Yasamal rayon Məhkəməsində Xocalı canilərinin məhkəməsi başlayıb. İlahi ədalət də demək olar, 21-ci əsrin məhkəməsi də. Düzdür, gec oldu, az qala 30 il keçib o bəşəri qətliamdan, ancaq heç olmamağındansa, gec olmağı yaxşıdır.
Bu gün müttəhimlər kürsüsündə Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviç dayanıb, amma gün gələcək Qarabağ erməniləri və caniləri Robert Köçəryan, Serj Sərkisyan, Seyran Ohanyan da Bakıda mühakimə olunacaq! Cəmi 44 günə Qarabağı azad edən, Şuşaya bayraq sancan, elə adlarını sadaladığımız qatillərin ordusunu, “Ohanyan xətti” mifi ilə birgə darmadağın edən ölkəmiz heç şübhəsiz Xocalı soyqırımı ilə bağlı ədalətli hökmünü verəcək günün birində. Azərbaycan BMT Təhlükəsizlik Şurasının, Avropa Parlamentinin, Avropa Şurasının qətnamələrini təkbaşına icra etdiyi kimi, artıq Avropa İnsan Haqları Məhkəməsinin verməli olduğu qərarları da özü verəcək, belə getsə…Hələ ki, 2 Xocalı canisidir müttəhimlər kürsüsündə, davamı gələcək.
Düzdür, ötən 30 il ərzində bir sıra dövlətlər Xocalı soyqırımını rəsmən tanıdılar, “Xocalıya ədalət” dedilər. Ancaq əslində Ermənistanın bəşəri cinayətinin cavabı sərt olmalı idi, Xocalının dinc sakinlərini qətlə yetirən, hətta meyitlərə belə, işgəncə verən vandallarla haqq-hesab çəkilməli idi, dünyada ədalət olsaydı.
Bu, bəlkə də nadir faktlardandır ki, bir əsrdə törədilmiş bəşəri cinayətə görə növbəti əsrdə divan-məhkəmə qurulur. Bunu Azərbaycan dövləti bacardı! Əslində ermənipərəstlər və ermənisevərlər çox istəyirdilər Xocalı cinayətlərini unutdursunlar, adiləşdirsinlər, erməniləri “sudan duru, aydan arı” çıxartsınlar. Elə bu günlərdə də ağız-ağıza verib “erməni hərbi əsirlər dərhal azad edilsin” çığırmırlarmı?
Məhz onların təmsilçilərinin iştirak etməsi lazımdır bu, əsrin və iki erməni “əsir”in məhkəməsində. Avropa Parlamentinin Azərbaycana qətnamə yollayan ermənisifətliləri gəlsinlər, iştirak etsinlər, öz qulaqları ilə eşitsinlər ki, “əsir” adlandırdığı bu əclaflar azərbaycanlıların başına nə oyun açıblar?! Hazırlıq iclasında iştirak edən zərərçəkmiş Həbib Kazımov deyib ki, əsirlikdə saxlanıldığı 1 il 9 ay ərzində ermənilərin dəhşətli işgənəcələrinə məruz qalıb. Əsirlik dövründə ermənilər onu dəmirlə, armaturla, dəmir dəyənəklərlə, çəkiclə döyürmüşlər. “Onlar bizə zülm veriblər. Bu gün burada mühakimə olunan hər iki terrorçu həmin işgəncələrdə yaxından iştirak edib. Bunların hər ikisinin orada təxəllüsü olub. Biri “Yoxa”, digəri isə “Ayoşa” ləqəbi ilə tanınırdı. Mkrtiçyan Lüdvik “Yoxa” ləqəbi daşıyırdı. O, burada deyir ki, Azərbaycan dilini bilmir. Lakin orada bizimlə o Azərbaycan dilində danışırdı. Bizi öz dilimizdə belə təhqir edirdi”. Həbib Kazımov deyib ki, onun əsirlikdə saxlanıldığı kamerada 40 yaxın azərbaycanlı olub. Sitat: “Onlardan işgəncə vaxtı ölən də oldu, işgəncələrə dözməyənlər də vardı ki, intihar etdilər”.
Hələ nə qədər dəhşətli talelər var və məhkəmənin gedişində açıqlanacaq. Vaxtilə erməni əsirliyində olmuş bir həmvətənimizin ifadəsini oxumuşdum, yazırdı ki, ermənilər damarlarımıza iynə ilə kerosin yeridirdilər…Bax, azərbaycanlılar belə müsibətlərlə üzləşiblər ötən illərdə. O müsibətləri yaşadanları, bu gün məhkəmə qarşısına çıxarılan alçaqları müdafiə edir dünyanın bir sıra paytaxtları, təşkilatları, makronları! Azərbaycanlılar öz evlərində öldürüləndə, yandırılanda, əsir və girov götürüləndə, illərlə işgəncələr altında saxlanılanda lal olan qurumlar və paytaxtların dili açılıb bu günlərdə. Bakıdakı diplomatik korpusu erməni qatillərin məhkəmə prosesinə dəvət etmək, lap zorla da olsa, aparmaq lazımdır. Xüsusilə də erməni vandallarının Qarabağda törətdiyi genosidi görmək istəmədiyi üçün azad olunmuş ərazilərə səfərlərdən yayınan diplomatları. Gəlsinlər, yazsınlar, paytaxtlarına raport versinlər. Qurtarsınlar bu erməni oyunbazlığını!
Əgər biz erməni terrorçularının Bakıdakı məhkəməsindəki faktları beynəlxalq aləmə çatdıra, erməniləri yerli-yersiz himayə edən dairələri fakt qarşısında qoya bilsək, o halda Avropa İnsan Haqlı Məhkəməsində də işimiz daha asan və rahat olacaq. Bakıdakı tribunal həm də bir testdir, nəbz yoxlanışıdır, imtahandır. Ona görə də məhkəmədə açıqlanan hər bir cinayət faktı dünya dillərində yayılmalı, xarici mediaya ötürülməli, beynəlxalq qurumların və aparıcı dövlətlərin əlaqədar qurumlarına göndərilməlidir. Əks halda, Serj Sərkisyanın BMT, AŞ PA tribunasından “fəxr edirəm ki, Şuşanın alınmasında iştirak etmişəm” bəyanatına susan, onun “Xocalıya qədər azərbaycanlılar bizim zarafat etdiklərimizi zənn edirdilər” etirafına məhəl qoymayan dünya bu dəfə də Azərbaycana dəymiş mənəvi və maddi zərərə biganə olacaq.
Azərbaycan ərazisinə qanunsuz səfərlər edən bloger Lapşinin iddiasını təmin edən və dövlətimizi “borclu” çıxaran Avropa Məhkəməsindən nə desən, gözləmək olar, odur ki, işimizi möhkəm tutmalıyıq. Heç şübhəsiz bu istiqamətdə Türkiyə ilə birgə hərəkət etmək olduqca vacibdir. 44 günlük savaşda olduğu kimi, erməni terrorçularının məhkəmə proseslərinin dünyaya yayılmasında da Türkiyə mediasının rol alması gözəl nəticə verər. Qardaş ölkəyə qarşı saxta “soyqırım” iddialarından əl çəkməyənləri birdəfəlik cəhənnəmin dibinə göndərmək üçün hüquq meydanında da birliyə böyük ehtiyac var. Bu savaş başlayıbsa, onu bütün müestəvilərdə zəfərlə bitirmək lazımdır.