İllər öncə yazılarımdan birində güllələnmiş heykəllərin Dənizkənarı Milli Parkda qoyulmasını təklif etmişdim. Hesab edirdim ki, həm ölkə vətəndaşlarının, həm də xarici qonaqların ən çox üz tutduğu ünvanda erməni vəhşiliyinin dünyaya çatdırılması naminə bu, lazımdır…
Açığı, o vaxt bu barədə yazarkən heç ağlıma gəlməzdi ki, çox keçməyəcək korifeylərimizin güllələnmiş abidələri əzəlki məkana – cənnət Şuşamıza qaytarılacaq, bulvarda isə…Hərbi Qənimətlər Parkı yaradılacaq. Hətta dənizkənarı bulvar ərazisi genişləndiriləndə, bu ərazidəki köhnə, sövetdənqalma tikililər söküləndə, ancaq yerində uzun müddət heç bir tikinti işləri aparmayanda da bir gün bu, boş ərazidə qənimət götürüləcək erməni texnikasının sərgilənəcəyini heç birimiz düşünməzdik. Kim bilir, bəlkə “mən nəyi, nə zaman etməyi bilirəm”, deyən lider Yeni Bulvar ərazisinin də məhz bu gün üçün saxlanılmasına özü göstəriş veribmiş…
Vaxtilə mərhum prezident Heydər Əliyevi bulvar gəzintisinə çıxardı, sakinlərlə görüşər, söhbət edərdi. Hətta bir dəfə “Yeni Müsavat”ın əməkdaşı olaraq onu müşayiət edərək, sonda isə qəzetimiz üçün açıqlama almaq fürsəti əldə etmişdim.
Bəlkə də Prezident, Ali Baş Komandan İlham Əliyev özünün müzəffər ordusunun qəhrəman hərbçiləri ilə görüş yerini təsadüfən seçməmişdi. Açıq havada, açıq söhbət, ürək açıqlığı ilə…
Prezident özü də çıxışında məkan seçimilə bağlı maraqlı fikirlər söylədi. Sitat: “Bugünkü təntənəli mərasimin yeri təsadüfən seçilmədi. Biz bu mərasimi Yeni Bulvarda keçiririk. Yeni Bulvar mənim təşəbbüsümlə bir neçə il bundan əvvəl salınmışdır. Yeni Bulvarın uzunluğu 12 kilometrdir. Müqayisə üçün deyə bilərəm ki, köhnə bulvarın uzunluğu cəmi 3 kilometrdir. Bu bulvarın salınması dövlətimizin qüdrətini göstərirdi, xalqa olan qayğını göstərirdi”. Dövlət başçısı onu da bildirdi ki, İkinci Qarabağ müharibəsi bizim gücümüzü, müasirliyi göstərdi. Çünki biz XXI əsrin müharibəsini aparmışıq və bu gün artıq sirr deyil ki, dünyanın aparıcı hərbi məktəblərində İkinci Qarabağ müharibəsindəki əməliyyatlarımız, bizim uğurlarımız, Qələbəmiz öyrənilir…
Dövlət başçısının dediklərini düşmənlərimiz 44 günlük savaş günlərində özləri də etiraf edirdilər, Azərbaycanın beşinci nəsil silahlarla döyüşdüyünü deyirdilər. 80-ci illərin silahları ilə başları aldadılan işğalçılar 21-ci əsrin ordusu ilə üz-üzə qaldıqlarına görə başlarına döyürdülər, ancaq gec idi artıq…
Aprelin 12-də Hərbi Qənimətlər Parkının açılışını və daha sonra keçiriən mərasimi efirdən izlədim. Möhtəşəm mənzərəydi. Qalibiyyət budur! Komandanın da, qarşısında çıxış edən döyüşçünün də səsindən zəfərimiz aydın hiss olunurdu. Vaxt var idi mehmetçiyin hətta danışığından riqqətə gələrdik və gizlicə köks ötürərdik, kaş bizim əsgər və zabitlərin də səsi belə gur eşidiləydi, deyərək. Sən demə, bütün məsələlərin başı qələbədəymiş, biz vaxtilə döyüşü uduzduğumuza görəymiş səsimizdəki zəiflik…
Şükürlər olsun! Azərbaycanın qüdrətini, iqtisadi gücünü, yenilik və müasirliyini, dövlətin öz vətəndaşlarına olan qayğı və diqqətini təcəssüm etdirən Bakının ən gözəl guşəsində zəfər səlnaməsini yazan oğulların bir qrupunun vüqarına növbəti dəfə şahidlik etdik.
Dövlətimizin başçısı bir daha bəyan etdi ki, qələbə asanlıqla qazanılmayıb. Çünki bir neçə dost ölkələr xaric, az qala bütün dünya Qarabağın azadlığına qarşı imiş. Ən azı aparıcı güc mərkəzləri. Əks təqdirdə Azərbaycana bu qədər təzyiq göstərilərdimi?
Prezidentin dediklərinə diqqət edin: “Mən nə qədər təzyiqlə üzləşdim – yox, bu xətt Ermənistan üzərindən keçməlidir, dəmir yolu Ermənistan üzərindən keçməlidir. Bakı-Tbilisi-Qars inşa edilməməlidir, biz buna kredit verməyəcəyik. Dedim, vermirsən, cəhənnəmə vermə!” Təsəvvür edin, bir ölkənin rəhbərini hansı həddə gətiriblər!!! Özü də nəyə və kimə görə – qonşu ölkənin torpaqlarını on illər boyunca işğal altında saxlayan Ermənistanı ayağa qaldırmaq, inkişaf etdirmək, ilhaqın əbədiyyən davamına nail olmaq naminə! Budur həmin qüvvələrin xisləti, mənəviyyatı, əxlaqı!
Ancaq bütün bu təzyiqlərə rəğmən ölkənin iqtisadi müstəqilliyi qorunub-saxlandı, enerji müstəqilliyinə nail olundu, tarixi layihələr həyata keçirildi, 2006-2007-ci illərdə neft-qaz kəmərləri inşa edildi. Bir daha aydın olur ki, Azərbaycanın sahiblik etdiyi neft-qaz kəmərlərinə niyə bu qədər müqavimət olub, nədən “dövlət çevrilişi” cəhdləri, yaxud “inqilab” ab-havası yaradılıb. Bütün məsələlərin başı Qarabağ imiş!
Prezidentdən sitat: “Əgər, o kəmərlər tikilməsəydi, bizim bu qədər vəsaitimiz olmazdı. Vəsait yoxdursa, silah da olmayacaqdı. Silahları bizə heç kim bağışlamayıb. Ermənistandan fərqli olaraq 5 milyard dolları heç kim hədiyyə eləməyib. Onların məhv edilmiş və qənimət götürülmüş silahlarının dəyəri 5 milyard dollardır. Biz pulla almışıq, iqtisadi müstəqillik olmasaydı, necə ala bilərdik? Müharibəni necə apara bilərdik? Torpaqlar erməninin tapdağı altında əbədi qala bilərdi. Ona görə iqtisadi müstəqillik əsas idi, bu sahədə də hazırlaşdıq. Ermənistanı dalana çevirməli idik. Bütün nəqliyyat, kommunikasiya, enerji xətlərini elə çəkdik ki, onlardan yan keçdi”. Həmin mərkəzlər idi Azərbaycanla Ermənistan arasında “barış” yaratmağa çalışan, torpaqlar işğalda qala-qala. O güclər idi Türkiyəni Emənistanla qapılarını açmağa vadar etmək istəyənlər. İşğalçıya qarşı sanksiya qərarı vermək, dərhal icrasına nail olmaqdansa, onu dalandan çıxartmaq planı qururdular davamlı olaraq!
Azərbaycan dövləti, onun lideri isə Qarabağa aparan yolda bütün maneələrə rəğmən, yolundan qalmırdı, hətta böyük layihələri iflic etmək istəyənlərə cavab olaraq Gürcüstana 725 milyon dollar kredit vermək naminə, Ermənistanın dalana çevrilməsinə nail oldu! “Ermənistanı iqtisadi cəhətdən çökdürmək əsas vəzifələrdən biri idi, mən bunu gizlətmirdim və buna nail olduq”, dövlət başçısı bəyan etdi.
2003-cü il seçkilərindən sonra İlham Əliyev “mən hər bir azərbaycanlının prezidenti olacağam” andını içmişdi. Fəaliyyətinin 17-ci ildönümündə isə işğal altındakı torpaqları azad etməklə adını Azərbaycanın şərəf tarixinə qızıl hərflərlə yazdırdı: Son iki əsrdə düşmən işğalındakı torpaqları azad edən Komandan olaraq!
“Dənizdən-dənizə Ermənistan” yaratmaq istəyənlərin tankları nəhayət ki, Xəzər dənizinin sahillərinə gəlib çıxdı, ancaq qənimət şəklində. Bu mənzərənin düşməni nə qədər sarsıtdığını görmək üçün erməni mediasına göz gəzdirmək kifayətdir. Baxdım, ölüb yerə girə-girə xəbəri yayıblar, fotoları ilə birgə, şərhsiz-filansız…Nəyi şərh edəcəklər? Dilləri varmı bundan sonra?
İlham Əliyev bulvardakı 5 hektarlıq ərazidə qurulmuş parkda “erməni səngər”lərini dolaşanda, maketi hazırlanmış “erməni zabitləri”nin miskin durumuna zövqlə tamaşa edəndə Nikol Paşinyan İrəvanda elə o maketdəki zabitsayağı başını əlləri arasında sıxıb qəbuluna gələn valideynləri dinləyirdi. Qarabağ döyüşlərində itkin düşən ermənilərin valideynləri “oğlumu ver” deyib yaxasından yapışmışdılar Nikolun. Hardan versin? “Bayraktar”ın o uşuşundan sonra Vartanmı qalar?!
Prezident çıxışında əslində elə itkin ermənilərlə bağlı Ermənistandakı suallara cavab verdi həm də. Sitat: “Hansısa erməni mənə sual vermişdi ki, orada snayper müharibəsi gedir, yaxud da erməni əsgərləri ölür. Dedim ki, ölmək istəmirsə, rədd olsun bizim torpağımızdan. Müharibə dövründə dəfələrlə demişdim, Ermənistan rəhbəri mənə tarix versin ki, bizim torpağımızdan nə vaxt rədd olur, həmin an biz müharibəni dayandırırıq”.
Bax, övladlarını axtaran ermənilər bu sualı indi özlərinə verməlidirlər: “Bizim övladlarımızın Qarabağda nə ölümümüz var idi ki, indi küçələrdə qalmışıq?! Vaxtilə oğlunu “Qarabağ xidmətə” göndərən Paşinyanın da kifayət qədər məsuliyyəti var: təşviqə görə, “Qarabağ Ermənistandır” sərsəmləməsinə görə! İndi budur, Qənimətlər Parkının girəcəyində Azərbaycan Ordusunun qənimət kimi ələ keçirdiyi 2 mindən çox avtomobilin nömrə nişanlarından hazırlanan və üzərində “Qarabağ Azərbaycandır!” şüarı əks olunmuş iri lövhə quraşdırılıb. Al, bu da sənə Qarabağ!
Parkda düşməndən qənimət kimi götürülmüş hərbi texnikaların bir qismi, ümumilikdə, 300-dən çox eksponat sərgilənir. Düşmənin 150-dək ağır texnikası, “T-72” tankları, BMP-1 piyadaların döyüş maşınları, 2S1 “Qvozdika” özüyeriyən artilleriya qurğusu, “Osa” zenit raket kompleksi və digər ağır zirehli texnikası, atıcı silahlar, hərbi nəqliyyatlar da nümayiş olunur. Parkda düşmənin müharibə zamanı atıb qaçdığı dəbilqələrdən ibarət kompozisiya, qaçmasınlar deyə, zəncirlənən düşmən əsgərlərinin müqəvvaları, düşmən “səngər”ləri, “mina sahələri…” Vətən Müharibəsi zamanı düşmən tərəfindən Şuşaya atılmış “İsgəndər-M” raketinin qalıqları da eksponatlar arasındadır. Prezident bəyan etdi ki, cavab gözləyir: “İsgəndər-M” necə olub Ermənistanın əlinə keçib?! Bu sualın cavabı isə ermənilərin “ağa”sındadır. Görək nə deyəcəklər…
Prezident Əliyevin çox mühüm xəbərdarlığı oldu, Ermənistandakı revanşist qüvvələrə: “Bu gün orada baş qaldıran bəzi revanşist qüvvələr də bilməlidirlər, dəmir yumruq yerindədir, lazım olarsa, bunların başını elə əzərik və buna əbədi son qoyulacaq”.
Eyni zamanda xalqımıza da mühüm bir ismarıcını çatdırdı dövlət başçımız: “Biz erməni vəhşiliyini heç vaxt unutmamalıyıq. Biz çox xeyirxah xalqıq. Bu, həm bizim üstünlüyümüzdür, eyni zamanda, qarşısında vəhşi olanda, xeyirxah olmaq olmaz. Onlara elə cavab verməliyik ki, bunu öz tarixi yaddaşlarında əbədi saxlasınlar, bu, onların yaddaşlarından heç vaxt silinməsin və silinməyəcək”. İkisi də çox mühüm!
Beləcə, Zəfər paradından sonra dünya növbəti möhtəşəm hadisəyə şahidlik etdi. Xəzərin sahilindəki Hərbi Qənimətlər Parkında bundan sonra hər kəsin üzünə açıq olacaq. Necə deyərlər, “qətiyyət görmək istəyən Azərbaycana, bulvara gəlsin!” Azərbaycana dil uzatmaq istəyənlər bu parkdakı erməni tanklarını unutmasınlar… Bu ünvandan verilən mesajlar isə müstəsna əhəmiyyət kəsb edir.
Günün sonunda Nobel prospekti “8 Noyabr” prospekti adlandırıldı, Şuşa zəfərimizin şərəfinə. Qarabağa aparan yolumuzu illərlə kəsmək istəyənlərin acığına! Zəfərimiz, adımız, yolumuz mübarək olsun!