“Şübhəsizdir ki, bir gün həqiqət parıldayacaq. Azadlıq əsasını, birləşmiş millətlər prinsipini və insan haqlarını tutan tərəf qalib gələcəkdir”.
(Məhəmməd Əmin Rəsulzadə, 1953-cü il)
Köhnə və sadiq oxucularımdan, uşaqlıq dostum Günel xanım məktub yazmışdı, deyir, sənin “Adsız yüksəkliklər” adlı bir yazın vardı, onun tapıb mənə göndər. Axtardım, tapa bilmədim. Ancaq məzmununu yazdı, yadıma dumanlı şəkildə düşdü. Haçansa belə qeydlər etmişəm ki, düşmən Qarabağda mövqelərimizi atəşə tutanda Müdafiə Nazirliyimiz “Adsız yüksəkliklərdən atəş açıldı” tipli xəbər paylaşır, kaş qismət ola, adam gedib orada vuruşa, adını yüksəkliklərə yazdıra. Hələlik bizə qismət olmasa da, ordumuzun əsgərləri Qarabağda adsız yüksəkliklərə öz adlarını yazmaqdadır. Güman edirəm, Milli Məclis, başqa dövlət orqanları bunu vaxtı gələndə qanun və qərarlarla rəsmiləşdirər. Müəyyən hərbi səbəblərdən biz indi onların adlarını bilmirik, ancaq o adlar yaşadılmağa layiqdir.
Əslində millət qeyri-rəsmi də olsa belə adları yaşadır. Öz folklorunda, öz nağıllarında həkk edərək. “Dədə Qorqud” dastanında Bayburdun qalası, Qazılıq dağı kimi toponimlər var, kim bilir, bəlkə Bayburd hansı qəhrəmanınsa adı olub, dağı qazilərin şərəfinə elə adlandırıblar. Mən uşaq olanda nənəmdən eşitmişdim, kimsə mənasız yerə forslananda deyərdi: “Elə bil Qarsın qalasını alıb”. Heç anlamırdım Qars haradır, ancaq başa düşürdüm ki, bu qala nəsə çox çətin alınası bir yerdir. Ümid edirəm, biz Şuşa, Şahbulaq qalalarını belə çətin azad etmərik və “Elə bil Şuşanın qalasını alıb” məsəli yaranmaz. Əksinə, asan işlər üçün “Şuşanı almış kimi” deyilsin.
Xalqın yaddaşında belə qəhrəmanlıqların yaşamasını Murovda hərbi xidmət zamanı da canlı görmüşdüm. Orda Cabir postunda, çox hündür bir zirvədə dururduq, danışırdılar ki, 1993-94-cü illər əməliyyatı zamanı bu postda Cabir adlı zabitimiz xidmət keçirmiş, bir gün düşmən posta hücuma keçir, Cabir təkbaşına müqavimət göstərir, saatlarla döyüşür, yaralanır, ancaq postun alınmasına imkan vermir. Ta aşağıdan bizim başqa bölüklər, əsgərlər köməyə gələnəcən vuruşur və həlak olur. Beləcə, illər keçmişdi, bəlkə bu qəhrəmanlıq heç rəsmi sənədlərdə də təsdiqlənib ödülünü almayıbdır, ancaq xalqın, əsgərlərin yaddaşına həkk olunmuşdu.
Ümumilikdə isə Azərbaycan öz ərazisində qayda-qanun yaratmaq, terrorçu dəstələri zərərsizləşdirmək əməliyyatlarını olduqca səliqəli şəkildə həyata keçirməkdədir. Ermənistanın dinc əhalimizi raket yağışına tutmasına da dözümlə yanaşırıq, bu təxribata cavab vermirik və həmin səbirli davranışın cavabı dünən Rusiya prezidenti Putindən gəldi. Putin haqlı olaraq davanın Azərbaycan ərazisində getdiyini, Rusiyanın buna qarışmayacağını açıqladı. (Düzü, ağlıma gəlməzdi haçansa Putinin açıqlamalarını minnətdarlıq hissiylə oxuya bilərəm. Fantastik günlərdir). Hərbi-siyasi diplomatiyamızın uğuru kimi qiymətləndirmək borcumuzdur. Ermənistanı bütün cəbhələrdə təkləmişik və burada yəqin həmişə tənqid etdiyimiz səbrin, dözümün rolu var. Bəlkə 10-15 il qabaq, hətta 5-6 il qabaq da dünya bizim öz ərazimizi təmizləməyimizə pis baxardı. Ancaq dünya dəyişdi, hamı ermənilərin axmaq, yalançı “soyqırım” zırıltısından bezdi, yoruldu, üstəlik ərazi bütövlüyünə qəsd edilən regionların sayı artmağa başladı. Ən əsası, Ukraynanın başına açılan faciələr dünyanı silkələdi. Qərb siyasətçiləri artıq anlayırlar ki, bu cür dağıdıcı geopolitikanın əsasında, özülündə Dağlıq Qarabağ kimi gec açılan minalar rol oynamışdır. Dövlətlərin ərazi bütövlüyü beynəlxalq hüquqda əsas prinsip olaraq önə çıxdı. İndi bütün dövlətlər başa düşür ki, ərazi bütövlüyünü tanımasan, planet cəhənnəmə dönər.