Ramiz müəllimin məruz qaldığı toyqırım kampaniyasının qurbanlarından biri də Səyavuş Novruzov oldu və Səyavuş müəllim uzun illər boyu hər cür müxalif qüvvələrlə savaşaraq YAP-da qazandığı mövqeləri, yüksəklikləri bircə-bircə itirərək gumbultu ilə siyasi dərəyə yuvarlandı. Adam həm partiya sədrinin müavini, həm təşkilat şöbəsinin müdirliyini əldən verdi, böyük ehtimalla atəşkəs sazişi və təslimiyyət aktını imzalamasa toyqırımın növbəti zərbəsi birbaşa deputat kürsüsünün torpağın dərin qatlarına işləmiş köklərini qazıyacaqdı. Kərbəlayı demişkən, heç Yadullanın müsibəti belə olmamışdı. Hesab edirəm Səyavuş müəllim bu münasibətə layiq deyildi. Partiya və zəhmətkeşlərimiz o qədər orden-medalı olan qəhrəmanı bir də hardan tapacaqdır?
Təsəvvür edin, o cür ağır artilleriya müxalifəti, Qərbi, nə bilim, Molotov kotleti kimi çətin, gərgin temaları buraxıb hazırda nə işlə məşğuldur? İnanılmazdır. Vallah, adam o cür sərkərdənin münasibət bildirdiyi mövzunu görəndə xəcalət çəkir. Şəxsən mən neçə dəfə klaviaturanı yerə çırpdım, dedim, zəmanə, ay zəmanə, oxun qoyub kəmanə… Qısası, dilxor oldum. Buyurun, siz də oxuyun: “Artıq uşaqlara ”çantadaşıyan” tuturlar. 12 kq-lıq çantanı uşaq necə götürsün?!” Bəli. Səhv oxumadınız. Səyavuş müəllim birinci sinifə gedən balacaların problemlərini parlamentdə qaldırmışdır. Ey gidi dünya… Biz axı nə üçün yaşayırıq? Niyə bunu görməliyik? Görəsən başqa planetlərdə həyat varmı?
Ədalət naminə, Google-də axtarış verəndə Səyavuş müəllimin ötən illərdə də arabir təhsil problemlərini qaldırdığını tapmaq mümkündür. Örnək üçün, 2018-ci ildə təhsil qanunumuzu “kaşa” adlandırıbdır. Öz dilimizdə yazsaq, sıyıq. Ancaq YAP-ın bu zenit qurğusu, bu ballistik raket, bu kamikadze-dron heç zaman belə xırda-xuruş mövzulara, hədəflərə diqqət etməmişdir. Uşaq çantası ağırdır… Mövzuya bax. Halbuki, camaat bu mövzunu 10 il qabaq bağlayıbdır, artıq uşaqlar da başa düşürlər ki, gələcək həyatda hansısa deputata hambal işləmək üçün indidən ağır yükləri daşımağı öyrənməliyik.
Sözgəlişi, mənim yadıma gəlir, biz uşaq olanda Sovet hökuməti də o boyda Nizamidən xüsusi olaraq seçib “Fitnə” əhvalatını şagirdlərə öyrədirdi. Orda Fitnə öküzü belində sarayın başına qaldırırdı, sonra izah edirdi ki, bunu hələ buzov olandan qaldırıram, çəki yavaş-yavaş artıb, hiss eləməmişəm. Doğrudan da ağırlığı yavaş-yavaş artırıb xalqdan dözümlülük üzrə dünya çempionu yetişdirmək mümkündür.
Hələ bu temada qəzetimizin münasibət öyrəndiyi bir təhsil ekspertinə baxanda yoldaş Novruzov toya getməlidir. (And içirəm ki, cümlənin sonunu məzələnmək üçün yazmamışam). Ekspert “birinci” siniflərə uşaqların qəbulu zamanı verilən axmaq sualları tənqid etmişdir. Sitat: “Şəxsən mən imtahan müsabiqəsində iştirak etmişəm. Müsabiqə zamanı uşaqdan soruşurlar ki, ”şam ağacında nə bitər?” Uşaq cavab verib ki, “alma”. Bu sual axı çətin deyil. 6 yaşında uşaq artıq bilməlidir ki, şam ağacı nədir və onda nə bitir. Və yaxud çətir nə üçün götürülür? Bəzən uşaqlar bu cür elementar suallara cavab verə bilmir. Bu nədir?” Sitatın sonu.
Bisavad yanaşmadır. Birincisi, ölkəmizin inkişafı sayəsində indi bəzi rayonlarımızda şam ağacında nəinki alma, həmçinin banan, feyxoa, kokos, nar, pomidor, qarğıdalı və sairə gündəlik tələbat malları bitir. Elə rayon var pambığı yığırlar, səhər gedirlər görürlər qozaların yerində fındıq əmələ gəlib. İkincisi, şair də yaxşı deyibdir ki, sən yanmasan, mən yanmasam, bəs qızdırma şamını neyləyək? Şam ağacı deyərkən həm də bu şam nəzərdə tutulur. Çətir sualı da onun kimi, düşündürücü sualdır. Çünki başqa ölkələrdə çətiri yağışda islanmamaq üçün götürürlər, bizdə Günəşdən qorunmaq üçün. Hələ onu yazmıram ki, Bakıda çətirin bu funksiyaları da qeyri-mümkün hala gəlir, çünki adətən güclü külək əsir və çətiri adamın təpəsinə keçirdir. Mən özüm çətiri adətən məhəllədəki it-pişiyi qovmaq üçün götürürəm. Yayda isə tərsinə tutub içinə tut çırpırıq. Gördün nə qədər funksiyası var? Bunu “birincilərə” öyrətmək borcumuzdur.
Yadıma düşdü, hələ 90-cı illərin əvvəlində cəbhəçi qadınlar Araz Əlizadəni çətirlə döymüşdülər. Böyük ehtimal indiki uşaqlar heç bunu da bilmirlər.