Sanasan, bəy özünə söz verib ki, tarixi şəxsiyyət və qəhrəmanlarımızın birini də salamat qoymayacaq, hamısını ya peysər, ya da “quş” çıxaracaq. Niyə belə edir, bilən yoxdur, amma Sərdar Cəlaloğlu ən azı 10 ildir ki, bu yoldadır.
Uzun illər öncə o, Qaçaq Nəbinin həyat yoldaşı Həcərə “ilişmişdi”. Qubadlı uşaqları hərləyirdilər ki, onu tutub döysünlər, deyəsən, tuta bilmədilər. Bəlkə də elə bir profilaktiki tədbirlər görülsəydi, indi qoç Koroğlunun xanımı Nigarın da reputasiyasına xələl gəlməzdi, Nəbinin özü “keçi oğrusu” adlandırılmazdı.
Belə şeylər, yəqin ki, başqa xalqlarda da var. Hansı xalqın qəhrəmanlıq və sevgi dastanları varsa, əl-əlbət, mində, milyonda bir adam tapılır ki, bir gün onları qarşısına qoyub təftiş edir, məntiqi səhvlər tapır, bir neçə yüz əvvəlin hadisə və personajlarına müasir meyarlarla yeni prizmadan yanaşır.
Məsələn, Nobel ödüllü türk yazar Orxan Pamuk da mükafat almazdan qabaq yazdığı romanda Mövlanə Cəlaləddin Rumi ilə Şəms Təbrizinin adına söz çıxarmışdı, personajının dili ilə iddia etmişdi ki, guya şairlərin arasında homoseksual münasibət olub. Elə bil, yazıçı sələflərinin videosunu-zadı görmüşdü.
İngiltərənin özündə xalq Robin Qudu nə qədər sevsə də, adamlar tapılır ki, onu yolkəsən bandit adlandırır. Sanki adam İnterpol xətti ilə axtarışda imiş və onu tutub krala təhvil verməliymişlər.
İndi Sərdar bəy də deyir ki, bu qəhrəmanları bizə sovet hökuməti sırıyıb, təbliğ edib, ideallaşdırıb, dərsliklərə saldırıb, hamı da oxuyub, bilgilənib.
Yaxşı, tutaq ki, 100 il əvvəldən başlayaraq sovet hökuməti Babəki qırmızı bayraq qaldırdığına, Qaçaq Nəbini burjua sinfinə qarşı mübarizə apardığına görə təbliğ etməyə başlayıb. Amma Babək və Koroğlu haqqında informasiyalar 500 il, 1000 il əvvəldən məlumdur axı, bu, ötən əsrin əvvəllərinə necə gəlib çatmışdı?
Demək, xalq bu dastanları şifahi şəkildə yaşadırmış, dildən-dilə keçirirmiş. Sovet hökuməti də görüb ki, hər xalqın özünün qəhrəmanları var, deyib, barələrində kitab yazın, kino çəkin, qürur duyun.
Ona qalsa, mənfur kapitalistlərin ölkəsində də qul üsyanının böyüyü Spartak haqqında filmlər çəkiblər. Yeri gəlmişkən, əvvəl-axır kimsə Spartakı da pederast çıxaracaq. Necə ki, Koroğlunun oğulluğu Eyvaza pis gözlə baxdığını iddia edən folklorşünaslar var. Dastanın hansısa variantında belə açıq eyhamlar varmış.
Bu, hələ harasıdır? “Dədə Qorqud” dastanını və eyni adlı filmin təftiş ediləcəyi günlər qabaqdadır. Bunu havayı yerdən demirəm. Bir dəfə eynilə Cəlaloğlu kimi tərsinə düşünən və öz aləmində mifləri dağıtmaq üzrə uzman olduğunu sanan bir dost “Dədə Qorqud” filmindəki bir epizod barədə mənə belə dedi: “Bax, elli, o kinoda göstərirlər ki, Qıpçaq Məlik oğraşın biridir, eləmi?” Dedim, hə, aşağı-yuxarı elədir. Adam davam etdi: “Kinoda o Turalın mamasını 40 incəbel qızın arasından seçdirmək, zorlamaq istəyir, yadındadır, yəqin”. Dedim, hə, elə bir niyyəti olur yaramazın. “İndi özün fikirləş, – eloğlu sözünün Mustafasını dilə gətirdi, – Qıpçaq Məlik o qırx incəbelli qızın qırxını da zorlatdırsa, Burla xatun da zərərçəkənlərdən biri olardı, yoxsa yox?”
Baxırsan ki, məntiqi baxımdan düz deyir, amma bu düz görünən söz nəyə, kimə lazmdır? Dastandır, güman ki, bir yerləri şişirdilib, bir yerləri yumşaldılıb, bu, o demək deyil ki, tarixi hadisə məhz elə olub. Belə qəbul olunub, vəssalam.
Tarixi hadisələri eşələsək, araşdırsaq, bütün miflər darmadağın olar. Məsələn, Süleyman, Davud və Avraam peyğəmbər haqqında Tövratda elə detallar, informasiyalar var ki, müasir dövrdə kimin dədə-babası elə əməllər tutmuş olsaydı, nəvə-nəticəsi adam içinə çıxa, sosial şəbəkədə profil aça bilməzdi.
3-4 il öncə bir məşhur döyüşçü ilə birlikdə filmə baxırdıq, filmdə əsgərlərimiz əsir götürdükləri düşmən qızını sağ-salamat buraxırlar. Döyüşçüdən soruşdum ki, müharibə psixozunun, amansızlığın tüğyan etdiyi bir dövrdə gerçəkdən də belə hadisə olardımı. Keçmiş döyüşçü bir ekrana, bir mənə baxdı, başını buladı, gülümsədi və dedi: “Kinodur dəə, qaqa. Belə epizodlar kitablarda, kinolarda olur”.
İndi onun sözü olmasın, qoy Sərdar Cəlaloğlu kimi ziyalılar bu kitablarda, dastanlarda yazılan şeyləri çox da ürəklərinə salmasınlar, həyatlarının yerdə qalan hissəsini miflərlə, tarixi personajlarla mübarizəyə həsr etməsinlər. Faydası yoxdur. Ortaya nə qədər kompromat töksələr də, arvadını iki dəfə hökmdarlara peşkəş edən Avraam müqəddəs hesab ediləcək.