“Qorxursan pişikdən
Niyə çıxırsan deşikdən?”
(Azərbaycan ata sözü)
Hardasa informasiya gözümə dəydi: sən demə yayda bizim rəsmi Sosial Tədqiqatlar Mərkəzi camaat arasında sorğu keçirmişdir, “ən çox nədən qorxursunuz” sualına cavablarda “yediyimiz ərzaqların keyfiyyətsizliyindən” önə çıxıbdır. Millət nəinki özünün və arvad-uşağın xəstələnməyindən, heç COVİD-19 bəlasından da keyfiyyətsiz ərzaq qədər qorxmurmuş. Nə qədər qəribə məmləkətdir… Elə bil bütün günü dükan-bazarlarında ölü eşşək əti quzu antrikotu, əhəng qarışımı qaymaq, yapışqan-alebastr məhlulu isə xalis arı balı adıyla satılan yer bura deyildir. Axı bu işlərlə, əlləm-qəlləm və fırıldaqçılıqla bir-iki adam məşğul olmur. Sistemli şəkildə əliəyriliyə meylliyik. O qədər bu işə aludəyik ki, bizdə “əliəyri” sözü az qala adam adı kimi səslənir. Allah bilir, bəlkə kimsə uşağına bu adı qoymuşdur.
Ancaq mən bu sorğunun düzgünlüyünə o qədər inanmıram. Biz prinsipcə çox cəsur millətik, heç zaddan qorxmuruq. Dünyada bütün xalqlar qorxaqdır, bir bizdən başqa. Misal üçün, erməni qan görəndə qorxur. Ruslar Putindən qorxurlar, iranlılar molladan, gürcülər çaxır küpünün boşalmağından. Özü də qorxu psixoloji olaraq gücsüzlükdən, bilgisizlikdən qaynaqlanan haldır. Qədim insanlar ildırım çaxanda elə zənn edirdilər göydə tanrılar qılınclaşır, qorxurdular. Biz isə alimlərimizin sayəsində ildırımın Azərenerjidə iki məmurun toqquşmasından yarandığını bilirik, daha göy guruldayanda gizlənməyə siçan deşiyi axtarmırıq. Həmçinin, sabahımızdan arxayınıq, yaxşı bilirik icra hakimiyyəti büdcəni tarazlayır, polis narazıları içəri basır, deputatlar qanun yazır, pul da buruqdan bala-bala çıxır. Daha nədən qorxmalıyıq?
Bizdə məmur-xalq, dövlət-cəmiyyət münasibətləri dünyada analoqu olmayan harmoniya şəklindədir. Hazırda misal torbası rolunu hörmətli Ramiz Mehdiyev oynayır, ondan bir misal çəkim. (Uzağa gedib Eldar Mahmudovdan, Əli İnsanovdan, nə bilim, Surətdən-zaddan misal gətirərdim, ancaq niyə özümüzü yoraq? Ehtiyac yoxdur. Yaxında, əlimizin altındakı misallar yaxşıdır. Təbii, neft gəlirləri biz yazar-pozar tayfasında da ərincəklik yaradıbdır). Ramiz müəllim prezident aparatının şefi olanda xanımı Qalina Yuryevnanın adına Novxanıda 113 hektar üzüm bağı salıbmış. Kənd Təsərrüfatı Nazirliyi isə hansısa ildə bu bağın becərilməsi üçün Ramiz müəllimin ailəsinə 5650 manat yardım edibdir. İndi pis jurnalistlər bu hadisəni pisləyir, deyirlər məmurun bizneslə məşğul olması günahdır, oğul-uşağına çoxlu vəzifələr verməsi mənfi haldır, korrupsiyadır, nə bilim nədir…
Halbuki, elə o yardım Ramiz müəllimin nə qədər sadə, kasıb həyat yaşadığını göstərir. İmkanı olsa üzümlüyü öz puluyla becərərdi. Mən neçə dəfə Novxanıdan keçib dənizə üzməyə gedəndə Ramiz müəllimi ailəlikcə üzümlükdə torpağın içində eşələnən, zəhmətə qatlaşan halda görmüşəm. Biz kef eləyəndə, adam Ağadayı, Bayanşirə, Kaberne-Savinyon, Təbrizi, Pino-nuar, keçiməməsi, rikasiteli, şardone, rislinq, pislik (bunu AMEA Botanika İnstitutunda şəxsi rəhbərliyi altında hazırlamışdır) üzüm sortlarının dibini belləyir, budaqlarını sarıyır, vedrələrdə daşıyır, konteynerə yükləyirdi. Sadəcə ondan ötrü ki, Azərbaycan xalqı səhər durub yerinin içində tənbəl-tənbəl gərnəşəndən sonra üzüm yesin. Axı şair belə yazıbdır: “Hər üzümdən bir şirə çək, Səhər-səhər acqarına, Qüvvət gəlsin qollarına”. Ramiz müəllim üzümlük saxlayırdı ki, şərabçılıq inkişaf etsin, respublikamız xaricdə tanınsın. Vaxtilə bütün Rasiya bizim “Ağdam” çaxırını içirdi, indi nə olub? Ramiz müəllim məhz bu yolla ruslarla əlaqəmizi bərpa edirdi, nəticədə Qarabağ münaqişəsinin həlli yollarını və Venerada həyat izlərini arayırdı. (Belə mükəmməl əlaqələndirmələri Zahid Orucdan öyrənmişəm).
Hələ o villanın yeri… Deyir 20 hektar qabaqlar boş ərazi imiş. Boş qalanda yaxşıydı? İt-pişik, cin-şəyatin dolaşırdı. Adam orda villa tikib, pis edib? Sabah içində tarix muzeyi açarıq. Bunun nəyi korrupsiyadır? Yox, siz evdə yatın, villa tikənləri də pisləyin.