Bir ata sözü var, deyir xış ilişəndə donuz donuzdan görər. Hazırda Ermənistan elitasının Qarabağda məğlubiyyət acısı ilə bir-birinə girişməsi, suç keçisi araması xışın Azərbaycan əsgərinin sərt dabanlarına ilişməsiylə bağlıdır.
Burada bir zəruri haşiyə çıxım. Elə bil heyvanlardan çox misal çəkdik – kiçik qardaşlarımızdan bu münasibətlə üzr istəyirəm; əslində sizə deyim ki, mən bu “iti qovmaq” diskursunun da heyvan hüquqlarının pozulması olduğunu düşünürəm. Bakıda yiyəsiz küçə itləri üçün “Toplan” sığınacağı açan, zooparkı genişləndirən, pələngin qəfəsini evroremont edən hökumətimiz gərək nəsə başqa bənzətmə seçərdi. Ümumiyyətlə, bəşəriyyətin fauna aləmini tək ekoloji deyil, siyasi-ideoloji baxımdan da rahat buraxmasının vaxtı çatmışdır. Biz insanlar yeyəcəyindən artıq öldürən, bəzən əyləncə xatirinə qətl törədən yeganə varlıqlarıq. Yeganə, deyəsən, canavarlar insana oxşayır, onlar da sürüyə girəndə yediklərini yeyir, yemədiklərinin boğazını gəmirib qaçırlar.
Ermənistanda tragik vəziyyətdir. Düşmən də olsa adamın onlara bir az yazığı gəlir, çünki biz Paşinyanın başçılıq elədiyi rejimin bənzərini Elçibəyin, Mütəllibovun və Vəzirovun dövründə müəyyən mənada yaşamışıq. Paşinyan Qaqiki qınayır, deyir səni Şuşaya göndərmişdim, bəs hara cəhənnəm olmuşdun. Qaqik deyir ruslar Şuşa əlimizdə olanda gəlmək istəyirdi, sən qoymadın. Bir sürü erməni Sorosun ofisini dağıdır (Paşinyanı vəzifəyə gətirməsinə görə), başqa bir dəstə baş nazirin kabinetini talan edir. Yeri gəlmişkən, Paşinyanın nə qədər bambılı, xırda ürəkli, qeyri-ciddi siyasətçi olması kabinetini dağıdanlar haqda açıqlamasından göründü. Sitat: “Onlar gecə mənim kabinetimə girib oradan kompüter, sürücülük vəsiqəsi və parfümeriya aparıblar”. Bunda dayanmayıb, hələ ironiya eləyib: “Yəqin bunlar vətən naminə lazım imiş”.
Təsəvvür eləyin, adam pis-yaxşı bir dövlətin başçısıdır, cəbhədə və diplomatik sahədə bütün mövqeləri uduzub, xalqının minlərlə övladı həlak olub, ölkə de-fakto vətəndaş müharibəsi ərəfəsindədir, baş nazir isə odekolonunu oğurladıqlarından şikayətlənir. Bu tip üçün kabinetindəki hansısa fransız odekolonu gənc erməni balalarının Qarabağda sel kimi axan qanından qiymətli imiş. Hərçənd insaf naminə, biz həmin itkin parfümeriyanın tarixçəsini dəqiq bilmirik, bəlkə onu Paşinyana can dostu Emmanuel müəllim hədiyyə edibmiş?
Lakin mən burada əl saxlayır və məzlum erməni xalqı ilə, türkün sözü, “fazla” məzələnmək istəmirəm. Erməni xalqı nəhayət anlamalıdır ki, onun yüzilliklər boyu sürən faciələrinin səbəbi qonşuları ilə dinc-yanaşı yaşamaq yerinə, yadelli işğalçılara maşa rolunu seçməsiylə bağlıdır. Son məğlubiyyətin fitilini Paşinyan yandırsa da, bu bombanı erməni xalqı özü-öz altına yerləşdirmişdi, özü də oynaya-oynaya. Bu bombanın adı, qəlpələri düşmənçilik, ksenofobiya, faşizm, paxıllıq, yalan, saxtakarlıqdır.
Erməni xalqına ən yaxşı münasibəti türklər bəsləyib, əvəzində həmişə xainlik, satqınçılıq görmüşük. Gah ərəbə satılıb kürəyimizdən vurublar, gah rusa. Birdən fransızın aləti olublar, birdən ingilisin. Halbuki yenə deyirəm, ən xoş üzü türklərdən görüblər. Türklər erməniləri öz padşah saraylarında ən yağlı vəzifələrə yerləşdiriblər. Türk şəhərlərinin ən mərkəzi məhəlləsi ermənilərə peşkəş edilib. Musiqimizi, yeməyimizi, tariximizi, evimizi-eşiyimizi vermişik. Gözləri doymayıb. İndi də əslində gec deyil. Axmaq iddialardan əl çəksələr Türkiyə-Ermənistan-Azərbaycan-Gürcüstan ittifaqı bölgənin mənzərəsini kökündən dəyişməyə qadir müsbət perspektivlər açar. Təbii ki, haçansa belə olacaq, Qafqazda sərhəd-zad olmayacaq, gələcək nəsillər də bu tarixi oxuyub təəccüblənəcəklər. Ancaq nə edək, indi durum faciəvidir.
Hansısa erməni siyasətçisi son günlər yazmışdı: “Kaş yuxudan ayılmazdım, Şuşanı itirdiyimizi görməzdim”. Bədbəxt elə bilir oyanıbdır. Hələ qəflət yuxusunda yatdığından xəbərsizdir. Bir mahnımızı buna fon versək, “qalada yatmış imiş, top atmışıq, oyanmayıb”. Görünür, millətlər özünü qədim elan edəndə, o qədimlikdə çox eşələnməyi seçəndə tarixin gedişindən geri qalırlar, mağara adamlarına çevrilirlər.
Şübhəsiz ki, erməni xalqının başına gələn faciədə hər kəs üçün dərslər var, həmçinin bizim üçün.
Sonda Azərbaycan xalqını 12 noyabr Konstitusiya günü münasibətilə təbrik edirəm.