“Qarışqa şıllaq atdı, dəvənin budu batdı, milçək mindik, çay keçdik, yabaynan dovğa içdik…”
(folklorumuzdan)
Bizim daha çox Cümhuriyyət qurucularının, xüsusilə Məhəmməd Əmin Rəsulzadənin müdafiəçisi kimi, həmçinin 31 mart soyqırımı haqda sənədlərin araşdırıcısı olaraq tanıdığımız tarixçi alim Solmaz xanım götürüb birdən-birə Ramiz Mehdiyevin müdafiəsinə həsr edilən palaz boyda yazı yazmışdır. Yazının içində hətta balans xatirinə Ramiz müəllimin də qabırğasına bir-iki selbə döşəmişdir, bu gün elmi ictimaiyyətimizin bərbad duruma düşməsində, müdafiəsiz qalmasında akademikin özünü suçlamışdır. Ancaq yazının əsas qayəsi, ana xətti ondan ibarətdir ki, bu gün Ramiz müəllimi tənqid eləyənlər, sən demə, Azərbaycan elminə balta çalmaq istəyirmişlər. O elm isə haralardasa, bizə məlum olmayan obyektlərdə bulaq kimi çağlayırmış, planetə nəfəs-zad verirmiş, az qala koronavirusa əlacı, Andromeda dumanlığında həyat əlamətlərini və Voyniç manuskriptinin sirrini bizim AMEA-da tapmışlar. Həmçinin, hörmətli Solmaz xanım tarixi müdafiə çıxışını kamançaçı Habil Əliyevin manıs Elarizə dediyi tarixi sözlərə bənzər diskurs üzərində qurmuşdur: “Onlar verirdi-verirdi, bəs sən niyə alırdın?”. Qısa yazsam, alim iddia edir ki, bizdə elm sektorunun cürbəcür hökumətlərə satılması könüllü şəkildə baş veribdir, hətta heç bir repressiya-zad olmayıbdır. Sitat: “Cəmiyyət və onun aparıcı qüvvəsi olan ziyalılar bu sistemə, modelə qarşı, onun formalaşmağa başladığı andan zəif də olsa heç müqavimət göstərdimi? İstənilən seçkilərdə – akademiyaya, ya Milli Məclisə – sistemin təklif etdiyi şərtlər daxilində seçilməkdən imtina edən olubmu?”
Açığı, mənim Solmaz xanımın tarixçi alimliyinə böyük hörmətim vardı, bunları oxuyandan sonra o biri yazılarına şübhə etməyə başladım. Gözümüzün qabağında olanları bu cür təhrif edən tarixçi, əsrin əvvəlindəki, kağız-kuğuzda qalmış tarixi necə düzgün çatdırar? Milli Məclisə seçilmiş və mandatından imtina edən Lalə Şövkət və Mirmahmud Fəttayevi, həmçinin “Şöhrət” ordenindən 90-cı illərdə imtina edən Sabir Rüstəmxanlını tanımır? Blokunda öldürülən Ziya Bünyadov, həbsə atılan Eldar Salayev bəyəm alim deyildilər? Ramiz Mehdiyevin birbaşa başçılığı altında repressiyaya uğrayan, işdən qovulan, mühacirətə məcbur olan alimlərimizi isə saymaqla qurtarmaz. İndi vəzifədən çıxarılandan sonra mələyə dönübmüş. Belə yazılar yazmaq ayıbdır axı, Solmaz xanım. Hətta vəkillər belə bəzən elə günahkarlar olur ki, onları müdafiə eləmək istəmirlər. Siz isə heç vəkil də deyilsiniz. Bu uçuruma yuvarlanan avtobusa belə haray-həşirlə, vurhavurla qaçıb minmək sizin nəyinizə lazım idi? Bəlkə bu minvalla Ramiz müəllimi 31 mart soyqırımının qurbanları siyahısına daxil edərsiniz. Nə bilim, vallah. Hər şey ola bilər. Əli İnsanovun Uilyam Uolles sayıldığı yerdə nə desən mümkündür. Biz çoxdandır təəccüblənmirik.
Hələ bu sitatı oxuyun, vallah, adam heyrətə gəlir: “Etiraf edim ki, çox sadə, mədəni, təmkinli, ehtiyatlı bir adamın adının sonralar cəmiyyət tərəfindən ”boz kardinal” kimi hallandırılması uzun müddət mənim üçün bir müəmma olub. Amma əgər bir şəxsin belə “dəyişikliyə uğraması” baş veribsə də, bu proses heç vəchlə birtərəfli getməyib və həmin sistemin içində olmaqla onu qəbul edən insanların çevrəsində, onların razılığı və iştirakı ilə baş tutub”.
Bəli. Sən demə, günahın hardasa yarısı bizdədir, hökumətdədir, xalqdadır. (Bu yerdə müəllif internetdən Ağadadaş müəllimin “Yarı səndə, yarı məndə” havasını zakaz verir). Örnək üçün, gərək Ramiz müəllim nəvəsinə toy eləyəndə biz Novxanıya gedib məftillə yolu bağlayardıq, toy maşınının qabağını kəsərdik. Elə “atəşfəşanlığı gördük, ancaq bizi içəri buraxmadılar” deyən polisi də cəzalandırmaq lazımdır. Zəhmət çəkib basıb girəydi içəri, heç axırı belə olmazdı – elmimiz təhlükədə qalmazdı. Mən razılıq verməsəm, Abel müəllim o düşük sağlığı söyləməyə cürət edərdimi? Sən, əziz oxucu, nə üçün vaxtında o boş ərazidə özünə villa tikmirdin, məcbur olurdu Ramiz müəllim tiksin?
Bu cür yanaşma ilə tarixçiliyə ehtiyac yoxdur, AMEA Folklor İnstitutuna keçib qaravəlli yazmaq daha yaxşı olardı.