“Bəzən sərt mövqe iflicin nəticəsidir”
(Stanislav Yeji Lets)
Bir sevdiyim lətifə var. Deyir yaşlı və çox kasıb ər-arvad olur, yeməyə heç nə tapmırlar, kişi axırıncı toyuqlarını kəsmək istəyir, arvadı qoymur: “Qoy qalsın, mən bunun yumurtalarını yığaram, aparıb bazarda satarsan. Pulları toplayarıq, o pulla at alarsan, iş-güc dalıyca getməyə nəqliyyatın olar”. Kişi razılaşır, deyir düz deyirsən, yaxşı fikirdir, toyuğu buraxır, bıçağı qoyur yerə. Arvad davam edir: “Kişi, sən evə dönəndə olarmı mən də atla qonşu kənddəki qohumlarıma baş çəkməyə gedim?” Kişi bunu eşidəndə çomağı qapıb başlayır arvadı döyməyə. Qonum-qonşu qışqırığa tökülüşür gəlir, arvadı xilas edirlər, kişidən soruşurlar bu yazığı niyə döyürsən. Kişi deyir: “Əşşi, bu qanmazın biridir, istəyir atı tərli-tərli qonşu kəndlə aramızdan keçən çayın içindən sürsün, at islanıb, soyuqlayıb ölsün”.
İndi bir deputatın Ermənistan baş nazirinin arvadını tutmaq, Müdafiə Nazirliyimizin isə o arvadı müdafiə eləmək cəhdləri bu əhvalatı xatırladır. Əslində nazirliyin mövqeyi məntiqsizdir, biz ərazilərimizə qanunsuz gəlib orada silahlı fotolar çəkdirənlərə qarşı niyə cinsi ayrı-seçkilik salmalıyıq? Döyüşçüyə feminizm nöqteyi-nəzərindən yanaşmalıyıq. İsraildə qadınları əsgərliyə çağırırlar. Qaldı humanizm, o da mülki, silahsız əhaliyə, adamlara qarşı ola bilər. Başqa qanun pozucuları mütləq cəzasını almalıdır.
Əlbəttə, bizdə dövlət humanist olduğundan sonradan Paşinyanın arvadını amnistiyaya sala bilərik. Əgər qadın kolonunda özünə müsbət xarakteristika qazansa. Üçdə birlə. Məsələn, vaxtlı-vaxtında dustaqların voleybol turnirində iştirak etsə, günahlarını başa düşsə, nə bilim, dövlətçiliyimizə sədaqətini isbata yetirsə və sairə. Bu halda biz hətta mümkündür ki, növbəti çağırışların birində Paşinyanın arvadını deputat qoyaq. Niyə də olmasın? Əsas odur xalqın etimadını qazansın. Dağlıq Qarabağın erməni icmasını təmsil eləyər. Tolerantlıq və multikulturizmimizin şöhrəti dünyaya yayılar. O da doğrudur ki, bizdə deputatları prezident administrasiyası təyin eləmir, xalq seçir. Lazım gəlsə sonradan bu deputatlıq yeni “Əsli-Kərəm”, “Bahadır-Sona” dastanları ortaya çıxarar.
Özü də erməni baş nazirin zövcəsinin (bayaq çoxlu “arvad” sözü yazdım, güman edirəm əlaqədar orqanlarımız bundan pis olmayıbdır) deputatımız olması siyasi baxımdan hər hansı təhlükə yaratmır, çünki bizdə parlament siyasət meydanı sayılmır. Təzə deputatlardan Jalə Əhmədova adlı xanım belə ərz edibdir ki, Milli Məclisdə siyasətlə məşğul olmaq istəmir, bunun üçün ayrı adamlar varmış. Bəzi başqa yeni deputatlar da hansısa maraqlar üzündən bu gülməli söhbətə dəstək veribdir. Parlament siyasət yeri deyilsə, bəs görəsən nəyin yeridir?
Ümumiyyətlə, siyasət deyəndə bizim millət nəyi başa düşür? Bunun özünü elmi şəkildə araşdırmaq lazımdır. Elə bu yaxında AMEA prezidenti Ramiz müəllim məhkəməyə verməklə hədələdiyi şəxslər sırasında “siyasi-politoloq Elxan Şahinoğlu” yazaraq tavtologiyaya yol vermişdi. Yəni bir ölkədə alimlərin şefi, bütün tay-tuşları çoxdan “torpaq şöbəsində” çalışan alimbaşı politoloqun elə siyasət elmiylə məşğul olan adam olduğunu bilmirsə, çiçəyi burnunda sütül deputatdan nə gözləyəsən? Yəqin bizdə kulinar-politoloqlar, mühəndis-politoloqlar və həkim-politoloqlar da var. Şeytan bilir… Yeri gəlmişkən, biz – jurnalist tayfası Ramiz müəllimdən ikinci dalğanın intizarındayıq. Nisbi sakitlik bizim işimizə yaramır. Uşaqlar acdır. O isə nəinki daha toy eləyir, heç məqalə də yazmır. Bəs biz indi nə ilə yaşamalıyıq? Bu, jurnalistikaya, azad sözə qarşı təzyiqdir. Belə getsə biz də siyasətə qoşulacağıq.
“Millətin siyasətə münasibəti dəqiqləşsin” deyərkən ifrata varmıram. Bu, bizim köhnə dərdimizdir. Azərbaycanda həmişə siyasəti nəsə çirkin hadisələr, proseslər kimi qələmə veriblər. Guya siyasətçi mütləq yalançıdır, əxlaqsızdır, rüşvətxorluq üçün vəzifəyə cəhd edən tipdir və sairə. Bu siyasət iqtidara sərf edir, çünki sadə camaat siyasətə qoşulmaqdan, öz ölkəsinin, özünün taleyində aktiv iştirakdan çəkindirilir. “Eybi yox, təki siz salamat, təmiz qalın, çirkli işləri biz sizin əvəzinizə görərik” propaqandası aparılmışdır. Nəticədə hər hansı ölkədaxili məsələ (küçənin zibillənməyindən, deputat seçkisinəcən) müzakirə ediləndə camaat daş atır başını tutur: “Əl çəkin, biz siyasətə qarışmırıq”.
90-cı illərin sonunda parlamentin spikeri də buna bənzər söz demişdi: “Mən sizə burada (parlamentdə – Z.H.) siyasətlə məşğul olmağa imkan verməyəcəyəm”.