“Bizim fikirlərimiz dumana bürünmüşdü. Biz öz arzularımızı başqalarına sırıyırdıq, məsuliyyətsiz şəxslərin məzmunsuz sözlərinə böyük önəm verirdik, özünütəlqin altında reallığı anlamır və arzulara qapılırdıq”.
(Ovanes Kaçaznuni, Ermənistanın 1918-ci ildə ilk baş naziri, “Daşnak partiyası özünü bitirmişdir” məruzəsindən, 1923-cü il)
Bir çox proqnozlara baxmayaraq Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağda ağır məğlubiyyətin ardından vəzifəsini nəinki itirmədi, hətta daha möhkəmlətmiş kimi görünür. Bəzi xoşu gəlməyən, əskidən qalma kadrları qovdu, güclü mühafizə altında olsa belə, ölkədə dolaşmağa cürət tapdı.
Xatırladım ki, biz bundan qat-qat yüngül görünə biləcək məğlubiyyətdən – cəmi 1 rayonun, Kəlbəcərin itirilməsindən sonra Əbülfəz Elçibəyin fatihəsini oxumuşduq. İndi isə ermənilər SSRİ dağılan ərəfədəki durumdan da ağır kökə salınıb: Azərbaycan nəinki Dağlıq Qarabağ ətrafında bütün torpaqları, həmçinin Dağlıq Qarabağın da az qala yarısını ekstremist-terrorçu dəstələrdən təmizləyib. Cəmi 4-5 ay qabaq hamıya fantastika görünəcək proseslər cərəyan edir. Azərbaycan Qafanda, Gorusda, Kəlbəcərdə dövlət sərhədinin demarkasiyası ilə məşğuldur, özü də bunu hansısa tank-topla yox, GPS texnologiyasıyla, sivil qaydada cızır. Əsirlər dəyişdirilir, təzə götürülən əsirlər dərhal geri qaytarılır, vətəndaşımız olan Qarabağ ermənilərinə dağılmış evlərinin bərpası üçün Moskvadan gələn taxta-şalbanı Bərdə-Yevlax, Gəncə yollarıyla təşkil edirik və sairə.
Bölgədə sülh tədbirlərinin çoxalmasını xüsusi vurğulamağımın səbəbi odur ki, məncə Paşinyanın “bərk qoz” çıxmasında Azərbaycanın atdığı addımların rolu var. Biz həmişə bəyan etdiyimiz kimi, savaş istəməyən toplumuq, dinc yanaşı yaşamaq, mehriban qonşuluq tərəfdarıyıq. Kim üstümüzə bir çiçəklə gəlsə, onu gül çələngiylə qarşılayarıq. Əksinə, qılıncla gələni də yerində oturdarıq – pafoslu çıxmasın. Düşünürəm ki, erməni xalqı da uzun illərin təcrübəsindən sonra bunu anlamışdır, o üzdən Paşinyanı yıxıb yerinə təzədən Sərkisyan-Köçəryan tipli quldurları gətirmək istəmir. (Burada prezident İlham Əliyevin “Paşinyanın ordusu yox idi, biz Koçaryan-Sərkisyan ordusunu məğlub etdik” sözünü yada salaq). Hansısa beynəlxalq dairələrin əlində alət olmağın erməni xalqının başına gətirdiyi son yüzillik faciələr, ümid edirəm, bəsdir. Çünki o faciələr bizə də toxunur.
Ermənistanda ordu, polis, iqtisadi sektor Paşinyanın əleyhinə çıxmadı. Bu da onların real vəziyyəti çığırqan müxalifətçilərdən dəqiq bilməsiylə bağlıdır. Dünən İrəvanın mərkəzindəki balaca Teatr meydanına müxalifət heç 1800 adam yığa bilməmişdi. Onlar da bəzi müxalifətçilərin şirkətlərində işləyənlər imiş – zorla, işdən qovmaq təhdidiylə meydana göndəriblər.
“Meydan” deyəndə ağlınıza bizim Azadlıq-filan kimi böyük yer gəlməsin, İrəvanın o meydanı hardasa Bakıdakı Fəvvarələr meydanının yarısı boyda bir yerdir. Lakin müxalifət oranı doldurmaqda çətinlik çəkir. Halbuki yuxarıda yazdığım kimi, müxalifətin çiçəklənməsi üçün Ermənistanda bu dəqiqə çox yaxşı şərait olmalıdır. Olmur. Alınmır. Çünki erməni xalqı boyundan yuxarı hoppanmağın nəticəsini gördü. İndi bəziləri orda “Sünikdə sərhəd əldən gedir, Paşinyan vətəni satır, ay haray” qışqırır, lakin buna fikir verən yoxdur. Çünki ordu, polis, biznes, ümumən xalq öz taleyi ilə barışıb. Əlbəttə, bəlkə onlar da ürəklərində bizə, türklərə qarşı nəsə arzu edir. Ancaq bir lətifəmizdə deyilən kimi: “nəynən, Alış?”
17 müxalifət partiyanın namizədi olan Vazgen Manukyan elə 17 nəfərlə İrəvan küçələrində sülənirdi, lakin heç zad alınmırdı. Erməni KİV-ləri ora toplaşanları təsvir eləyirdi: “Bu, Masisin keçmiş meri David Ambarsumyandır. 2018-ci ildə qohumlarıyla birgə Serj Sərkisyana etiraz edən nümayişçiləri döymüş, daşa basmışdı”, “Bu Arakel Movsisyandır, keçmiş deputat. 2018-də evindən çoxlu qanunsuz silah çıxmışdı. 2015-də prezident Sərkisyanı və nazir Ohanyanı tənqid edənləri zorlamaqla hədələmişdi” və sairə. Yəni erməni xalqı müxalifətin Paşinyandan da pis olduğunu başa düşür. Əslində bu alternativsizliyi ermənilərin xarici havadarları da anlayır. Əks halda Robert Köçəryan təzə Moskva səfərindən suya düşmüş çoşka kimi qayıtmazdı.
Az qala unutmuşdum, müxalifətin aksiyasında “türk” sözü də çox işlənirdi, onlar bununla guya hakimiyyəti tənqid edirdilər. Mənim isə içimdən “nə mutlu türkəm deyənə” yazmaq keçdi…