Həmvətənimizin qırğız taksi sürücüsünə bahalı avtomobil bağışlaması barədə eninə-uzununa yazıldı, sosial şəbəkələr hər üzünə tirajladı, biz də oxuduq, alqışladıq, amma neyronları daima skeptikcəsinə dövr eləyən jurnalist beyni deyir ki, dayan hələ, burda nəsə başqa bir iş var.

Məsələ ondadır ki, 3 il əvvəl də bloqqer həmvətənimiz Hüseyn Həsənovun öz izləyicisinə “Ferrari” avtomobili bağışladığı barədə internet resurslarında xəbər var. Adamın adı Vasili Romanikdir və maşınbağışlama törənini əks etdirən görüntülər bloqqerin səhifəsində paylaşılıb. Hüseyn həmin gəncə bahalı maşını fanatı olduğu üçün bağışlayıb. Belə yazılır.

İndi də bu xəbər: “Rusiyada məşhurlaşan azərbaycanlı bloqqer Hüseyn Həsənov onu oulsuz aparan taksi sürücüsünə avtomobil hədiyyə edib”.

Əhvalatın fraqmanı belədir ki, Hüseyn dostu ilə Moskvada küçədə taksilərə yaxınlaşıb. Üstündə pul yoxmuş, bir neçə sürücü onu mənzil başına pulsuz çatdırmağa razılaşmayıb, amma bir kasıb və mərd qırğız onu getdiyi yerə aparıb, o da həmin qırğıza maşın hədiyyə edib. Bu maşın da bahalı olub və bu törənin də video və şəkilləri əvvəlcə sosial mediada, sonra peşəkar mətbuatda paylaşılıb.

İndi adamın beyninin şübhə istehsal edən hüceyrələri deyir ki, ta nə oldu, bu adam Ceff Bezosdur, İlon Maksdır, kimdir? Adi bir bloqqerdə o qədər pul hardandır ki, vaxtaşırı kiməsə bahalı maşın bağışlayır. İndiki zamanda qardaş qardaşa 3 dəfə yığılmış “Çeşka” bağışlamır, amma bu ömründə ilk dəfə gördüyü adamlara bu cür bahalı hədiyyələr edir? Nəyə görə?

Əlbəttə, reklam üçün. Milyonlarla insanın bu hadisədən xəbər tutması, özünün daha da məşhurlaşması üçün. Əks təqdirdə sağ əlin verdiyi “Ferrari”dən milyonlarla adamın sol qulağı xəbər tutmamalıydı.

Ölkəmizin ən məşhur bloqqerinin bir yoluq “Ayfon”a görə dələduzluq etdiyi, mühakimə olunub həbsə göndərildiyi bir vaxtda “Rusiyada məşhurlaşan” həmvətənimiz o boyda pulu haradan, necə qazanır, görəsən?

Heç inandırıcı deyil ki, o, həmin avtomobilləri gerçəkdən də kiməsə bağışlayır. Böyük ehtimalla bloqqerimiz reklam tərəfdaşlarına 3-5 rubl qonorar verir ki, bu reklam çarxında çəkilsinlər və həm özləri “bəxti gətirmiş yaxşı oğlan” olsunlar, həm də özü “başqalarına əlindən gəldiyi qədər yaxşılıq edən səxavətli oğlan” kimi ad çıxarısn. Nə ziyanı var, qoy insanlar onları belə tanısın. Şan-şöhrət, əl-əlbət, adama sərvət də gətirir əvvəl-axır.

İndi elə çıxmasın ki, müəllif həyatda “səxavətli yaxşı oğlan”ların olduğunu istisna edir. Elə dünən bir məclisdə Hüseyn Həsənovun bu, hər bir azərbaycanlıda riqqət doğura biləcək əhvalatından söz düşəndə bir yaxın adam uzaq qohumumun başına gələn bir əhvalatı danışdı.

İxtisasca hüquqşünas olan və iş adamı atasının əlaqələri hesabına Bakı rayonlarından birinin polis idarəsində müstəntiq vəzifəsinə düzələn gənc qohuma bir gün oğurluq hadisəsi ilə bağlı cinayət işini araşdırmağı tapşırırlar. Bu da tapançasını qurşayır, özüylə bir polis çavuşu da götürərək qoyun oğrusunun ünvanına gedir. Polislər ünvana çatırlar, oğrunu tapmırlar, amma arvadına deyirlər ki, ərin belə bir iş görüb, haqqında şikayət var, bölməyə gəlməlidir. Qadın kövrəlir, müstəntiqi və çavuşu evə dəvət edir ki, girin içəri, şəraitimizə baxın. Bunlar içəri keçirlər, baxırlar ki, bir həsir, bir Məmmədnəsir, qapı-pəncərədən külək vıyıldayır, tavan damır, bir sözlə, kasıbçılığın son həddi. Qadın ağlayaraq deyir ki, onun başıbatmış əri oğurluq edibsə də, ehtiyacdan edib. O, gedib çörək qabını da gətirib göstərir ki, baxın, evdə and içməyə bir tikə çörək də yoxdur. Müstəntiq qohumum təsirlənir, cibindən olan-qalan pulunu – 500 manat çıxarıb qadına verir, deyir ki, ərin aparıb oğurladığı qoyunu yiyəsinə qaytarsın, bu pulla da evinizi bir az sahmana salın.

İdarəyə qayıdan çavuş hadisəni hamıya danışır və kollektiv bu qərara gəlir ki, ondan polis, müstəntiq olmaz, gedib atasının yanında işləsə, yaxşıdır. Doğrudan da bir müddətdən sonra o, ərizəsini yazır, orqanlardan kənarlaşır. İndi vəziyyəti pis deyil. Maraqlısı odur ki, o özü heç vaxt bu hadisəni heç kimə danışmayıb. Bu hadisə onun yaxınlarına uzun müddətdən sonra bəlli olub.

Açığı, mən özüm də həmin qohumumu kefqom, dünya vecinə olmayan biri kimi tanıyırdım. Heç demə, elə deyilmiş, ürəyi böyük oğlanmış.

Deməyim odur ki, xeyriyyəçiliyi geniş reklam olunan adamların səmimiyyətinə hər saat inanmaq olmaz. Qoy onların kiməsə etdiyi yaxşılıq ictimaiyyətə dərhal və fotosessiya şəklində yox, illərdən sonra, tam təsadüf nəticəsində, söz-sözü gətirəndə məlum olsun.