Hərdən Rusiyanın ən demokrat, obyektiv nəşrlərinin də şovinist damarı yoğunlayır, götürüb keçmiş postsovet ölkələri barədə hərzə-hədyan yazırlar. Biz o filmləri çox görmüşük, indi növbə Özbəkistana çatıb.
Deməli, il on iki ay Rusiyada qaraşın millətlərin nümayəndələrinin döyülməsi, öldürülməsi barədə xəbərlər gəlir. Elə bir gün olmaz ki, Rusiyadan qalxan təyyarələr qastarbayter meyitlərini öz ölkələrinə daşımasınlar. Amma bu sayılmır. Vay amandır, hansısa keçmiş müttəfiq respublikada bir slavyan (rus, ukraynalı, belarus) mənşəli adama bir şillə dəysin və ya məktəbdə sarıbəniz bir uşağı incitsinlər, dərhal vay-nöfsə qopur.
Şovinist ruslar dərhal qisas çağırışları səsləndirir, Jirinovski kimi ultra-başıxarablar həmin ölkəyə qoşun yeridilməsini tələb edirlər. Ən demokrat ruslar isə şlaqbaumu endirməyi, əmək miqrantlarını “ömürlük dost ailəsi yaratmış möhtəşəm Rus diyarı”ndan (SSRİ-nin himninin ilk misraları beləydi) qovmağı məsləhət görürlər.
İndi siz BMT Təhhükəsizlik Şurasındakı müzakirələr zamanı “iki ölkə arasında müharibə nəyə görə başlayıb” sualının cavabına baxın: “Daşkənddə 167 saylı məktəbdə Timur sinif yoldaşı Olqa Babenkonun saçını dartıb”.
Dünya birliyi nəinki o iki ölkəyə, bütövlükdə regiona gülməzmi?
Amma gülməli deyil. Gerçəkdən də Rusiyada milyonlarla adam səmimi qəlbdən düşünür ki, “qara millətləri” qudurtmaq olmaz, onları nəinki saç dartmağa, hətta rusca danışmaq istəmədiklərinə görə cəzalandırmaq lazımdır.
Daşkənddən yeni gəldiyim və orada bir sıra müşahidələr etdiyim üçün əminliklə deyə bilərəm ki, Özbəkistanda rusların sıxışdırılması söhbəti nəlbəkidə fırtınadır.
Düzdür, bu ölkədə də gənclər son illərdə ingilis dilini öyrənməyə meyllənib, amma, çoxu rusca da bilir. Ayrıca özbək gənclər Türkiyədə istehsal olunmuş seriallara orijinalda baxdıqları üçün türk dilində də az-çox qırıldadırlar. Bəzi mağazalardakı audiopleyerlərdən İbrahim Tatlısəsin, Mustafa Cecelinin səsi gəlir.
İndi necə demək olar ki, ey özbəklər, yalnız rus dilini öyrənin, başqa dilləri öyrənməyin, həmişə rus mahnılarına qulaq asın, yoxsa əmək miqrantlarını geri göndərərik.
Bu ölkədə rusların durumuna aid bir epizod: bizi Daşkəndin mərkəzində yerləşən və “Toshkent sity” adlanan bir əyləncə şəhərciyinə aparmışdılar. Lüks restoranlar, yüz metrlik fəvvarələr, sayrışan işıqlar olan bir yer idi, girişi də pulluydu. Süni yaradılmış gölün qırağındakı restoranın ikinci mərtəbəsində, açıq havada bizimkindən başqa da ziyafət masaları var idi. Bir rus cütlüyün toyuydu. Cəmi on nəfər idilər: ailə başçıları, təzə bəy və təzə gəlinin dost və rəfiqələri. Bəyin 40+, gəlinin isə 40- yaşı olardı. Araqdan vura-vura əylənirdilər. Əvvəlcə elə bildim ki, gəlin şampan-filan içir, sonra gördüm, yox e, fatasını geri atır, kiçik araq stəkanını başına çəkir, sanki əriylə “görək, kim çox içər” yarışına çıxıb. Restoranın di-ceyi əvvəldən axıra qədər onlar üçün həzin və hərəkətli rus mahnıları çaldı. Tez-tez durub oynayırdılar. Rəqsin ortasında qonaqlardan kimsə “qorko” deyə qışqırırdı, “gənclər” öpüşməyə başlayırdılar, başqa biri də “bir, iki, üç, dörd, beş” deyə sayır, rəqəm 10-a çatanda kimsə “xvatit” deyirdi, cütlük təmasa son verirdi. 3-4 dəfə belə epizod oldu. Evlənənlər də, onların qonaqları da özlərini şəhərin sahibi kimi aparırdılar.
Amma restoranda olan gənc və ortayaşlı özbəklər onları yalnız alqışladılar, bir nəfər durub demədi ki, burda camaatın anası-bayıssı var, gedin, xarabanızda öpüşün.
Bəs Moskvada bir özbək cütlük sırf rus auditoriyasında belə bir mərasim keçirsə, qonaqlar öz milli adət-ənənələrinə uyğun davransalar, di-cey onlar üçün yalnız özbək mahnıları oxutsa, içkili rus gənclər buna təhəmmül edərdilərmi? Vallahi, toya qan salardılar, deyərdilər, bura rus diyarıdır, burda xozeyin bizik, gedin plovunuzu Özbəkistanda yeyin.
Əmək miqrantlarının geri göndərilməsi hədəsinə gəlincə, məsələ belədir. Doğrudan da Rusiyada 5-6 milyon özbək qastarbayter var. Adamlar daha çox inşaat sektorunda çalışırlar və müasir Rusiyanı onlar tikirlər. Əgər bu miqrantlar öz ölkələrinə göndərilsələr, gəlib vətəndə acından ölməyəcəklər, amma Rusiyada tikinti dayanacaq.
Acı gerçəklik bundan ibarətdir. Heç bir rus saat 6-7-dən durub şaxtalı havada açıq tikinti meydançasında qara işdə çalışmaq, gecə yarısı topdansatış məntəqələrinə gedib bazarlara, supermarketlərə ərzaq daşımaq istəmir.
Əksinə, Rusiyanın ayrı-ayrı federal subyektləri vaxtaşırı məsələ qaldırırlar ki, postsovet ölkələrindən kütləvi işçi qüvvəsi cəlb etmək üçün əlverişli şərait yaradılsın, qastarbayterlərə güzəştlər nəzərdə tutulsun.
O nə yalvarışdır, bu, nə hədədir? Məşhur teletamaşanın replikasını azcana dəyişsək, gərək belə deyək: “Sən öləsən, bu Jirinovski camaatın başını xarab edib”.