Aşağıda nəql edəcəyim hadisəni mənə dünən bir etibarlı simsar mənbə danışıb. Hadisə düz onun gözünün qabağında, övladı üçün qurban kəsdirdiyi qəssabxanada baş verib.
İndi icazənizlə söhbəti bir az gendən başlayım və yavaş-yavaş mətləb üstünə gəlim ki, söhbət yerli-yataqlı olsun.
Hələ sovet vaxtı bizim kənddə iri və xırdabuynuzlu mal-qaranın müxtəlif səbəblərdən (zəhərlənmə, qocalıq, bəzi xəstəliklər, canavar-çaqqal yaralaması, hündürlükdən yıxılma və s.) tələf olması halları baş verərdi. Ziyana düşmüş mal sahibi murdar olmuş (ölərkən qanı axmamış) heyvanı istəsə soyar, istəməsə, eləcə aparıb kənd-kəsəkdən uzaq bir dərəyə, yamaca buraxardı ki, ac yırtıcı heyvanlar öz nəsiblərini götürsünlər. İki-üç gündən sonra leşin buraxıldığı yerdən keçənlər görərdi ki, heyvanın quruca skeleti qalıb, dərənin çaqqalları, tülküləri, qarğa-quzğunları babat barınıblar.
Murdar olmuş heyvanlarla bağlı məsələnin optimal həlli yolu bu idi: cəmdək inklüziv olurdu, yəni bütün yırtıcılar üçün əlçatan.
Daha heç kəs tələf-murdar olmuş heyvanın ətini aparıb qəssaba, hansısa kafe-restorana, kolbasa sexinə vermirdi. Onlardan da heç kəs murdar heyvana yaxın durmazdı, hamı öz reputasiyasını nəzərə alar və el-obanın töhmətindən qorxardı. Hərgah hansısa pavilyon müştərilərinə murdar ətin kababını versəydi, müştəri ilk dişdəmdəcə ətin “nəsə düz ət” olmadığı hiss edər, kababçını çağırıb deyər, dava salar, sonra da olduğu bütün ictimai yerlərdə “filankəs oğraşlıq edir, camaata öz əcəli ilə ölmüş heyvan əti satır” deyə qara piar aparar, pavilyon sahibinin müştəri auditoriyasını minimuma endirərdi.
Sonradan ara qarışdı, məzhəb itdi, yas məclislərində halal-haram söhbətləri artdıqca, haramlıqlar halallıqları üstələməyə başladı… Pul, sərvət ehtirası kükrədi, heç kəs durduq yerə ziyana düşmək, düşdüyü ziyanla barışmaq istəmədi, hamı ziyanın yarısından qayıtmağı əfzəl saydı. Nəticədə tələf olmuş heyvanların leşlərinin də sahibi tapıldı. Hər rayonun, el-obanın öz “leşyığan”ları peyda oldu. Düzdür, onların çoxu məşhur “Leş Tofiq” kimi ümumölkə şöhrəti qazana, bu sahədə uğurlu biznes qura bilmədi, amma, insafən, hamısı başını babat dolandırırdı.
“Dolandırırdı” deyəndə keçmiş zaman şəkilçisindən istifadə artıqdır, onlar başlarını indi də dolandırırlar. Biri tutulur, yerinə ikisi gəlir. Tələf olmuş heyvanları yenə də təpə yamacına, dərə dibinə, qobu qırağına buraxan yoxdur, irilərini “KamAZ”a, xırdabaşları “QAZel”ə, furqonlu minik avtomobilinə yükləyib gətirirlər paytaxtdakı qəssabxanalara və digər iaşə müəssisələrinin qabağına.
Bizim simsar da yazının ikinci cümləsində dediyim motivlə qəssabxananın qabağında olarkən görüb ki, “KamAZ”ın yük banında boğazı çərtilmiş inək cəmdəyi gətiriblər. Sürücü qəssaba and-aman edib ki, heyvan ölhaöldə başını kəsiblər, murdar olmağa qoymayıblar. Qəssab isə daş atıb başını tutub ki, bunu nəinki qəbul edə bilməz, heç dərisini soyub-şaqqalamağa da razı deyil, çünki cəmdək artıq şişib, üstəgəl, iy gəlir, heç kim 10 manata bu işi görməz.
Hadisə yerinə qəssabxananın sahibi gəlib çıxıb, leş gətirən sürücü ilə bir qədər göft-gu etdikdən sonra höcət qəssaba deyib ki, cəmdəyi soy, şaqqala, başqa bir yerdə müştəri tapılacaq. Sonra o, telefonunu çıxarıb, şəhərin adlı-sanlı şadlıq saraylarından birinə zəng vurub, durumu izah edib, leşin kilosunu 8 manatdan razılaşıblar və doğranmış əti yenidən “KamAZ”a yükləyiblər, qonaqlarına ləziz təamlar təqdim edən iaşə müəssisəsinə göndəriblər. Orada o ət lazımi şəkildə yenidən doğranıb tikələnəcək, ətçəkən maşından keçiriləcək, tərkibinə bir az qoyun piyi, soğan, ədviyyat əlavə ediləcək, yoğrulub soyuducuya doldurulacaq, sonra lüləkabab kimi manqal üstünə düzüləcək və məcməyilərdə qonaqların qarşısına gətiriləcək.
Qonaqlar isə dərədə çaqqalların yeməli olduğu leşlərdən hazırlanmış lüləkababdan yeyib, gizli sexlərdə bağlanmış araqdan içəcək, sonra dağılışıb gedəcəklər. Dərədəki çaqqallar isə ac qalacaq.
Hərçənd qazanan yenə çaqqallar olur. Leş ətini insanlara yedirdərək pul qazanan mal yiyəsi, sürücü, qəssab, administrator və kababçıların başqa adı yoxdur.