxıb, görüb ki, bay, yiyəsiz avtomobil… Dədəsinin maşınıymış kimi minib üz qoyub yaşadığı rayona, çatanda tutublar, deyiblər, bu nə hərəkətdir, cavab verib ki, neynim, evə piyada gəlməyəcəkdim ki…
İndi onu geriyə avtomobillə aparacaqlar.
Hər gün nə qədər bu cür hadisə olur, türmələr bir yandan boşalır, o biri yandan dolur. İçəri toyuq oğrusu kimi düşən biri 3-4 ildən sonra təcrübəli cani kimi çıxır, indi o, yenidən toyuq oğurlasa, ayıb olar, ona görə də mağaza yaracaq, kiminsə evini soyacaq, gözünə kəsdirdiyi birinin qarşısını qaranlıq və dalda yerdə kəsib, “cibində nəyin var, çıxar” deyəcək, müqavimət göstərəni bıçaqlayacaq və s.
Dost-tanışlarına 100-200 manatlıq kələklər gəlib tutulan 1-2 il cəza çəkdikdən sonra azadlığa buraxılan məhkum daha xırda-mırda işlərlə məşğul olmayacaq. Artıq onun ağlı başına gəlib, içəridə də təcrübəli həmkarlarla tanış olub, treninq keçib, çox pul qazanmağın yol-yolağasını öyrənib. İndi o, kostyum geyib, qalstuk taxacaq, gəlirli vəzifələrə düzəlmək istəyən əliəyri adamlardan 5-10, bəzən 20-30 min (vəzifəyə baxır) alıb vəd verəcək, sonra nə pulu qaytaracaq, nə də adamların işini düzəldəcək. Başqa biri Türkiyədəki, Dərbənddəki universitetlərə attestatla tələbə qəbulu aparacaq, 50-60 gəncin valideynlərindən “lazım olan” qədər pul alıb aradan çıxacaq, düşünəcək ki, bu dəfə onun bu cür cinayətinin üstü açlmayacaq, çünki zərərçəkənlər yol verdikləri işin kriminal xassəli olduğunu bildiklərindən şikayətçi olmayacaqlar. Amma necə olsa da, zərərçəkənlərin arasında mütləq bir-iki demaqoq çıxıb adamdan hüquq-mühafizə orqanlarına şikayət edəcəklər. Araşdırma, məhkəmə, yeni məhkumluq.
5-6 qram narkotik maddə ilə tutulan biri azadlığa çıxandan sonra narkobaron olmaq istəyəcək, topdan alverə başlayacaq.
Ona görə də hər dəfə əfv fərmanı imzalananda, amnistiya elan ediləndə bu işlərə bələd olan adamlar əndişələnirlər, deyirlər, indi azad olunanların çoxu 2-3 aya yenidən geri qayıdacaqlar, onları azad etməyin nə mənası var, ara yerdə nə qədər məsum insanı bədbəxt edəcəklər.
Azadlığa buraxılandan 15 dəqiqə sonra oğurluq edən gəncin təcrübəsi göstərir ki, “sabiq məhkumların azadlıqda olduğu müddət” 2-3 aydan enib, günə, saata düşüb.
Yox, elə çıxmasın ki, müəllif əfvə və amnistiyaya qarşıdır. Xeyr. Sadəcə, araşdırmaq, sağmal-subay, saf-çürük etmək lazımdır, o adamlar vaxtından tez azadlığa buraxılmalıdır ki, onlar bir də geri gəlməyəcəklər.
Bəzi adamları isə ümumiyyətlə həbs edib türməyə salmaq lazım deyil. Bu sıraya yüngül xətalara yol verənlər aiddir. Onları ağır cərimə ilə, inzibati həbslə, şərti məhkumluqla cəzalandırmaq lazımdır. Çoxunun ağlı başına gələcək, daha cəzaçəkmə müəssisəsində “universitet” bitirib “ali təhsilli vor” olmayacaqlar.
İçəridən çıxanların bəziləri isə havaya girir. Biri türmədən çıxandan 1-2 gün sonra Müşviqabadda mağazalara girib xərac tələb edirmiş, deyirmiş, “fiso, innən belə bu pasyolkanın palajeniyasına özüm baxacam”. Mağaza sahibi o boyda “vor”a hörmət qoymayıb, şillələyib əl-qolunu bağlayıb, polislər gəlib, tutub aparıblar.